» » Rayonda bazar davası

Rayonda bazar davası

Bölmə: BLOK XƏBƏR
Rayonda bazar davası
İyunun 10-da İsmayıllı rayon məhkəməsində hakimAzad Əliyevin sədrliyi ilə əşya bazarının sahibinin iddiasına baxılıb. «Axar 2011 MMC»nin təsisçisi, İsmayıllı əşya bazarının müdiri Aslan Məmmədov mülkiyyəti kimi rəsmən tanınan bazarda sahibkarlıq edən, amma icarə haqqını verməyən 4 sahibkara qarşı iddia qaldırıb.


“Xalqinfo” azadlıq.org-a istinadən xəbər verir ki, Aslan Məmmədov məhkəmədə çıxışı zamanı deyib ki, həmin sahibkarlardan icarə haqqını ala bilmədiyindən məhkəməyə müraciət etməyə məcbur qalıb:

«Möhtərəm hakim, bu sahibkarlar nə bizimlə müqavilə bağlayırlar, nə də aylıq icarə haqqını ödəməyə razılaşırlar. Hansı sahibkar icarə haqqını ödəyib, onlara tərəfimizdən qəbzlər verilib. Bazarı bankdan götürdüyümüz kreditlə əsaslı təmir edib, sahibkarların istifadəsinə vermişik. Biz bazarda çalışan sahibkarların ancaq müqavilənin şərtlərinə əməl etmələrini istəyirik. Onlarla apardığımız danışıqlar nəticə vermir, biz də bu məsələnin məhkəmə qaydasında həllini düşündük».

Cavabdehlərdən sahibkar Azər Bədəlov məhkəmə çıxışında A. Məmmədovun dedikləri ilə razılaşmayıb: «Əvvəllər işlədiyim dükan əlimdən alındığından mən başqasına məxsus yerdə işləyirəm. Ötən ay mayın 1-də müqavilənin ləğvini istədim və müqavilə ləğv olundu. Bu yer mənim yerim deyilsə, biz niyə icarə haqqı ödəməliyik? Bazarı bankdan götürülən kreditlə təmir etdiyinizi bildirirsiz, amma bazarı təmir adı ilə götürdüyünüz güzəştli kreditlə təmir yox, özünüzə bahalı avtomobil və ev almısız. Əvəzində bazarda işləyənlərdən 3-8 min aldığınız pulla təmir işləri görülüb. Mənim qanuni dükanımı başqasına satıb, məni də bazardan çıxarmaq istəyirsiz».

Azər Bədəlov sonda üzünü hakimə tutub, işə ədalətli baxılmasını xahiş edib.

Digər cavabdeh, sahibkar Nahid Mirzəliyev 10 manata görə Aslan Məmmədovun məhkəməyə müraciət etməsindən təəssüflənib.

Məhkəmədə çıxış edən digər cavabdehlər də A. Məmmədovun iddialarını əsassız və yalan adlandırıblar. Bir çox hallarda yer haqlarına görə qəbz verilmədiyini bildiriblər.

Hakim Azad Əliyev hər iki tərəfin çıxışlarını dinlədikdən sonra problemi öz aralarında həll etməyi və razılığa gəlməyi təklif edib. Həm iddiaçı, həm də cavabdeh tərəfin prosedur qaydalarını pozduğuna görə vəziyyətin bu cür dalana dirəndiyini bildirib.

Proses iyulun 7-də davam edəcək.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler