» » Azərbaycanda fəaliyyət göstərən məşhur şirkətdə -

Azərbaycanda fəaliyyət göstərən məşhur şirkətdə - Erməni izi

Bölmə: BLOK XƏBƏR
Azərbaycanda fəaliyyət göstərən məşhur şirkətdə -
Virtualaz.org saytı səs-küyə səbəb olacaq məqalə yayımlayıb. Jurnalist Eynulla Fətullayevin yazdığı “Qazaryan-Oxfam-İbadoğlu işi” başlıqlı araşdırma yazıda bildirilir ki, Azərbaycanda daxili siyasi vəziyyəti gərginləşdirməyə yönələn siyasi layihələr ABŞ hökuməti və ona yaxın təsisatlar tərəfindən maliyyələşdirilir:


“Bu layihələrin ən son məqsədi nisbətən az qan tökülməsi ilə müşayiət olunan ”məxməri inqilablar" törətməkdir. Azərbaycan müxalifətinin radikal qanadının humanitar təşkilatlar tərəfindən çox məharətlə ört-basdır edilmiş şəkildə, məxfi üsullarla maliyyələşdirilməsi sisteminin mövcudluğu faktını da aşkarlamışıq".

Bildirilir ki, Oxfam hazırkı hakimiyyətin ən qatı düşməni olan Müsavat Partiyası Divanının üzvü Qubad İbadoğlunu və ona yaxın olan QHT-ləri birbaşa maliyyələşdirib: “Bu təşkilat öz nizamnaməsinə zidd davranaraq inqilabçı REAL Hərəkatının İsmayıllı iğtişaşlarının təşkilinə görə mühakimə edilən lideri İlqar Məmmədovun yaxın məsləkdaşı Zöhrab İsmayılla da işləyirdi. Oxfam böyük ümumazərbaycan alovuna dönməli olan ”İsmayıllı qığılcımı"nın miqyasının belə olacağını ola bilsin ki, gözləmirdi". Həmçinin qeyd edilir ki, Z.İsmayıl cəbhəçi Rövşən Ağayev və Neyman Səfərəliyevlə birgə Oxfamdan 47760 avro dəyərində üç qrant alıb. Q.İbadoğlunun təşkilatı isə Oxfamdan 534254 avro məbləğində 17 qrant alıb. Yazıda bildirilir ki, bu təşkilatın nümayəndəliyi 2002-ci ildən 2014-cü ilədək 106 saziş əsasında 5 milyon manatlıqdan çox qrant layihəsi təqdim edib. Onlardan 4 milyon manatdan çox vəsait alıb, amma cəmi 1 milyon manatını aidiyyəti üzrə verib. Bildirilir ki, qurumun Bakı ofisinin rəhbəri Şövkət Əlizadə də onlarla əlbirdir və qaçqınlara çatmalı olan pulları uğurlu korrupsiya mexanizmi vasitəsilə yuyub mənimsəyiblər. Həmçinin yazıda qeyd edilir ki, Oxfam işində erməni izi də var.

Yazıda adiçəkilən şəxslərdən biri olan iqtisadçı Qubad İbadoğlu isə bildirib ki, məqaləni araşdırma hesab etmək doğru deyil: “Yazılanlar başdan-ayağa yalan, uydurma və şantajdır. Biz 2008-ci ilə qədər Oxfamla işləmişik və fəaliyyətimiz şəffaf olub. Həmçinin bu qurumun yerli ofisi ilə işləmişik, Cənubi Qafqaz və MDB ofisi ilə heç bir layihəmiz olmayıb. Yazıda uydurulan adamlar barəsində də məlumatım yoxdur, onlarla ortaq heç bir fəaliyyətimiz olmayıb. Yazılanlar müəyyən dairələrin sifarişi ilə ortalığa çıxıb. Ümid edirəm ki, Azərbaycan hakimiyyətində sağlam qüvvələr var, onlar vətəndaş cəmiyyətinin rolunu, əhəmiyyətini dəyərləndirməyi bacarırlar. Mən bu yazılanları vətəndaş cəmiyyətinə olan basqıların tərkib hissəsi hesab edirəm. Vətəndaş cəmiyyəti təmsilçilərinin müəyyən hissəsini saxta ittihamlarla həbs edirlər, bəzilərini elə vəziyyətə gətiriblər ki, ölkəni tərk edib. Burada işləyənlər də əsasən hökumətin üzv olduğu beynəlxalq təşəbbüslərdə iştirak edən vətəndaş cəmiyyətinin təmsilçiləridir. Yəni bizim fəaliyyətimizi hakimiyyət dairələrində də yaxşı bilirlər.

Biz həmişə hesabatlı olmuşuq. Maliyyə məsələsində çox ciddi, Azərbaycan qanunvericiliyinə, standartlara uyğun sistem qurmuşuq, vaxtaşırı auditor yoxlamalarından keçirik. Oxfam da ən şəffaf donor təşkilatlarından biri olub. Biz bu təşkilatla işləməkdən razı qalmışıq. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün rolu olan təşkilatlardan biridir və bu cür qarayaxmalar təşkilatın da reputasiyasını zədələyir. Yazılanlar eyni yazılardır, dəfələrlə təkrarlanır, çevir tatı, vur tatı prinsipidir, beş dəfə yazılıb. Yazılanlar reallığı əks etdirmir. Orada alınan qrantların sayı, məbləği ilə bağlı deyilənlər doğru deyil və həqiqəti əks etdirmir. O layihələr çərçivəsində biz bələdiyyələrə texniki köməklik göstərmişik, bələdiyyələrin texniki inkişafı üçün töhfə vermişik. Burada nə erməni izi var, nə siyasi rəng var, yalnız Azərbaycanda bələdiyyə institutuna töhfə olub”.

Q.İbadoğlu həmçinin bildirib ki, bu mövzuda yazılan yazılarla bağlı məhkəməyə müraciət etmək planları var: “Müzakirə edirik, məhkəməyə vermək barədə düşünürük. Bu barədə hüquqşünaslarla məsləhətləşmişik, proses başlayıb”.

Oxfamın Bakı ofisindən isə bildirildi ki, Şövkət Əlizadə bu mövzuda danışa bilməz: “Bizdə suallar baş ofisə göndərilir və bütün suallar baş ofis tərəfindən cavablandırılır”. Yerli ofisdən baş ofisə göndərdiyimiz suallar da gün ərzində cavablandırıldı: “Böyük Britaniyanın Oxfam humanitar təşkilatının (Oksfam BB) Azərbaycandakı fəaliyyəti hökumət orqanları tərəfindən araşdırılır. Hələ ki Oxfama qarşı hər hansı ittiham irəli sürülməyib. Hazırda Oxfam hökumət orqanlarının tələb etdiyi sənədləri təqdim edir. Oxfam BB dünyadakı 17 Oxfamdan ibarət Beynəlxalq Oxfam Konfederasiyasının üzvüdür. Oxfam müstəqil və tərəfsiz qeyri-hökumət təşkilatı olmaqla, dünyanın 90 ölkəsində yoxsulluğun və səfalətin azaldılması istiqamətində layihələr həyata keçirir. Oxfam BB Azərbaycanda 20 ildir mandatına uyğun fəaliyyət göstərir. Hazırda hökumət orqanlarının araşdırması davam etdiyindən, bundan artıq şərh verməyimiz düzgün olmazdı”.

musavat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler