» » Vəhabi kralı şiə liderinin başını kəsdirdi-

Vəhabi kralı şiə liderinin başını kəsdirdi- Tehran qarışdı

Bölmə: BLOK XƏBƏR
Vəhabi kralı şiə liderinin başını kəsdirdi-
Səudiyyə Ərəbistanı terrorçuluqda ittiham edilən 47 nəfəri, o cümlədən nüfuzlu şiə liderini edam edib.

Virtualaz.org CNN və “Əl-Ərəbiyə” telekanallarına istinadən xəbər verir ki, yanvarın 2-də 12 məntəqədə eyni vaxtda güllələnmə və boyunlarının vurulması yolu ilə edam edilənlərdən 46 nəfəri “Əl-Qaidə” terror şəbəkəsinə bağlı olmaqda və Səudiyyə Ərəbistanı vətəndaşlarına qarşı terror hücumlarının törədilməsində iştirak etməkdə günahkar biliniblər. Onların əksəriyyəti 2003-2006-cı illərdə Səudiyyə Ərəbistanında törədilmiş terror hücumlarının təşkilində iştirak ediblər.Edam edilənlərdən 45-i səudiyyəli, biri misirli, biri isə çadlı idi. Onlardan şiə olan 4 nəfəri polis zabitinin öldürülməsində ittiham edilirdi.



Edam edilənlərdən biri də 2011-ci ildə, “ərəb baharı”nın yeni başladığı dövrdə Səudiyyə Ərəbistanında vəhabi rejiminə qarşı etirazları təşkil edən nüfuzlu şiə lideri Nimr əl-Nimrdir. Nimr əl-Nimr Səudiyyə Ərəbistanında şiələrin hüquqlarının pozulmasına qarşı etirazlar təşkil edib, konstitusiya islahatlarına və bərabərliyə çağırıb. Onu 2012-ci ildə həbs ediblər. 2014-cü ildə şəriət məhkəməsi şiə liderini edama məhkum edib.

Səudiyyə Ərəbistanında şiə liderinin edam edilməsi Tehranda kəskin etirazlara səbəb olub. İranın məhkəmə hakimiyyətinin rəhbəri ayətulla Sadik Amoli-Laricani bəyan edib ki, şeyx Nimrin edam edilməsi “xalqlara divan tutan” Səudiyyə rejiminin sonunun başlanğıcı olacaq.



Şeyxin edamı ilə bağlı Səudiyyə Ərəbistanının Tehrandakı səfiri İran XİN-ə çağırılıb və ona kəskin etiraz notası təqdim olunub. Notada deyilir ki, Səudiyyə Ərəbistanı hakimiyyəti bu siyasətinin əvəzini “çox ağır ödəyəcək”. İran XİN-in rəsmi nümayəndəsi Huseyn Jaberi bəyan edib ki, şeyx Nimr kimi sözdən başqa heç bir silahı olmayan şəxsin edam edilməsi “Səudiyyə Ərəbistanı rejiminin məsuliyyətsiz və olduqca ehtiyatsız siyasətinin” təzahürüdür.

Səudiyyə Ərəbistanı da bu etiraz notasını cavabsız buraxmayıb. İranın Ər-Riyaddakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb və ona Tehranın şeyx Nimrin edamı ilə bağlı bəyanatlarına görə sərt etiraz bildirilib. İran səfirinin nəzərinə çatdırılıb ki, Tehrandan bu hadisə haqda verilən bəyanatlar Səudiyyə Ərəbistanının daxili işlərinə kobud müdaxilədir və düşmənçilik hərəkətidir



BMT Baş katibi Ban Gi Mun da Səudiyyə Ərəbistanının 47 məhbusu, o cümlədən şiə liderini edam etməsindən sarsıldığını bildirib. Baş katib deyib ki, bu edam bir daha ölüm cəzasına yenidən baxılmasını zəruri edir. Ban Gi Munun bəyanatına əsasən bu məhbusların məhkəmə prosesinin ədalətli olması və onların günahlarının sübuta yetirilməsi suallar doğurur. “Nimr əl-Nimr və digər məhbuslar ittihamların xarakteri və prosesin ədalətliliyi baxımından ciddi narahatlıq doğuran məhkəmə proseslərində edama məhkum ediliblər”-Baş katib bildirib.

Şeyx Nimrin edamına etiraz olaraq yanvarın 3-nə keçən gecə Tehranda on minlərlə insan küçələrə çıxıb. Nümayişçilər Səudiyyə Ərəbistanı səfirliyinin binası qarşısında toplaşaraq Ər-Riyad əleyhinə şüarlar səsləndiriblər. Bu zaman nümayişçilərdən bir qismi səfirliyin binasına yandırıcı maye dolu şüşələr atıblar. Nəticədə binada güclü yanğın başlayıb.



İraqda da şiələr şeyx Nimrin edamına etiraz olaraq aksiyalar keçiriblər. Rəsmi Bağdad da bu edamı kəskin pisləyib. Habelə dünyanın bir çox şəhərlərində əsasən iranlı mühacirlərdən ibarət etirazçılar Səudiyyə səfirliyinin qarşısında piketlər keçiriblər.

İranın ali rəhbəri ayətullah Xamneyinin internet saytında isə şeyx Nimrin edamı “İslam Dövləti” terror qruplaşmasının həyata keçirdiyi edamlarla müqayisə olunur.

Livanın Şiə Şurası edamı “dəhşətli səhv” adlandırıb, Livan “Hizbullah” hərəkatı isə onu “sui-qəsd” kimi qiymətləndirdiyini bəyan edib.Əhalisinin əksəriyyəti şiə olan qonşu Bəhreyndə ölkənin sünni azlığından olan kralın hakimiyyətinə qarşı da aksiyalar keçirilib.

İraqda məşhur şiə ruhani lideri Moqtada al-Sədr bütün şiələri “dinc etirazlara” çağırıb.

Səudiyyənin özündə də etiraz aksiyaları olub. Şərq əyalətinin Qatif məntəqəsində kütləvi aksiyaların qadağanına baxmayaraq şiələr “Məhv olsun Səud ailəsi” şüarları ilə yürüşə çıxıblar.

2012-ci ildə Şeyx Nimr yaralı vəziyyətdə həbs ediləndə, bütün Şərq əyaləti boyunca zorakı aksiyalar keçirilmiş, iğtişaşlarda üç nəfər həlak olmuşdu.

İŞİD və “əl-Qaidə”nin əksər cihadçı qruplaşmaları və Səudiyyə, İslamın eyni təriqətinin davamçıları olsalar da, cihadçılar, hökumət tərəfindən təyin edilmiş ruhani rəhbərləri qəbul etmirlər.

Beynəlxalq insan haqları təşkilatları bu edamları “dəhşətli” adlandırıblar. Onlar bildirirlər ki, edamlardan ən azı 4-nün motivi siyasi olub.

Şeyx Nimr kimdir?

50 yaşlarında olan ruhani, Səudiyyə Ərəbistanı kral ailəsinin ən sərt tənqidçisi idi. Səudiyyə Ərəbistanı ötən il ümumilikdə 150 edam həyata keçirib. Bu, son 20 ildə ən böyük edam rəqəmidir

Son on il ərzində o dəfələrlə həbs olunmuş, gizli polis tərəfindən dəhşətli işgəncələrə məruz qaldığını iddia etmişdi.Wikileaks saytının 2008-ci ildə açıqlanmış materiallarında deyilirdi ki, Nimr anti-ABŞ bəyanatlarından və İranla yaxın əlaqədə görünməkdən çəkinir.

Şeyxin gənc şiələr arasında xüsusilə böyük nüfuza malik olduğu deyilir.Xarici əlaqələrdə ehtiyatlılığına baxmayaraq, Nimrə qarşı ittihamların arasında “xariciləri ölkənin daxili işlərinə qarışdırmaq” ittihamı da var.

Yaxın Şərq üzrə analitiklər hesab edir ki, şeyx Nimrin edam edilməsi Səudiyyə Ərəbistanı ilə İran arasında düşmənçiliyi daha da dərinləşdirəcək. Eyni zamanda bütün Yaxın Şərq boyu sünnü-şiə qarşıdurmasını daha da qızışdıracaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler