» » Hadı Rəcəbli dolana bilmir

Hadı Rəcəbli dolana bilmir

Bölmə: BLOK XƏBƏR, MANŞET
Hadı Rəcəbli dolana bilmir
Jurnalist: “Hadı Rəcəblinin ağlamağı başa düşülən deyil”
Azərbaycanda orta aylıq əməkhaqqı insanların gündəlik yaşam tələblərinə cavab vermir. Bazarlarda qiymətlər hər ay bahalaşsa da, əmək haqları 5-10 faizlə artırılır. Bir neçə gün öncə bu məsələyə toxunan deputat Hadı Rəcəbli bildirib ki, onun da aylıq əməkhaqqı tələbatlarını ödəmir: “İnsanlar çox zaman deyir ki, pensiyam mənə çatmır. Mən də sizə deyirəm ki, heç mənim aldığım maaş mənə çatmır”.

H.Rəcəbli deyib ki, maaşı orta pensiyadan 5 dəfə çox olsa da, yenə də onun tələbatını ödəmir.

Qeyd edək ki, hazırda millət vəkillərinin aylıq əməkhaqları 1950 manat təşkil edir. Əgər bu məbləğdə pul deputatın tələbatlarını ödəmirsə, o zaman aylıq əmək haqqı 400 manatı keçməyən əksər peşə sahibləri necə dolanırlar?

“Yeni Müsavat” bu sualla müxtəlif peşə sahələrində çalışan paytaxt sakinlərinə müraciət edib.

Gözəllik salonunda çalışan Gülnarə Səlimova deyir ki, 300 manat maaşla həm kirayə qalıram, həm də iki uşaq saxlayır: “Necə olur ki, biz qəpik-quruşla ailə dolandırırıq, onlar isə 2 min manat pulla maddi tələbatlarını ödəyə bilmirlər. Deməli, bir az pul görəndən sonra dəbdəbəli həyat sürmək istəyirlər və bu pul onlara bəs eləmir. Azərbaycanda ayda 1000 manat pulla normal yaşamaq mümkündür. Ancaq biz heç bunun yarısını da qazana bilmirik”.

Jurnalist Röya Rəfiyeva deyir ki, onun da aldığı maaş problemlərini həll etmək üçün yetərli deyil: “Həm də maaşım deputat Hadı Rəcəblinin maaşından bir neçə dəfə azdır. Hər maaş alanda, hər borca düşəndə düşünürəm ki, bəs minimum əməkhaqqı ilə dolanan insanlar, qohumlarım, tanışlar indi neçənci insandan borc istəməyə hazırlaşırlar. Bəs, deputat heç vətəndaşları, azından seçildiyi bölgənin insanlarını düşünürmü ki, onların aylıq maaşı nə qədərdir? Ümumiyyətlə, bu Hadı Rəcəblinin ağlamağı başa düşülən deyil, onun bir neçə villasının, onlarla dükanlarının, obyektlərinin olması barədə dəfələrlə məlumatlar, iddialar səslənib. O, niyə ağlayır ki? Həm də onun maaşı minimum əməkhaqqından, hətta orta aylıq əməkhaqqından dəfələrlə yüksəkdir. Deputat gərək hərdən xalq üçün də ağlasın...”

Kiçik sahibkar Şahin Məmmədov ayda qazandığı 500 manat maaşla ailəsini normal dolandırdığını deyir: “Mən təxminən aya 500-600 manat qazanıram. Normal dolanırıq. Ancaq bəzən daha böyük məbləğ tələb oluna bilər. Məsələn, bir ailə üzvün xəstələnir və əməliyyat üçün 10 min manat lazımdırsa, təbii ki, aldığımız maaş buna yetməyəcək. Ola bilər ki, millət vəkilinin daha çox ehtiyacları var, biz onu deyə bilmərik. Ancaq normal həyat üçün 2000 manat yetərlidir, hətta artıqdır”.

Taksi sürücüsü Bəyəndik Yolçuyev deyir ki, insanların maddi vəziyyəti o qədər ağırdır ki, taksiyə verməyə heç kimin pulu yoxdur: “Yanacağa sərf etdiyim pulu hesablamasaq, aylıq 300 manat gəlirim olur. Onunla necə ailə saxlamaq olar? Bəzi qidalar var ki, onların üzünə həsrətik. Ayda iki dənə toy dəvətnaməsi gəlsə, bir aylıq maaşımız ona gedir. Bəs ailə acından ölməlidir? ”

62 yaşlı pensiyaçı Roza Kərimova da aldığı təqaüdün onun tələbatları üçün yetərsiz olduğunu deyir: “Yoldaşım rəhmətə gedib, ailəni mən dolandırıram. Başsız qadın üçün bunun nə qədər çətin olduğunu təsəvvür edirsiniz yəqin ki... Evin kirayə haqqı, kommunal xərclər, ərzaq, geyim və sair. Hələ xeyir-şər məclislərini də əlavə etsək, mənim hər ay aldığım 130 manat pensiya bunun yarısını belə ödəmir. Məcburam ki, bu yaşımda haradasa xadimə işləyim. İndi iş axtarıram. Borcum-xərcim başdan aşır.”
Makler Həsənağa Alcanov da aylıq əməkhaqqı ilə dolanmağa çətinlik çəkənlər sırasındadır: “Əvvəllər Keşlə maşınqayırma zavodunda işləyirdim, orada travma almışam, indi əlilliyə görə 125 manat alıram. İki aydır maklerliyə başlamışam. 180 manat ofisin icarəsinə verirəm. Ayda 100 manat qazana bilmirəm. Ailəmiz 3 nəfərdir, onları güclə dolandırıram. Adicə ət alıb yeyə bilmirik. İndi insanların əksəriyyəti belə yaşayır. Çox güclü təbəqələşmə gedir. Kimi 100-150 min manatlıq maşın sürür, kimisi 10 manat tapıb evinə ət ala bilmir”.

Orta məktəb müəlliməsi Almaz Salamova ayda 180 manat maaş alır. Deyir ki, məhəllədəki bütün dükanlara borcu var: “Aldığım maaş heç gündəlik ərzaq almağa kifayət etmir. Bütün dükanlara borcumuz var. Ayın sonunu gözləyirik ki, maaşı alaq və borcumuzu ödəyək. Sonra yenidən növbəti aya kimi başlayırıq nisyə ərzaq almağa. İnsan öz həyatından, yaşayışından bezir. Bir tikə çörək almaq üçün nə qədər utanıb-qızarmaq olar. Bəzən yola çıxmağa 20 qəpik tapa bilmirik. Minlərlə manat maaş alanlar da şikayət etsin, biz də...”

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,1 faiz artaraq 440 manat təşkil edib.

Sənaye, tikinti, nəqliyyat və s. sahələrdə işləyənlərin əməkhaqqı isə yanvar-iyul ayları ərzində 704 manat, tikinti kompleksində işləyənlərin əməkhaqqı 625 manat, nəqliyyat sahəsində işləyənlərin orta aylıq əməkhaqqı 545 manat, informasiya və rabitə sektorunda isə 726 manat təşkil edib.

Əməkhaqqı neft sektorunda 1756 manat, qeyri-neft sektorunda 407 manat, dövlət bölməsində 356 manat, özəl bölmədə 565 manat təşkil edib.

Millət vəkili Hadı Rəcəblinin də dediyi kimi, yuxarıda adını çəkdiyim peşə sahiblərindən əksəriyyəti aldıqları maaşla nəinki sosial-mədəni tələbatlarını, gündəlik çörək pullarını belə çatdıra bilmirlər. musanat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler