» » Əliyev ölümündən bir gün qabaq Şevardnadzeyə nə deyib?

Əliyev ölümündən bir gün qabaq Şevardnadzeyə nə deyib?

Bölmə: BLOK XƏBƏR
Əliyev ölümündən bir gün qabaq Şevardnadzeyə nə deyib?
“Məxməri”yə nifrət edən eks-prezidentin həyatı

86 yaşlı Eduard Şevardnadze vəfat etdi. Keçmiş SSRİ-nin, eləcə də Cənubi Qafqazın ən önəmli siyasətçilərindən olan Şevardnadze bu gün həyata göz yumdu.

"Publika.az" Gürcüstanın ikinci prezidenti Eduard Şevardnadzenin siyasi həyatını təqdim edir.


Şevardnadze 1928-ci ildə soyuq yanvar ayının 25-də dünyaya gəlib. İlk təhsili Tiflis Tibb Texnikumunda alıb, daha sonra 1959-cu ildə A.Sulukidze adına Kutaisi pedaqoji institutunu bitirib.

1946-cı ildən komsomol və partiya işində çalışır. 1961-ci ildən 1964-cü ilədək Mtshetada Gürcüstan Kommunist Partiyasının rayon şöbəsində birinci katib, sonra Tiflis rayon komitəsinin birinci katibi, 1964-cü ildən 1972-ci ilədək ictimai asayişin mühafizəsi nazirinin birinci müavini vəzifəsində işləyib. Daha sonra Gürcüstanın Daxili İşlər naziri olub. 1972-ci ildən 1985-ci ilədək Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışıb.

1985-ci ildən 1990-cı ilədək - SSRİ-nin süqutunadək İttifaqın Xarici İşlər naziri vəzifəsində çalışıb. Həmçinin Siyasi Büronun üzvü olub.

1990-cı ilin dekabrında diktaturaya qarşı etiraz əlaməti olaraq istefaya gedib. Həmin il Kommunist Partiyasından da çıxıb. 1991-ci ilin noyabrında Qorbaçovun dəvəti ilə yenidən SSRİ-nin Xarici İşlər naziri postuna qayıdıb. May ayında İttifaqın dağılmasından sonra bu vəzifə də ləğv edilib.

1991-ci ilin dekabrı - 1992-ci ilin yanvarında Şevardnadze Gürcüstanda hərbi çevrilişin əsas müəllifi idi. O, Zviad Qamsaxurdianın yerinə gəldi və faktiki olaraq vətəndaş müharibəsini dayandırdı.

1992-ci ildən 1995-ci ilədək Gürcüstan Dövlət Şurasının və parlamentin sədri oldu. 1995-ci ildə Gürcüstanın prezidenti seçildi.

2003-cü ilə - “qızılgül inqilabı”na qədər prezident vəzifəsini daşıdı. Şevardnadze 2000-ci ildə keçirilən prezident seçkilərində ikinci dəfə qalib gəlmişdi. Lakin ikinci müddətlik prezidentliyini sonadək davam etdirə bilmədi.

2003-cü il noyabrın 2-də keçirilən parlament seçkilərində müxalifət küçələrə çıxdı və “məxməri inqilab” baş verdi. Seçki günündən 21 gün sonra, noyabrın 23-də Şevardnadze istefaya getdi və yerini Saakaşviliyə verdi.

Daha sonra o, Saakaşviliyə görə gürcülərdən üzr istəyəcəkdi:

“Onda mənim vaxtından əvvəl istefaya getməkdən başqa seçimim yox idi, amma mən hakimiyyəti Mixail Saakaşviliyə verdiyimə görə çox peşmanam və buna görə Gürcüstan xalqından üzr istəməyə hazıram. Öz səhvimi boynuma alıram və xalqdan üzr istəyirəm”.

Qeyd edək ki, Şevardnadzenin Heydər Əliyevlə yaxın dostluğu olub. SSRİ-nin zamanından qurulan bu dostluq sonrakı dövrdə Azərbaycan və Gürcüstan arasında yaxınlığa da gətirib çıxardı.

O, Heydər Əliyevlə bağlı xatirələrində deyirdi: “Onun haqqında danışacaqlarımdan böyük kitab yazmaq olar. Belə alındı ki, Heydər Əliyev məndən üç il tez Mərkəzi Komitənin katibi oldu. Bir yerdə işləyirdik, dost olmuşduq. Qəfildən Heydər Əliyevi Siyasi Büronun üzvü və Baş nazirin birinci müavini kimi Moskvaya köçürdülər. O vaxtlar Baş nazir Tixonov idi. Qorbaçov hakimiyyətə gələndən bir müddət sonra məni də Moskvaya dəvət etdilər. Xəbərdarlıqsız məni də Siyasi Büronun üzvü və Xarici İşlər naziri təyin etdilər. Heydər Əliyev məndən qabaq Siyasi Büronun üzvü seçilmişdi. Son 20 ildən çox Sovet Sosialist Respublikaları İttifaqının Xarici İşlər naziri Andrey Andreyeviç Qromıko idi. Çox istedadlı alim idi. Düzdür, diplomatik işdə çox fəal deyildi, amma Sovetlərin əsl diplomatiya məktəbini yaratmışdı. O özü bunu akademiya adlandırırdı. İlham Əliyev də həmin akademiyanın məzunu olmuşdu. Ondan sonra mənim rəhbərliyim altında SSRİ Xarici İşlər Nazirliyində işləyir və Amerika istiqamətində çalışırdı.


Heydər Əliyevlə bizim münasibətlərimiz mən Moskvaya gələndən sonra da davam etdi, daha da dərinləşdi. Lakin Heydər Əliyev artıq Qorbaçovun rəhbərliyi altında əvvəlki kimi həvəslə işləmirdi. Onların arasında nə isə baş vermişdi, mən bunu dəqiq xatırlamıram və sözün düzü, Heydər Əliyevlə rəhbərlik arasında olan bu məsələylə maraqlanmırdım. Amma bir əməkdaş, Siyasi Büronun üzvü kimi o, böyük işlər görür və böyük məsələləri həll edirdi. Əsasən, Heydər Əliyev ərəb ölkələri və islam dünyası ilə münasibətləri kurasiya edirdi. Bütün bu işləri yüksək peşəkarlıqla yerinə yetirirdi. Günlərin bir günü o mənimlə görüşdü və dedi ki, mən Azərbaycana qayıtmalıyam. Soruşdum ki, axı nə baş verib? Cavabı belə oldu ki, vaxt gələr, deyərəm, indi vaxtı deyil. Və o öz vətəninə, Naxçıvana qayıtdı. Əvvəlcə bu muxtar vilayətin rəhbəri, sonra Milli Məclisin sədri oldu, ardınca da Azərbaycanın prezidenti seçildi”.


Heydər Əliyevin sonuncu dəfə Şevardnadzeyə dedikləri də maraqlıdır. Bu barədə də gürcü eks-prezident sağlığında özü danışıb:

“Onu Türkiyəyə müalicəyə göndərdilər. İki həftə orda qalandan sonra türkiyəli həkimlər məsləhət gördülər ki, Əliyevi Amerika Birləşmiş Ştatlarına aparsınlar. Orda böyük bir klinika vardı. Beləliklə, onu Amerikaya apardılar, iki-üç gündən sonra biz onunla əlaqə saxladıq. Həmişəki Heydər idi. Ondan sonra da 4-5 dəfə əlaqə saxladıq. Amma bu, artıq həmişəki Heydər deyildi. Hiss edirdim ki, hər dəfə onun səsi daha da zəifləyir, vəziyyəti pisləşirdi. Sonuncu danışığımız heç vaxt yadımdan çıxmaz. O, çox çətinliklə danışırdı. Dedi ki, Eduard, bizim xalqlarımız arasında dostluğu qoruyub saxlamağa çalış. Bu, mənim üçün bir vəsiyyət idi.

Başqa bir gün zəng elədim, o, artıq vəfat etmişdi”.

Artıq iki dostun heç biri həyatda yoxdur. Qəbirləri nurla dolsun.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler