» » Tanınmış iş adamı taksi sürücüsünü döydürdü-

Tanınmış iş adamı taksi sürücüsünü döydürdü- İddia+Fotolar

Bölmə: BLOK XƏBƏR
Tanınmış iş adamı taksi sürücüsünü döydürdü-
Hafiz Məmmədovun cangüdənləri olduğu təxmin edilən bir qrup idmançı taksi sürücüsünü oğurlayıb


“Hafka” kimi tanınan oliqarx, nəqliyyat naziri Ziya Məmmədovun keçmiş biznes ortağı Hafiz Məmmədovun cangüdənləri olduğu təxmin edilən bir qrup idmançı cüssəli şəxs taksi sürücüsünü oğurlayaraq ona səhərə qədər işgəncə verib.

“Xalqinfo” xəbər verir ki, bu məlumatı virtualaz.org saytına zərərçəkmişin yaxınları veriblər.

Məlumatda bildirilir ki, taksi sürücüsü, 1967-ci il təvəllüdlü Fərhad Əliyev avqustun 24-də axşam saatlarında tanımadığı şəxslər tərəfindən qaçırılıb. O, idarə etdiyi “BMW” markalı, 10 MR 051 dövlət nömrə nişanlı maşınından düşürülərək başqa maşına mindirilib və naməlum istiqamətə aparılıb. Səhər saatlarına qədər isə vəhşicəsinə döyülüb.

Buzovnada Əfəndiyev küçəsi, dalan 1, ev 3 ünvanında yaşayan Fərhad Əliyev hazırda 1 saylı Klinik Xəstəxanada (keçmiş “Semaşko”) müalicə alır.
Tanınmış iş adamı taksi sürücüsünü döydürdü-
Virtualaz.org saytının müxbiri bu hadisəni araşdırmaq və döyülən taksi sürücüsü ilə görüşmək üçün xəstəxanada olub.

Özü taksi sürücüsü, həyat yoldaşı isə müəllimə olan F.Əliyev virtualaz.org saytına açıqlamasında hadisənin hansı səbəbdən baş verdiyini anlaya bilmədiyini, bu günədək heç kimlə ədavət və ya probleminin olmadığını dedi.

Zərərçəkmiş F.Əliyev hadisəni belə nəql edir: “Hər gün həyat yoldaşımı gətirmək üçün Binəqədiyə gedirdim. Elə həmin gün - avqustun 24-də də həyat yoldaşımı gətirmək üçün Binəqədiyə gedəndə arxadan “Nissan” markalı maşının məni izlədiyini və sıxışdırdığını gördüm. Maşının nömrəsinin yalnız son rəqəmlərini xatırlayıram - 491 idi. Mən onlara yol versəm də keçmədilər. Sıxışdırmağa başladılar. Məcbur qalıb dalanların birinə girdim. Maşını saxladılar. İki nəfər idilər. Maşından düşəndə mənə bıçaq çəkib öz maşınlarına mindirdilər. Dərhal mənə zərbə endirməyə başladılar, vurub qaşımı partlatdılar. Başıma torba keçirib apardılar”.

F.Əliyev deyir ki, hücum edən şəxslər onu tanımadığı qaranlıq bir yerə aparıblar. Ora daha 5 nəfər gəlib və onu vəhşicəsinə döyməyə başlayıblar.
Tanınmış iş adamı taksi sürücüsünü döydürdü-
Taksi sürücüsünün danışdıqlarından: “Hər tərəf qaranlıq idi. Sonra məni döşəməsi kafellə döşənmiş bir otağa gətirdilər. İçəridə şkaflar var idi. Məni soyundurub arxadan əllərimi bağladılar, yerə oturtdular. Başladılar döyməyə. Biri sağ çiynimdə, o biri də sol çiynimdə oturmuşdu. Hərəkət edə bilmirdim. Məni beysbol dəyənəyi ilə döyürdülər. Dizlərimə, ayaqlarımın altına, bədənimin bütün nahiyələrinə zərbələr endirirdilər. Sifətimdə salamat yer qalmamışdı. Hər iki qaşım, burnum, başımın bir neçə yeri zərbələrdən partlamışdı. Ağzıma o qədər su tökdülər ki, az qala boğulacaqdım. Elə məqsədləri də bu idi. Məni dilə gətirilməsi mümkün olmayan söyüşlərlə təhqir edirdilər. Bir-birlərinə “Emil”, “Əli”, “Ramal”, bir də “Mıkı” deyə müraciət edirdilər”.

Zərərçəkmişin dediyinə görə, onu döyənlərin öz aralarındakı danışıqlarından belə başa düşmək olurdu ki, həmin şəxslər “Hafka”nın mühafizəçiləridir.

F.Əliyev deyir ki, onu döyənlər hamısı idmançı cüssəli idilər və döyülmə, işgəncə səhnəsini mobil telefona çəkirdilər. Zərərçəkmişin dediyinə görə, həmin şəxslərin ondan konkret nə istədiklərini dərk edə bilməyib.
Tanınmış iş adamı taksi sürücüsünü döydürdü-
Deyirdilər ki, hər şeyi boynuna al və bizim dediklərimizi təkrar elə. Əvvəlcə nə dediklərini anlamırdım. Vəhşicəsinə döyürdülər, söyürdülər. Ağ köynəkli, cins şalvar geyinən biri başıma silah dirədi. Etiraz etməyə cəhd edən kimi yenidən başlayırdılar döyməyə. Sonda məcbur qalıb dedim ki, nə istəsəniz deyəcəyəm, amma məni döyməyin. Bütün bunları telefona çəkirdilər. Nə dedilərsə, təkrar elədim. Vallah, söhbətin nədən getdiyini dərk edə bilmirdim. İndi də bilmirəm. O qədər döydülər ki, işgəncəyə dözməyib dediklərini təkrar etməyə məcbur oldum. Onların söylədiklərini düzgün təkrar etməyəndə yenə döyürdülər. Gah dedilər boynuna al ki, sən hansısa bağlamaları götürüb nömrəsinin sonu 826 olan “Hyundai” markalı avtomobilin arxasınca düşmüsən. Gah da deyirdilər ki, guya mənə hansısa çanta veriblər və onu harasa aparmışam. Məncə, onlar məni kiminləsə səhv salıblar və ya istədiklərini mənim boynuma qoymaqla onlara verilmiş sifarişi yerinə yetirdiklərini göstərmək istəyirdilər”.

İşgəncələrə məruz qalan, söyülən, təhqir edilən F.Əliyev başına gələnləri xatırlayarkən dəhşətə gəldiyini, bu hadisənin səbəbini hələ də dərk edə bilmədiyini söylədi: “Axı mən onlara nə edə bilərdim? Onlarla nə əlaqəm ola bilər? İndiyə qədər sürücülük etmişəm. Məktəbə uşaq aparıb-gətirmişəm. Buzovnada qalırıq. Yerli camaatı şəhərə aparıb-gətirirəm. Müştərilərimin də əksəriyyətini tanıyıram. Heç yatsam yuxuma da girməz ki, bu insanlarla nə vaxtsa rastlaşaram. Mən kim, onlar kim?!”
Tanınmış iş adamı taksi sürücüsünü döydürdü-
F.Əliyev döyüləndən və onların dediklərini təkrar edəndən sonra başına maska keçirilərək Məhəmmədi kəndi yaxınlığında çöllük bir əraziyə atılıb. F.Əliyev atıldığı yerdə insanlardan yardım istəsə də ona kömək edən olmayıb. Kənd sakinlərindən nə qədər xahiş etsə də nə polis, nə də təcili yardım çağıran olmayıb.

F.Əliyev deyir ki, sürünə-sürünə avtobus dayanacağına gəlib çıxıb. Oradan avtobusla “Koroğlu” metrosuna gəlib. Metronun yaxınlığında dayanan takislərdən birinə minərək Binəqədiyə, həyat yoldaşının xalasıgilə gedib: “Taksi sürücüsünə yalvardım ki, məni evə aparsın. Binəqədiyə gedərkən həyat yoldaşım və qohumlarım məni görüb dəhşətə gəldilər. Təcili tibbi yardım çağırdılar. Sonra xəstəxanaya getdik. Polisə də məlumat verdik. Başıma gələnləri polisə olduğu kimi danışdım. Hadisənin necə baş verməsi, onların məni necə oğurlaması kameralar tərəfindən də lentə alınıb”.

Binəqədi Rayon Polis İdarəsi 6-cı polis bölməsinin əməkdaşları F.Əliyevdən izahat alandan sonra onu təqib edən maşının sahibinin kimliyini müəyyənləşdirə biliblər. F.Əliyevin sözlərinə görə, yenidən xəstəxanaya gələn polislər ona bir nəfərin şəklini göstərib, onu təqib edən “Nissan” markalı maşının sahibi olduğunu deyiblər: “Göstərdikləri şəkildəki şəxs məni təqib edən maşının sahibi idi. Ancaq həmin gecə maşını o sürmürdü. Həmin şəkildə olan keçəl, idmançı görünüşlü şəxs məni döyənlərin başçısı idi. Polislər dedi ki, axtarışlarımız davam edir, onlar mütəşəkkil qruplaşmadır, hamısını tapacağıq”.həyat yoldaşı Yeganə Əliyeva isə baş verənlər haqda danışarkən bunları dedi: “Fərhad məni hər gün xalamgildən gətirirdi. Həmin gün nə qədər gözləsək də gəlmədi. Polisə zəng etmək istədim. Xalamgil dedi ki, narahat olma, səbrli ol, gözlə. Səhərə qədər zəng elədim, telefonu açmadı. Avqustun 25-də səhər saat 8 radələrində qapı döyüldü. Fərhadı tanınmaz hala salmışdılar. Dəhşətə gəldik. Heç gözləmədiyimiz bir hadisə idi. Polisə və təcili yardıma xəbər verdik”.

Yeganə Əliyeva yaşayışlarının, imkanlarının göz qabağında olduğunu, bu günədək heç kimlə problemlərinin, intriqalarının, söz-söhbətlərinin olmadığını söylədi. Fərhad və Yeganə Əliyevlərin övladları da yoxdur.

Y.Əliyeva bildirdi ki, Buzovnada özlərinə məxsus kiçik bir evdə yaşayırlar. Övladlarının olması üçün müalicə olunduqlarını, ötən il ölkənin birinci xanımı Mehriban Əliyevanın da onlara yardım etdiyini söylədi: “Biz kasıb ailəyik. Heç kimlə işimiz yoxdur. Övladımız da olmur. Ötən il birinci xanımımız Mehriban Əliyeva da mənim müalicə almağıma şərait yaratdı”.

F.Əliyev deyir ki, onu döyənlər həm də “işgüzar təklif” veriblər. Deyiblər ki, biz dediklərimizi boynuna alsan və polisə şikayət etməsən, heç bir problemin olmayacaq, üstəlik sənə pul da veriləcək.qafqazinfo

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler