» » “Prezident onları sərt şəkildə cəzalandırır”-

“Prezident onları sərt şəkildə cəzalandırır”- Vüqar Rəhimzadə

Bölmə: BLOK XƏBƏR
“Prezident onları sərt şəkildə cəzalandırır”-

“Xalqinfo” YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, Vüqar Rəhimzadənin ölkədəki maliyyə böhranı fonunda baş verən proseslərlə bağlı müəllif yazısını təqdim edir:

Hazırda ölkədə neftin ucuzlaşması, manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar dövlət başçısının rəhbərliyi ilə qabaqlayıcı tədbirlər görülür, mühüm islahatlar həyata keçirilir.

Bu gün dünyada cərəyan edən siyasi proseslər, baş verən qarşıdurmalar, mövcud münaqişə ocaqları, eləcə də böyük dövlətlərin maraqlarının toqquşması iqtisadiyyata da öz mənfi təsirini göstərir. Sözsüz ki, bu kimi hallar beynəlxalq birliyin fəal üzvü olan Azərbaycana da təsirsiz ötüşmür. Xüsusilə neftin qiymətinin aşağı düşməsi bir çox ölkələrin iqtisadi inkişafına əngəl yaradır. Ancaq hazırda ölkəmizdə bununla bağlı qabaqlayıcı tədbirlər görülür. Bunun nəticəsidir ki, dünya dövlətləri bu böhrandan əziyyət çəkdiyi bir vaxtda, ötən il Azərbaycanda iqtisadi artım müşahidə edilib. Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, ölkəmiz 2015-ci ildə uğurla inkişaf edib. Qarşıda duran bütün vəzifələr icra edilib. Bununla yanaşı, ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artıb.

Dövlət başçısı iclasda neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi, manatın məzənnəsinin dəyişməsi ilə bağlı bir sıra vacib məqamlara toxunub və bunun qaçılmaz olduğunu bildirib. Təbii ki, neftin qiymətinin aşağı düşməsi nə iqtisadi amillərlə bağlıdır, nə də Azərbaycanın, eləcə də neft-qaz hasil edən digər ölkələrin iradəsindən asılıdır. Nəzərə almaq lazımdır ki, neftin ucuzlaşması bəzi qonşu dövlətlərin milli valyutalarının 100 faiz, hətta daha çox dərəcədə devalvasiyaya uğramasına gətirib çıxarıb. Ona görə, hazırda ölkə rəhbərliyi çalışır ki, xalqımız, vətəndaşlarımız bu iqtisadi çətinlikdən daha az zərərlə çıxsın.

Hazırda ölkədə neftin ucuzlaşması, manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar dövlət başçısının rəhbərliyi ilə qabaqlayıcı tədbirlər görülür, mühüm islahatlar həyata keçirilir. Müşavirədə prezident bildirib ki, gömrük rəsmiləşdirilməsi və bütün idxal-ixrac əməliyyatları tam şəffaf aparılmalı, inhisarçılığa qarşı daha da ciddi mübarizə həyata keçirilməlidir. Bu gün Azərbaycan vətəndaşı qeyd etdiyimiz məsələləri sözdə yox, əməli işdə görür, öz həyatında hiss edir. Bu günlərdə manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar Azərbaycan prezidentinin tapşırığına əsasən əhalinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı əlavə dəyər vergisindən azad edildi. Bununla da bu sahədə baş verə biləcək qiymət artımının qarşısı alındı, 50 kiloqramlıq 1 kisə unun qiyməti 22 manata endi.

Azərbaycanda yerli istehsal mövcud olsa da, sözsüz ki, bəzi məqamlarda idxaldan asılılığımız davam edir. Ona görə də bəzi hallarda qiymət artımı qaçılmaz olur. Ancaq manatın məzənnəsinin dəyişməsini özünə fürsət bilib, süni qiymət artımına əl atanlar da az deyil. Cənab Prezident Nazirlər Kabinetinin iclasında bu məqama xüsusi olaraq diqqət yönəldib, istehlak qiymətlərinə çox ciddi nəzarət edilməli olduğunu bildirib: “Manatın məzənnəsinin dəyişməsi ilə bağlı bəzi işbazlar qiymətləri süni şəkildə qaldırmaq istəyirlər... O məhsullar ki, Azərbaycanda istehsal olunur, orada qiymət artımı ümumiyyətlə mümkün deyil, olmamalıdır. Ümumiyyətlə, mən bilirəm, məlumat da gəlir ki, natəmiz insanlar, işbazlar bax bu məzənnə məsələsindən sui-istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır... Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir.”

Cənab Prezidentin səsləndirdiyi bu fikirlər şəxsi mənafeyini milli maraqlardan üstün tutan bəzi “iş adamları” üçün çox ciddi mesajdır. Artıq buna əməl etməyənlərin cəzalandırılmasına başlanılıb. Belə ki, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə un, çörək, yumurta və digər istehlak məhsullarının, həmçinin dərman vasitələrinin qiymətlərinin süni şəkildə artırılması, qıtlığın yaradılaması kimi sui-istifadə hallarının qarşısının alınması məqsədi ilə gördüyü tədbirlər nəticəsində 6 cinayət işi açılıb, 7 vəzifəli şəxs barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Süni qiymət artımına cəhd etmək, xalqın cibinə girmək olmaz. Hesab edirəm ki, bəzi işbazlar bundan dərs götürməlidirlər.

Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsasında insan amili dayanır. İnsanlar üçün yüksək səviyyəli həyat şəraitinin təmin edilməsi konstitusion normadır. Təsadüfi deyil ki, ötən il dünya üçün çətin bir dövr olmasına baxmayaraq, Azərbaycanda bütün sosial proqramlar icra edilib. Ölkəmizdə insanlara böyük məbləğdə ünvanlı dövlət sosial yardımları verilib. Ölkə başçısı iclasda xüsusi olaraq vurğulayıb ki, biz çox güclü sosial siyasət aparırıq: “Biz bu il bütün sosial proqramları tam icra edəcəyik... Bu il pensiya və əməkhaqqının qaldırılması nəzərdə tutulmalıdır.“

Bütün bunlar bir daha onu göstərir ki, İlham Əliyev hər bir azərbaycanlının Prezidentidir. Azərbaycan xalqı öz Prezidentinə, cənab Prezident isə öz xalqına arxalanır. Bu birlik sarsılmazdır, bölünməzdir. Ölkəmizin başçısı atdığı hər bir addımında vətəndaşın yanında olduğunu, onun sevincinə şərik olub, kədərini bölüşdüyünü nümayiş etdirir. Bəzən cənab Prezident ən yüksək səviyyəli məmurları belə xalqla təmasda daha diqqətli olmağa çağırır, onlara xalqın, dövlərin qulluqçuları olduğunu xatırladır. Təbii ki, bu normalar gözlənilməyəndə prezident onları sərt şəkildə cəzalandırır. Hər birimiz dəfələrlə bu kimi halların şahidi olmuşuq. Məntiqli insan da bunu görür və dərk edir, bir daha dövlətin gələcəyinin etibarlı əllərdə olduğuna əmin olur.

Qeyd etdiyimiz kimi, hazırda bir çox ölkələrdə iqtisadi və siyasi böhran yaşanır. Dünyada neftin qiymətinin aşağı düşməsi, bir çox dövlətlərin milli valyutaları ilə yanaşı, manatın da məzənnəsinin dəyişməsi müəyyən iqtisadi çətinliklərlə müşayiət olunur. Hər zaman qərəzli, anti-milli fikirləri ilə xalqı çaşdırmağa çalışan, cəmiyyətdə çaşqınlıq yaratmağa cəhd edən, xarici xidmət orqanlarının “sifarişlərini” yerinə yetirən bəzi dağıdıcı ünsürlər yenə də fəallaşıblar. Bu əməllərin sahibləri antiazərbaycan, erməni və ermənipərəst qüvvələrin əlində alətə çevriliblər. Həyatda özünü təsdiq edə bilməyən, nəinki Vətənə, xalqa, heç özünə belə xeyri olmayan belə insanlar kompyuter arxasına keçərək virtual aləmin sanki “şirlərinə” dönürlər. Daha çox sosial şəbəkələrdə, bəzi saytlarda virus kimi yayılan bü cür “feysbuk qəhrəmanları” insanların beynini zəhərləməyə, onlarda dövlətə qarşı mənfi fikir formalaşdırmağa cəhd edirlər. Yalan məlumat yaymaq, xəstə təxəyyülün məhsulunu insanlara fakt kimi sırımaq cəhdləri belələrinin həyat tərzinə çevrilib. Ancaq onlar anlamırlar ki, xalqımız dövlətə və onun rəhbərinə inanır, cənab prezidentimizin həyata keçirdiyi siyasi kursu dəstəkləyir. Bu inam, etibar illərin sınağından çıxıb, təsdiqlənib, zaman keçdikcə daha da möhkəmlənib. Heç kim Xalq-Prezident birliyini sarsıtmaq iqtidarında deyil. Heç şübhəsiz ki, müstəqil Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə bu sınaqdan da üzüağ çıxacaq, dövlətimizin iqtisadi inkişafı bundan sonra da yüksək səviyyədə davam etdiriləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler