» » Mehriban Əliyeva saziş imzaladı

Mehriban Əliyeva saziş imzaladı

Bölmə: BLOK XƏBƏR
Mehriban Əliyeva saziş imzaladı
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Vatikana səfəri çərçivəsində iyunun 3-də Piyo-Klementino muzeyi ilə tanış olub.


“Xalqinfo”nun “AzərTAc”a istinadən verdiyi xəbərə görə, birinci xanım Mehriban Əliyevaya məlumat verilib ki, burada antik və intibah dövrünə aid dəyərli heykəltəraşlıq nümunələri qorunur. Belveder sarayında yerləşən bu muzey Vatikan muzeylər kompleksinə daxildir və eksponatlarının sayına, tarixi əhəmiyyətinə görə ümumbəşəri zənginliyi ilə seçilir. Əsas məqsədi qədim yunan və Roma incəsənət əsərlərinin qorunması olan muzeyin yaradılmasında Roma papaları XIV Kliment və VI Piya mühüm rol oynayıblar.

Diqqətə çatdırılıb ki, muzey daxili həyət, heyvanlar zalı, heykəllər qalereyası, Rotonda zalı, yunan xaçı zalı, büstlər qalereyası və digər bölmələrdən ibarətdir. Muzeyin daxili həyətində Papa II Yulinin dövrünə aid antik heykəllər sərgilənir. 1775-ci ildə Roma papası VI Piyanın göstərişi ilə həyətdə bərpa işləri aparılmışdır. Muzeydəki qiymətli eksponatlar arasında eradan əvvəl I əsrə aid edilən “Lakun və oğulları”, “Belveder Apollonu”, “Hermes” və digər abidələr dünya əhəmiyyətli tarixi əsərlər hesab edilir. Bərpasında məşhur heykəltəraş və rəssamların iştirak etdikləri bir çox əsərlərin qorunduğu muzeydəki heyvanlar zalında 150-yə yaxın müxtəlif heyvanın antik abidəsi vardır. Zənginliyinə görə dünyada analoqu olmayan zalın eksponatlarının bir hissəsi Yunanıstan və Romadakı qədim əsərlərin surətidir. Heykəllər qalereyası da zənginliyi ilə diqqət çəkir. Burada əvvəllər Roma Papası VIII İnnokentinin yay pavilyonu yerləşib. Qalereyada qədim Roma heykəlləri, həmçinin antik yunan heykəllərinin surətləri sərgilənir. Muzeyin büstlər qalereyasında orta əsrlər intibah dövrünə aid 100-dən artıq qədim əsər toplanıb.

Vatikan muzeylər kompleksinin əsası XVI əsrin sonunda Papa II Yuli tərəfindən qoyulub. Burada qədim dövrlərin izlərini yaşadan önəmli sənət əsərləri nümayiş olunur. Kompleksdə 54 qalereya mövcuddur. 2006-cı ildə muzeylərin 500 illik yubileyi böyük təntənə ilə qeyd olunub. “Pinakoteka Vatikana” incəsənət qalereyasında məşhur rəssamların əsərləri saxlanılır. Müasir dini incəsənət kolleksiyasının yerləşdiyi bölmədə də mühüm rəsm əsərləri və heykəllər nümayiş olunur. “Kiyaramonte” muzeyi müxtəlif daş kitabələrin, heykəllərin nümayiş olunduğu və bu növ heykəltəraşlıq nümunələrinin sayına görə ən böyük kolleksiyaya malik muzeydir. “Qreqoriano Etrusko” muzeyi səkkiz qalereyadan ibarətdir. Burada müxtəlif vazalar, bürünc əşyalar nümayiş olunur. Vatikan tarix muzeyində isə XVI əsrdən bu günədək Roma papası olmuş şəxslərin nadir portretləri, onlara aid müxtəlif əşyalar nümayiş etdirilir. Burada müxtəlif topoqrafik xəritələrin saxlandığı qalereya da yerləşir.

Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Vatikan şəhərinin qubernatorluğunun baş katibi, arxiyepiskop Fernando Verqes Alzaqanın görüşü olmuşdur.

Görüşdə Vatikan muzeyinə göstərdiyi marağa görə Mehriban Əliyevaya təşəkkür edən Fernando Verqes Alzaqa Heydər Əliyev Fondu ilə Vatikan muzeyi arasındakı əməkdaşlığın uğurlu olacağına əminliyini ifadə edib.

Vatikan muzeyində qorunan sənət əsərlərinin hər birinin ümumbəşəri dəyərə malik olduğunu bildirən Azərbaycanın birinci xanımı demişdir ki, rəhbərlik etdiyi Fond Azərbaycan ilə yanaşı, dünyanın bir çox ölkələrində bəşəri əhəmiyyət daşıyan sənət nümunələrinin qorunmasında yaxından iştirak edir.

Daha sonra Heydər Əliyev Fondu tərəfindən Vatikan Muzeyində Zevsin heykəlinin bərpasına, o cümlədən “Sistina” zalında yenidənqurma işlərinin aparılmasına dair iki saziş imzalanıb.

Sonda xatirə şəkli çəkdirilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler