» » “Səni axtarıram”a baxarkən dünyasını dəyişənin hekayəsi aranı qatdı

“Səni axtarıram”a baxarkən dünyasını dəyişənin hekayəsi aranı qatdı

Bölmə: BLOK XƏBƏR
“Səni axtarıram”a baxarkən dünyasını dəyişənin hekayəsi aranı qatdı
Xoşqədəm Hidayətqızı: “Bu cür informasiyanın yayılması o ailəyə hörmətsizlikdir”; Sevinc Telmanqızı: “Jurnalistin bütün xəbərlərin arxasınca düşüb, onu aydınlaşdırma haqqı var”
Arif Əliyev: “İstənilən doğru fakt bütün mülahizələrə haqq qazandırır”

Teleaparıcı Xoşqədəm Hidayətqızı “Səni axtarıram”ı izləyərkən vəfat edən Yusif Əhmədovla bağlı yayılan məlumatlara münasibət bildirib. Xatırladaq ki, “Yeni Müsavat” qəzetinin əməkdaşı 18 sentyabr tarixli sayda Bakıda məskunlaşan Füzuli sakini Y.Əhmədovun ölümü ilə bağlı reportaj hazırlamış, mərhumun yaxınları ilə bu barədə söhbətləşmişdi. Yaxınları bildirmişdi ki, Əhmədov ürək tutmasından dünyasını dəyişib və onların nəslində ürək xəstəliyi genetikdir.

Yazı ilə bağlı qafqazinfo-ya açıqlamasında xanım aparıcı 68 yaşlı kişinin ölümünə “Səni axtarıram” verilişinin səbəb olmadığını bildirib: “Çox təəssüf edirəm ki, bu cür şayiələr yayırlar. ”Səni axtarıram" verilişi çox populyar və baxımlıdır. Bəziləri dostcasına, bəziləri bilərəkdən bu cür şayiələr yayır. Rəhmətə gedən kişinin ailəsi də deyib ki, bu ölümün mənim verilişimlə əlaqəsi yoxdur və təsadüfdür. Ömrü verən Allahdır. İstənilən vaxt, istənilən yerdə, istənilən an Allah canımızı alacaqsa, bunun kiməsə aidiyyəti yoxdur. Eşidəndə, biləndə ki, bu cür şayiələr, ürəkbulandırıcı informasiyalar yayılıb, həmin ailənin yerinə üzüldüm. İnsanlar yaxınını, doğmasını itiriblər, bu cür informasiyanın yayılması isə o ailəyə hörmətsizlikdir.

“Səni axtarıram” verilişi insanlara ancaq sevinc bəxş edir, uzun illər gözü yolda qalan insanların gözlərini yollardan yığır. Verilişdə hüzn də, kədər də ola bilər, amma sonda sevinc bəxş edir. Söz də tapa bilmirəm. Yol, sərhəd, səhər-axşam bilmədən çalışdığımız məqamda belə informasiya yalan da olsa, bizi kədərləndirir. İstəyərəkdən və ya istəməyərəkdən yalan informasiyanı tamaşaçıya, oxucuya təqdim etməyin məqsədi nədir? Bunu anlaya bilmirəm. Allah hər kəsə hidayət etsin, ümid yeri kimi “Səni axtarıram”a baxan insanlara yardımçı olsun. Allaha bizə güc, qüvvət versin ki, peşəkarcasına o insanların axtarışlarını davam etdirək".
“Səni axtarıram”a baxarkən dünyasını dəyişənin hekayəsi aranı qatdı
Yazının müəllifi Sevinc Telmanqızı isə bildirir ki, bu reportajda X.Hidayətqızını incidəcək, onun verilişinə xələl gətirəcək heç bir məqam yoxdur. Müsahibimizin sözlərinə görə, ortada aparıcının iddia etdiyi kimi şayiə də yoxdur: “Biz fakt əsasında hərəkət etmişik. Bütün qəsəbənin danışdığı bir hadisənin izinə düşmüşük. Bizə deyilib ki, bir nəfər ”Səni axtarıram"a baxanda dünyasını dəyişib. Biz də gedib maraqlanmışıq. Hamı da bunu təsdiqləyib ki, ölüm anı verilişə baxarkən baş verib. Amma ailə üzvləri onun ölümünə ürək xəstəliyinin səbəb olduğunu deyib. Yəni burda yayılmış bir şayiə və onun əsasında aydınlaşdırılma var. Qara “piardan”, hansısa verilişi qaralamadan söhbət gedə bilməz. Jurnalistin bütün xəbərlərin arxasınca düşüb, onu aydınlaşdırma haqqı var. Yazıda balans qorunub, heç kəsə qarşı qərəz yoxdur. Yeri gəlmişkən, biz bu reportajla bağlı Xoşqədəm Hidayətqızından müsahibə almağa cəhd etsək də, o, bizimlə danışmadı. Hesab edək ki, bu da onun seçim hüququdur".

Media ekspertlərinin də olayla bağlı baxışı maraqlıdır. “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev hesab edir ki, jurnalistikada heç bir mövzuya qadağa qoymaq olmaz: “Əgər fakt özü baş veribsə, bu mövzu araşdırılmalı, işlənilməlidir. Mülahizələrdə yanlışlıq ola bilər. Əsas odur ki, faktın özündə yanlışlıq yoxdur. Amma sözügedən yazıya, onun müəllifinə qarşı konkret ittiham irəli sürmək üçün birbaşa əsas görmürəm. Birincisi, bunun üçün yazının özünü oxumaq lazımdır. İkincisi, ittiham o zaman əsaslı ola bilər ki, fakt özü yanlış olsun.

Burda ittiham üçün əsas görmürəm. Jurnalistə deyə bilərlər ki, sən səhv düşünürsən. Amma ona demək olmaz ki, sən niyə bu mövzunun arxasınca düşüb onunla maraqlanmısan".

A.Əliyev dedi ki, əgər reportajda mövqelər arasında balans saxlanıbsa, orada qara “piar” yoxdur. Onun sözlərinə görə, qara “piar” bir istiqamətdə kimlərisə qaralamaqdır: “Avropa Məhkəməsində də buna bənzər işlər olub. Orda da nəticə hər zaman belə olub ki, istənilən doğru fakt bütün mülahizələrə haqq qazandırır. Hətta o mülahizələrdə insanları şoka salan fikirlər olsa da”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler