» » ABŞ prezidentliyinə namizədlərlə əlaqəsi olan məşhur azərbaycanlılar...

ABŞ prezidentliyinə namizədlərlə əlaqəsi olan məşhur azərbaycanlılar...

Bölmə: BLOK XƏBƏR
ABŞ prezidentliyinə namizədlərlə əlaqəsi olan məşhur azərbaycanlılar...

Asim Mollazadə: “Kimin prezident seçilməsindən asılı olmayaraq ABŞ-ın yeni prezidenti və onun administrasiyası Azərbaycana daha çox yaxın olacaq”
ABŞ-da noyabrın 8-də keçiriləcək prezident seçkilərində mübarizə aparmaq üçün prezidentliyə iddialıların vahid namizəd olmaq uğrunda ilkin seçkiləri davam edir. Artıq mübarizə meydanında cəmi 5 iddiaçı (Hillari Klinton, Donald Tramp, Berni Sanders, Ted Kruz, Con Kesic) qalıb. Ən az dəstəyi olan Con Kesicdir, ancaq hələ ki mübarizəsini davam etdirir. Öndə isə Demokratlar Partiyasından Hillari Klinton, Respublikaçılar Partiyasından isə Donald Trampdır.

ABŞ prezidentliyinə iddiaçılarla bəzi məşhur Azərbaycan vətəndaşlarının şəxsi tanışlığı, dostluq münasibətləri var. Bu istiqamətdə fikir almaq üçün müraciət etdiyimiz Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, ABŞ prezidentliyinə iddiaçı olan şəxslərin çoxu ilə şəxsən tanışlığı var: “Mən indi ad çəkmək istəməzdim. Onu deyə bilərəm ki, çoxu ilə şəxsən tanışam və görüşmüşəm”.

A.Mollazadə onu da dedi ki, bu gün üçün seçkilərdə kimin qalib gələcəyini dəqiq müəyyən etmək çətindir: “Əsas məsələ ondan ibarət olacaq ki, partiyaların qurultayına qədər hansı namizədlər öz fonduna daha çox dəstək qazanacaq və bu dəstəkdən istifadə edərək öz güclü kampaniyasını qurultaya qədər sürdürəcək. Hələlik hər iki partiyanın hərəsindən iki güclü namizəd var. Onlar Demokratlar Partiyasından Hillari Klinton və Sanders, Respublikaçılar Partiyasından isə Donald Tram və Ted Kruzdur. Trampın partiya rəhbərliyi ilə münasibətləri soyuqdur. O, yeni bir Respublikaçı Partiya görmək istəyi ilə fərqlənən siyasətçidir, fərqli mövqe ortaya qoyur. Ona görə də partiyanın rəhbərliyindən, elitasından dəstəyi azdır. Amma sıravi respublikaçılar ona praymerzlərdə dəstək veriblər. Odur ki, hələ sonda Respublikaçılar Partiyasının namizədinin kim olacağını dəqiq müəyyənləşdirmək çətindir. Demokratlar Partiyasının namizədinin isə Hillari Klinton olacağı ehtimalı yüksəkdir”.



DİP sədri qeyd etdi ki, kimin prezident seçilməsindən asılı olmayaraq ABŞ-ın yeni prezidenti və onun administrasiyası Azərbaycana daha çox yaxın olacaq: “Ümidvaram ki, gələcək administrasiya Azərbaycan-ABŞ tərəfdaşlığını daha da gücləndirəcək, hər iki ölkənin ortaq maraqlarının inkişafı istiqamətində addımlar atılacaq, təhlükəsizlik və iqtisadi inkişafın daha da güclü olması üçün Azərbaycana dəstək daha çox olacaq”.



İctimai Siyasət İnstitutunun direktoru, məşhur ictimai fəal Bəxtiyar Hacıyevin isə ABŞ prezidentliyinə namizəd, keçmiş dövlət katibi Hillari Klintonla şəxsi tanışlığı var. Bu barədə “Yeni Müsavat”a danışan B.Hacıyev dedi ki, vaxtilə Klintonun seçki kampaniyasında könüllü olub.

Sonra Azərbaycanda siyasi fəaliyyətə görə həbs olunanda o zamankı dövlət katibi Hillari Klinton onun azad olması ilə bağlı güclü dəstək göstərib: “Bakıda xanım Klintonla bizim təkbətək görüşümüz də olmuşdu. İndi də onun seçki kampaniyasında çalışan tələbə dostlarım və yaxından tanıdığım insanlar var. Bu cür əlaqələr qalır. Amma hazırda xanım Klintonun şəxsən özü ilə birbaşa ünsiyyətim yoxdur”.



B.Hacıyev qeyd etdi ki, hazırda partiyalarının vahid namizədi olmaq uğrunda mübarizə aparan Hillari Klintonun Demokratlar Partiyasından, Donald Trampın isə Respublikaçılar Partiyasından kifayət qədər böyük üstünlükləri var: “İndi hər iki partiyanın namizədinin kim olacağını isə demək bir az çətindir. Çünki praymerz keçirilməyən bir neçə böyük ştat var ki, onların nəticələrini gözləmək lazımdır. Əgər sürpriz olmasa, sonda Hillari Klintonla Devid Trampın 8 noyabrda keçiriləcək seçkilərdə ABŞ prezidentliyi uğrunda mübarizə aparması istisna deyil.



Bu variant reallaşsa, artıq rahatlıqla demək olar ki, ABŞ-ın növbəti prezidenti Hillari Klinton olacaq. İndiki mərhələdə Tramp respublikaçılar arasında daha çox səs qazansa da əsas seçkilərdə təkcə partiya üzvləri deyil, bütün ölkə seçiciləri səs verəcəklər. Artıq indidən nəinki demokratlar, müstəqil institutlar, hətta Respublikaçıların özündə belə, Trampı dayandırmaq istəyində olan böyük qruplar var.



Onlar Trapmın ABŞ-ın və Respublikaçılar partiyasının maraqlarına uyğun olmayan davranış sərgilədiyini bəyan edirlər. Onlar çox istəyərlər ki, Ted Kruz Respublikaçılar Partiyasının namizədi olsun. Kruz namizəd olmasa belə, Respublikaçılar Partiyasının özündə kifayət qədər çox insanlar var ki, onlar Trampa deyil, rəqibləri də olsa, demokrat namizədə səs verəcəklər. Bir çox amerikalılar düşünür ki, ABŞ prezidenti seçilən şəxsin həm daxili, həm xarici siyasətdə kifayət qədər təcrübəsi olmalıdır. Tramp yaxşı biznesmen olsa da - hətta onun yaxşı biznesmen olmasına da şübhələr var; bir çox insanlar onun atasından qalmış mirasla varlandığını iddia edir - dövlət idarəçiliyində, xüsusən də xarici siyasətdə çox böyük zəifliyi var. Ona görə də düşünürəm ki, ABŞ-ın prezidenti demokratların namizəd olacaq”.



ABŞ prezidentliyinə əsas namizədlərdən olan Donald Trampla isə yaxın, hətta ailəvi dostluq münasibətləri, iş ortaqlığı olan məşhur Azərbaycan vətəndaşı nəqliyyat naziri Ziya Məmmədovdur. Onun oğlu Anar Məmmədovun Trampla isti əlaqələri haqda hələ 2014-cü ildə mediada informasiyalar yayılmışdı.
musavat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler