» » Salyanın keçmiş icra başçısı ilə bağlı ilginc iddialar -

Salyanın keçmiş icra başçısı ilə bağlı ilginc iddialar - Tahir Kərimov hələ də...

Bölmə: BLOK XƏBƏR
Salyanın keçmiş icra başçısı ilə bağlı ilginc iddialar -

“Salyan rayonu icra başçısı Tahir Kərimov vəzifəsindən azad olunsa da, rayonda özünə qurduğu “biznesini” davam etdirməkdədir. Belə ki, Tahir Kərimov icra başçısı işlədiyi vaxtlarda verdiyi torpaq sahələrinə görə rayon sahibkarlarına “şərik” qoşulub”.

Xalqinfo.az bildirir kiBu barədə Musavat.com-a adının çəkilməsini istəməyən şəxslər məlumat verib. Aldığımız xəbərlərdə iddia olunur ki, sabiq başçı rayonun Şorsulu kəndi ərazisindəki balıq göllərindən və Şirvan-Salyan avtomagistral yolun kənarında olan istixanalardan bu gün də haqq almağa davam edir. Rayondan olan bəzi istixana sahibləri bildirib ki, keçmiş başçının sürücüsü olan Yusif Əzizov və qohumu Faiq Nəcəfov sabiq icra başçısının adından sahibkarlara təzyiq edərək, əkdikləri torpaqların onlara Tahir Kərimovun sərəncamı ilə verildiyini bildirir.

Məlumatda deyilir: “Faiq Nəcəfov Tahir Kərimovun qohumudur, Salyan Telekommunikasiya Qovşağının rəisi olub, həm də Tahirin qara kassası rolunu oynayıb, Salyanın idarə müdirlərinə və sahibkarlarına , sadə vətəndaşlarına qan uddurmaqda, qanunsuz pul tələb etməkdə ad çıxarıb. Tahir Kərimov Faiq Nəcəfovu özü ilə Daşkəsəndən Salyana gətirib. Faiq Nəcəfov 15 apreldə rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin müvafiq əmri ilə işdən çıxarılıb. Qeyd edək ki, bir müddət əvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Salyan Telekommunikasiya Qovşağında audit yoxlama aparılıb və müəssisənin işində ciddi nöqsanlar aşkar edilib. Belə ki, onun adı nazirlikdəki yeyintilərdə keçir. Hazırda Salyanın hüquq-mühafizə orqanlarında Faiq Nəcəfov barədə dələduzluq və vəzifə səlahiyyətlərini aşmaq, rüşvət ittihamı ilə 3 cinayət işi eyni icraatda birləşdirilməkdədir. O, Salyan şəhərini mərkəzində qanunsuz olaraq sürücüsü Tofiq Quliyevin adına tikdiyi evi 100 min manata satışa çıxarıb, yerli hüquq mühafizə orqanlarının çağırışlarına gəlməkdən yayındığı üçün yaxın günlərdə həbs olunacağı gözlənilir. Tahir Kərimov isə şəhid Vüqar İsayevin adına olan 6 saylı Salyan şəhər uşaq bağçasının həyətini qanunsuz olaraq sürücüsü Yusif Taxaroviç Əzizovun adına özəlləşdirərək tikdiyi villanı 200 minə satışa çıxarsa da, Salyanda heç kim bu villanı almaq niyyətində deyil. Villa tikilərkən vətəndaşların və avtomobillərin gediş-gəliş yolu olan küçə də qanunsuz olaraq zəbt edilərək keçmiş başçının həyətinə qatılıb”.

Musavat.com-a daxil olan məlumatda digər ilginc detallar da var: “Faiq Nəcəfov Tahir Kərimov üçün idarə-müəssisə müdirlərinin və yerli hüquq-mühafizə orqanlarının telefonlarını qanunsuz olaraq dinlətdirib. Tahir Kərimov özü İH-də keçirilən yığıncaqlarda dəfələrlə bildirib ki, ona qarşı heç kəs başqa fikrə düşməsin, çünki telefonları dinlətdirməklə hər işdən xəbərdardır. O, rayonda olan balıq göllərindən haqq toplamasını da açıq aşkar MTN-lə əlaqələndirirdi”, -deyə, mənbə iddia edir.

Daha sonra qeyd olunur ki, Faiq Nəcəfovun Salyanın mərkəzində - Əliağa Kurçaylı küçəsində - yerləşən və hundur hasarla əhatə olunan villası ciddi müzakirə mövzusudur. Sakinləri maraqlandıran isə aşağıdakı suallardır: “Villanın yerləşdiyi torpaq sahəsi necə özəlləşdirilib? Villanın yerində dövlət balansında hansı bina olub? Onu Tahir Kərimovun göstərişi ilə necə söküblər? Özəlləşdirmə zamanı hansı şərləmələr həyata keçirilib?” Məlumatlı mənbələrdən aldığımız məlumata əsasən bu villa hal-hazirda 100 min AZN manata satışa çıxarılıb. “Salyan camaatı həmişə haram və halala diqqət edib. Ümidvaram ki, camaatımız bu haram pulla tikilmiş evə sahib çıxmayacaq. Atalar gözəl deyib: Haram malın bərəkəti olmaz”, -mənbə əlavə edir.

Redaksiyamıza daxil olan müraciətdə daha sonra deyilir: “Tahir Kərimov rayonun Sarvan kəndində də dövlət fondundan qanuni icarəyə götürdükləri yüzlərlə hektar torpaqları yerli fermerlərin əlindən zorla alaraq böyük heyvandarlıq və taxılçılıq təsərrüfatı yaradıb. Hazırda əkin suyu da yalnız Tahir Kərimovun əkinlərinə verildiyindən, kəndlilər arasında böyük narazılıq yaşanır. Sən demə, şəhər təsərrüfatına dövlət tərəfindən ən müasir texnikalar verilibmiş, traktorlar, yük maşınları, ekskavatorlar və s. Amma bunlar 1 gün belə şəhər təsərrüfatında istifadə olunmayaraq Tahir Kərimovun fermasına aparılıbmış. Başçı dəyişən kimi, onlar Salyan şəhərindəki qaraja gətiriləndə sakinlər təəccüb içində seyr edirdilər”.
Gələn məlumatlarda o da iddia olunur ki, rayon sahibkarları bu məsələ ilə bağlı Respublika Prezidentinə, baş prokurora, eyni zamanda rayon hüquq mühafizə orqanlarına da müraciət ediblər. O da bildirilir ki, 2-3 il öncə Salyan rayon Qarabağlı kənd sakinindən 25 min manat alınaraq onu kənd məktəbinə direktor qoyulacağı bildirilib. Lakin Təhsil Nazirliyi həmin şəxsi direktorluğunu təsdiqləməyib. belə olan halda pul geri tələb olunub və bunun əvəzində Tahir Kərimovun adamları rayon ərazisində olan obyektlərdən pul tələb etməklə bu məbləği geri qaytarmaq istəyiblər. Aldığımız məlumata görə bu faktlar üzrə daxili işlər orqanlarında, baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsində artıq tədqiqat işlərinə başlanılıb.

Musavat.com-dakı məlumata görə, iş adamı, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov da Tahir Kərimovun qanunsuz tələblərinə məruz qalıb və bir qrup iş adamı artıq bununla bağlı ölkə prezidentinə məktub göndərib.
Bu yaxınlarda Salyanda aparılmış audit yoxlamalar zamanı külli miqdarda dövlət vəsaitlərinin mənimsənilməsi faktları ortaya çıxıb, üzə çıxarılan faktlar hüquq-mühafizə orqanlarına təqdim olunub.

Qeyri-iş günü olduğundan rəsmi qurumlardan məsələyə münasibət öyrənmək mümkün olmadı. Ancaq yazıda adları çəkilən hər kəsin, o cümlədən Tahir Kərimovun mövqeyini dərc etməyə hazırıq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler