» » “Dördüncü arvadım məndən 30 yaş kiçikdir” -

“Dördüncü arvadım məndən 30 yaş kiçikdir” - Xalq artisti

Bölmə: BLOK XƏBƏR
“Dördüncü arvadım məndən 30 yaş kiçikdir” -
“Hətta bir qızı bizim milis postundan ruhi xəstəxanaya göndərmişdilər. Gəlib televiziyanın önündə gecələyirdi, məni gözləyirdi. Mən o biri qapıdan çıxıb gedirdim, çünki qız həqiqətən havalanmışdı”
“Xalqinfo” “Media forum” saytına istinadən xalq artisti, məşhur diktor Rafiq Hüseynovla müsahibənin davamını təqdim edir.

- Rafiq müəllim, sizin sevgi hekayətləriniz barədə müxtəlif əfsanələr danışılır. Gənc yaşlarınızda televiziyada diktor olanda çoxmu sevgi məktubları alırdınız?

- Bunu mənim deməyim təvazökarlıqdan uzaq olar axı. Necə deyim ki, məktublar, zənglər dəhşətli dərəcədə çox idi. Onu da deyim ki, mən bir dəfə də zənglə, məktubla görüşə çıxmamışam. İstər-istəməz ekranda çıxış edirsənsə, xanımlar, qızlar sənə aşiq olurdu, filmdə olduğu kimi. Axı biz gündə efirə çıxırdıq, çağırılmamış qonaq idik. Hətta bir qızı bizim milis postundan ruhi xəstəxanaya göndərmişdilər. Gəlib televiziyanın önündə gecələyirdi, məni gözləyirdi. Mən o biri qapıdan çıxıb gedirdim, çünki qız həqiqətən havalanmışdı. Heç üz-üzə gəlmədik.

- Bəs axı deyirlər sevgiyə cavab vermək lazımdır?

- Hamıya cavab versəm halım necə olardı? O məktublara necə cavab verəsən?! Yazırdılar ki, mütləq mənim olacaqsan, səni qoymayacağam kiminləsə yaşayasan...

- Daha nələr yazırdılar?

- (gülür) Yox, mənə əsasən sosial problemlərdən yazırdılar. Çünki o dövrdə hesab edirdilər ki, televiziyaya çıxan adam hər şeyə qadirdir. Bir kişi oğlunu rayondan gətirmişdi ki, xəstədir, deyirlər müalicəsi ancaq İspaniyada mümkündür, bir zəng elə İspaniyaya, səni bütün dünya tanıyır. Deyirəm, ay kişi, dünya deyil, Azərbaycan, uzaq başı Sovet İttifaqı tanıyar, ondan o tərəfə mən çıxmıram.

- Söhbətin axarını dəyişməyək, söhbət sevgi məktublarından gedirdi...

- Hə, məhəbbət məktublarını mən maraqla oxuyurdum, çünki istər-istəməz xoşum gəlirdi də, mənə aşiq olurlar, nəyi pisdir ki...

- İstedadlı yazanlar vardımı?

- Bir müddət məktublardan seçmələri, mənə təsir edənlərin bir qismini arxivimdə saxlamışdım. Amma bu axırlarda məhv etdim. Bir dəfə qızım və yoldaşımla “Makdonalds”a getdik. Balaca uşaqlı, yaşlı bir qadın gəldi. Mən tanımırdım, o isə bilirdi ki, yanımdakı qızımdır. Soruşdum nəvənizdir, dedi yox, qızımdır. Bəs niyə bu qədər gec ailə həyatı qurmusunuz? Dedi səni gözləyirdim. Çox təsirli oldu, təsadüfi qarşılaşdıq, bir masada oturduq və həyat yoldaşımın yanında keçdi “sən” deyə müraciət etməyə.

- Yoldaşınızın reaksiyası necə oldu?

- Normal, mənim yoldaşımdırsa, bilməlidir ki, populyar adamların həyatında nə istəsən ola bilər.

- Məktubların hamısını oxuyurdunuz?

- Mütləq oxuyurdum. Hətta sevgi məktubları istisna olmaqla bəzilərinə cavab da yazırdım.

- Rəhbərliyin münasibəti olurdumu məktublara?

- Yox, rəhbərliyin nə xəbəri, məktub gəlirdi, gətirirdilər otağıma. Rəhbərlikdən də şikayət vardı məktublarda. Onlar məni rəhbər hesab edirdilər, yazırdılar bu nə verilişdir hazırlayırsınız. Cavab yazırdım ki, bunu mən hazırlamıram, televiziyanın öz rəhbərliyi, öz siyasəti var, onlar cavabdehdir. Onlara da deyə bilməzdim ki, sizdən mənə belə şikayətlər gəlir.

- Başqalarına belə sevgi, ya sosial yönümlü məktublar gəlirdimi?

- Gəlirdi, amma daha çox mən alırdım.

- O məktubları nə zaman oxumağı xoşlayırdınız?

- Ancaq işdə. Bu, işimin bir qolu idi. Məktublar vardı, ruhlandırırdı, düşünməyə vadar edirdi, insana necə kömək edim. Bir dəfə biri əlində iki qalın dəftər otağıma gəldi, bir buna baxın, şeirlər yazmışam. Düşündüm ki, efirə çıxıb şeirlərini oxumaq istəyir. Soruşdum sizə nə etməliyəm? Dedi evi qarət etmək üstündə 15 il həbsxanada yatıb çıxmışam. İndi həyatımı dəyişmək, pul qazanmaq, evlənmək istəyirəm, mənə kömək edin, hara gedirəm, deyirlər həbsdə yatmısan, elə iş verirlər, özümə sığışdırmıram.

Çox müraciət etdim dostlarıma, tanışlara, heç olmasa, fəhlə kimi götürün, bəziləri ilə küsdüm, iradlarımı bildirdim ki, insan taleyinə belə yanaşmaq olmaz. Bir gün yaşadığım yerdə, səkkizinci kilometr deyilən ərazidə mənzil istismar idarəsinə gəldim, müdiri yaxın adamım idi. Söhbət düşdü, dedi mənə bir adam lazımdır, evlərdə qapı qıfılları düzəltsin. Dedim məndə bir nəfər var, həbsdə olub, götürərsən onu? Dedi qoy gəlsin. Evləri qarət edən adam evlərə qıfıl saldı. Mənə təşəkkürü bilirsiniz nə idi, bütün səkkizinci kilometrdə su gəlməyəndə qapıma iki-üç vedrə su gətirib qoyurdu. Sonra evləndi, uşaqları oldu, mənzildən köçəndən sonra əlaqəmiz kəsildi. Belə hallar çox olub.

- Məşhurlardan yazanlar olurdumu?

- Yox, olmurdu, məncə, məşhurlar heç vaxt bir-birinə məktub yazmır.

- Çünki görüşmək imkanları vardı?

- Həm görüşmək imkanları vardı, həm də hesab edirdilər onlar digərlərindən daha üstündür. Bütün görkəmli şəxslərlə, aktyorlarla verilişlərim, görüşlərim olub. Hamı bir-biri ilə mehriban davranırdı, indiki kimi intriqalar yox idi. İstər-istəməz hər bir sənət adamı düşünür ki, o birisindən güclüdür. Sənətkarı elə budur yıxan, əgər həqiqətən sənətkardırsa. Yaxşı mənada qibtə etmək lazımdır. Qabaqdakını batırmaq yox, ona çatmağa, heç olmasa onun kimi olmağa çalışmaq lazımdır.

- Aldığınız sevgi məktubları həyatınıza hansısa formada təsir edirdimi?

- Məni sevən kimi mən də sevirdim. Qadınlar məni sevirdi, mən də onları. Heç gizlətmirəm, dörd dəfə evlənmişəm. Sözsüz ki, mən o həyatdan yan keçə bilməzdim. Bilirəm, nəyə çəkib aparırsınız, hamısını açıqlaya bilmərəm. Sevmişəm, bəyəndiyim insanlar olub, onlarla görüşməsəydim cinayət sayılardı, sonra ömrü boyu özümü bağışlamazdım. Allah deyər sənə gül kimi qız yetirdim, niyə rədd elədin getdi (gülür).

- O sevgilərmi ailə həyatını davam etməyə imkan vermirdi?

- Deməzdim, əgər ailədə sevgi, ehtiras tükənibsə, yalandan yaşamağın, kənar fikirləri nəzərə almağın mənası yoxdur. Bəlkə həyat yoldaşına da şans verirsən, səndən yaxşısı ilə rastlaşsın, layiqli həyat qursun. Sevgiyə qalanda, bunu ailəli də etmək olar. Amma populyar adam üçün gizli görüşlər keçirmək çox çətin idi. Min cür işdən çıxırdım ki, heç kəs bilməsin, görməsin.

- Məktubların sayı varmı?

- Yox, sayını bilmirəm.

- Dörd dəfə ailə qurmusunuz, bəs qeyri-rəsmilərin sayını bilirsinizmi?

- Təxmini rəqəm var, o da mənim daxilimdədir. Mən Konçalovski (məşhur rejissor və ssenariçi Andrey Konçalovski – red.) deyiləm ki, hamısını yazım, bütün görüşdüyüm qızları biabır edim. Bu düzgün deyil. Məhəbbət iki adamın intim görüşüdür, bunu bütün millətə yaymaq nəyə lazımdır.

- Xanımdan ehtiyat edirsiniz say deməyə?

- Yox, xanım bilir ki, həyatım elə keçib.

- Axtardığınız sevgini sonda tapa bildinizmi?

- Əvvəla onu deyim ki, mən əvvəlki xanımlarla çox mədəni formada ayrılmışam. Heç bir ədavət, qırğın olmayıb. Roza Tağıyeva ilə ayrılandan sonra 25 il bir yerdə işləmişik, indi də görüşürük. İndi rahatam, görünür, yaş da o yaş deyil. Yoldaşım cavandır, məndən 30 yaş kiçikdir.

- Əvvəlki həyat yoldaşlarınız baş çəkdimi sizə xəstəlikdən sonra?

- İkisi zəng edirdi, ürək-dirək verirdilər. Yoldaşım da hörmətlə yanaşır. Hesab edirəm münasibətlər belə olmalıdır.

- Heç bir yerə yığmaq fikriniz olubmu həyat yoldaşlarınızı nə vaxtsa?

- Onları bir yerə yığmaq fikrim yoxdur. Bəlkə mən öləndə yasıma gələrlər. Orada gedib şəkillərini çəkərsiniz bir yerdə, mehribancasına oturacaqlar (gülür).

- Siz əslən şuşalısınız...

- Atam şuşalı, anam maştağalıdır. Ailəmiz İçərişəhərdə yaşayırdı. Atam gənc yaşlarında Şuşadan Bakıya gəlib, burada Xalq Təsərrüfatı İnstitutuna daxil olub, oranı bitirib. Biz İçərişəhərdə yaşasaq da mən Şuşada anadan olmuşam. Avqustun 4-də Şuşada doğulmuşam, qırx gün orada saxlayıblar məni, sonra Bakıya gətiriblər. Ata hər yay bizi Şuşaya istirahətə aparırdı. Mənim Şuşa ilə bağlılığım çox dərindir. Ora mənim vətənimdir. Hər yay Şuşaya gedəndə sevincimizin həddi-hüdudu olmurdu. Çünki Şuşa çox gözəl məkandır, dilbər guşədir. Həmin illərdə Azərbaycanın ən görkəmli şəxsiyyətləri Şuşada istirahət edirdilər. Onlarla təmasda olmaq, söhbət etmək insana zövq verirdi. Şuşa bizim imicimiz, dəyərimiz idi. Mən şuşalı olduğumu həmişə fəxrlə demişəm. Qohum-əqrəbamla da tez-tez təmasda oluram. “Şuşa” qəzetinin redaktoru Vasif Quliyevlə həm qohum, həm də dostuq. Vasif Quliyev Şuşa və İçərişəhər qalalarını nəzərdə tutaraq mənə “iki qalanın oğlu” adını verib. Axı Şuşada anadan olmuşam, İçərişəhərdə yaşamışam.

Şuşa üçün çox darıxıram. Mənim atamın, əmimin, nənəmin, qohum-əqrəbamın məzarları oradadır. O məzarları ziyarət etmək istəyirəm.

- Deyirsiniz həyat elə nahamar olmalıdır, bu vəziyyətdən nəsə öyrənmək, bərkimək lazımdır. Deyirsiniz uşaqlıqdan problemləriniz əskik olmayıb...

- İçərişəhərdə yaşayırdıq. Atam rəhmətə gedəndə düşünürdüm ki, artıq nəsə etmək lazımdır. O vaxt şərqşünaslıq fakültəsinə girmək istəyirdim. Həmin il rus şöbəsinə qəbul olmadı, mən də rus dilində təhsil almışam. Fikirləşdim işləmək lazımdır. Evdə oturub televiziyaya baxırdıq. Dedim, ana, gedirəm televiziyada işləməyə. Dedi, ay bala, səni oraya buraxan kimdir. Öz ayağımla kadrlar şöbəsinin müdirinin yanına getdim, iş istədim. Demək bir az təvazökarlıqdan uzaq olur, yaraşıqlı, geyimli bir şəhər uşağı idim. Çəkdi qırağa, soruşdu atan, anan kimdir, dedim dəxli yoxdur, nə versəniz işləyəcəyəm. İşıqçı götürdülər. O vaxt adi işçini də sədr bəyənirdi, götürürdü. Məndən Teymur Əliyev soruşdu ki, niyə gəlmisən bura? Dedim televiziyaya həvəsim var, məcbur olub yalan danışdım. Əslində bir il işləyib, yenidən universitetə girmək istəyirdim. O yalan məni gətirib bu dövrə çatdırıb.

İşləyəndən sonra gördüm ki, televiziyadan ayrıla bilmərəm. İncəsənət Universitetinin qiyabi şöbəsinə daxil oldum. Oranı da 13 ilə bitirdim. Məni universitetdən qovmuşdular. Bir müəllimimiz vardı, soruşdu dərsə niyə gəlmirsən? Dedim işimlə əlaqədar başqa respublikalara gedirəm, çıxışlarım olur. Bu sözlər müəllimin xoşuna gəlmədi. Dedi sən özündən çox razısan. Bu sözdən həmişə zəhləm gedib, indi də zəhləm gedir. Heç vaxt özümdən razı olmamışam, həmişə sadə olmağa çalışmışam, bunu dostlarım da bilir. Ona görə bir balaca söydüm. Getdi rektora dedi ya o tələbə burada oxuyacaq, ya da mən işləyəcəyəm. O zaman rektor Rahib Hüseynov məni çağırdı, müsibət kişi idi, dedi get gəz. Mən də getdim hardasa bir beş il gəzdim, doğrudan vecimə deyildi, mənə diplom lazım deyildi, artıq Rafiq Hüseynov idim. Bir dəfə yas məclisində görüşdük, dostumun atası rəhmətə getmişdi. Necə oldusa üzbəüz gəldik. Nə edirsən? Demisiz gəz, gəzirəm. Dedi gəl oxu. Getdim, məni birbaşa üçüncü kursa götürdülər. Beləliklə, universiteti bitirdim.

- Populyarlığınız çox köməyinizə çatıb?

- Əlbəttə, müəyyən problemləri çox asanlıqla həll edirdim. Məsələn, əldən maşın alanda çox baha çıxırdı. Gedirdim, öz qiymətinə verirdilər. O zaman mebel almaq böyük problemlərdən biri idi. Gərək nazirin yanına gedəydin. Məni o saat qəbul edirdilər. Bir dəfə gülməli əhvalat oldu, Svetlana Qasımova adlı qadın ticarət naziri idi. Dublyonka, bir də norka papaq dəbə düşmüşdü. Əldən 2 min manata almaq olurdu, öz qiyməti 240 manat idi. Onu da gərək Setlana Qasımova qol çəkəydi, alaydın. Dedilər getmə qəbuluna, qəddar qadındır, sənə heç nə verməyəcək. Amma getdim, qəbul elədi, xeyir ola, dedim dublyonka istəyirəm. Dedi nə problemdir, sabah gələrsiniz. Çıxanda dedi hamı məndən papaq da istəyir axı. Dedim o daha ağ olar, Svetlana Çingizovna, kişi gəlib qadından papaq istəsin. Almadım papağı. Baxmayaraq maaşdan əlavə qonorarım yüksək olurdu, kinostudiyadan qazanırdım, filmlər oxuyurdum, verilişlərimin sayı çox idi, əldən belə şey almağa maddi gücümüz çatmırdı.

- Bu qədər məşhurluğunuz ola-ola niyə sizə vəzifə vermədilər?

- Mən vəzifə istəmirdim ki. Gül kimi tanınmış adam idim. Bir dəfə televiziyadan gedəndə dəvət etdilər ki, sədr qoyaq. Dedim, bilirsiniz, mən hələ o səviyyəyə çatmamışam sədrlik edim, müavin kimi işləyə bilərəm. Elə də oldu, sonradan televiziyada müavin oldum.

- Neçə övladınız var?

- Bir qızım var.

- Niyə istəmirsiniz fotonuzu çəkək?

- Çünki tamaşaçı məni başqa imicdə tanıyır. O təəssüratı dəyişmək istəmirəm, qoy yaddaşlarda olduğu kimi – hündür boylu, gur səsli, saçlarını geri daramış, dəbdəbəli geyinmiş yaraşıqlı Rafiq Hüseynov kimi qalım.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler