» » Hacıbala Abutalıbov gedir…

Hacıbala Abutalıbov gedir…

Bölmə: BLOK XƏBƏR, MANŞET
Hacıbala Abutalıbov gedir…
Mayın 13-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun ad günü idi. Azərbaycan paytaxtının icra başçısı yubiley yaşını - 70-i qeyd edib. O, 2001-ci ilin yanvar ayından Bakı Şəhər İcra Hakimiyyətinə başçılıq edir. Paytaxt meri artıq 13 ildir vəzifə kreslosunu dəyişmir.


Bu illər ərzində media daim onunla bağlı ziddiyyətli xəbərlər yayıb, korrupsiyada ittiham edib, prezidentin qəzəbinə tuş gəldiyini yazıb. Həmin məlumatların bir çoxunda Abutalıbovun tezliklə istefaya göndəriləcəyinə dair iddialar yer alsa da, hələ ki onların heç biri öz təsdiqini tapmayıb.

Hacıbala müəllim Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutduğu müddətdə gördüyü bir sıra işlərlə diqqət çəkib. Bakının mərkəzi küçələrində yöndəmsiz, nizam-intizamsız küçə ticarətinin ləğv olunması onun adı ilə bağlıdır. Hər il mayın 10-da Bakıda Gül bayramının keçirilməsi ənənəsini də o qoyub.

Yubiley günü prezident Abutalıbov “Şərəf” ordeni ilə təltif edilib. Hakimiyyətdəki mənbələrdən modern.az saytına verilən son məlumatlarda isə bildirilir ki, iqtidar artıq 70 yaşlı Abutalıbovu yola salmaq haqda düşünür. Onu əvəzləyəcək şəxsin kimliyinə gəlincə, bu posta namizədlər sırasında adı birinci çəkilən şəxsin Prezident Administrasiyası rəhbərinin müavini, iqtisadi məsələlər üzrə prezidentin köməkçisi Əli Əsədov olduğu vurğulanır.

Qeyd edək ki, Avropa Şurasının Azərbaycan hakimiyyətinə tövsiyələrindən biri də böyük şəhər bələdiyyələrinin yaradılmasıdır. Ekspertlər hesab edirlər ki, Azərbaycanda böyük şəhər bələdiyyələrinin yaradılması üçün mümkün şərait var. Lakin indiyədək bu məsələ reallaşmamış qalır. Ekspertlərin fikrincə, şəhərlərin rəhbərlərini təyinatlı deyil, seçkili orqanlara çevirmək daha səmərəlidir. Çünki təcrübə göstərir ki, əhalinin seçdikləri merlər vətəndaş qarşısında daha çox məsuliyyətli olur və verdiyi vədlərin yerinə yetirilməsinə çalışır. Azərbaycanın beynəlxalq institutlar qarşısında götürdüyü öhdəliklərdən biri də ölkədə mer seçkilərinin keçirilməsidir. Əslində mer seçkilərinin keçirilməsi hazırkı hakimiyyətin idarəetmə fəlsəfəsinə zidd olduğundan ona qarşı müqavimət göstərir. Bildirilir ki, ölkədə mer seçkilərinin keçirilməsi bələdiyyə institutlarının da güclənməsinə gətirib çıxara bilər.

Ekspert Məhəmməd Talıblı musavat.com-a açıqlamasında deyib ki, seçkili institutların formalaşması baxımından seçkilərin keçirilməsi vacibdir: “Vəzifə daşıyan şəxslərin, o cümlədən məmur statusunda olanların, ümumiyyətlə vətəndaşların səsləri hesabına onlara hər hansı bir səlahiyyətlərin icra edilməsi baxımından, bu, pozitiv bir presedent yaradır. Həmçinin beynəlxalq normalar, konvensiyalar baxımından məsələyə yanaşmaq daha doğru olardı. Çünki Azərbaycan Avropa Şurası qarşısında da ölkədə bələdiyyə institutlarının, xüsusilə də seçkili orqanların təsisatının genişləndirilməsini öhdəlik olaraq götürüb. Orada xüsusilə də mer seçkilərinin də keçirilməsi nəzərdə tutulur. Azərbaycanda mer seçkiləri, seçkili orqanlarla həyata keçirilməsi beynəlxalq konvensiyalarda təsbit olunub. Həmin öhdəliklərdən irəli gələn məsələləri Azərbaycan hökuməti öz üzərinə götürüb. Amma bu vaxta qədər Azərbaycanda mer seçkiləri keçirilməyib. Azərbaycanda merin təyin olunması ölkə prezidentinə aid məsələdir.

Beləliklə, əslində bizdə idarəçilik baxımından seçkili deyil, təyinatlı orqanların səlahiyyətləri və imkanları genişləndirilir. Buna görə də hətta şəhərin merinin də həyata keçirdiyi layihələrdən bir çox hallarda xəbərsiz oluruq. Bir çox hallarda belə BŞİH saytında dövlət büdcəsinin idarəçiliyi ilə bağlı şəffaflıqla bağlı məqamlar tapmaq çox çətin olur. Mer seçkiləri keçirilmədiyi üçün həmin mer vətəndaşlar qarşısında həm büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı şəffaf və hesabatlı deyil. O, daha çox onu təyin edən şəxs qarşısında hesabatlıdır və daha çox onun irad və təkliflərinə razılaşmaq məcburiyyətində qalır. Ona görə bu vəziyyətin davam etməsi ümumilikdə mer institutunun nüfuzdan düşməsinə gətirib çıxarır. Belə seçki olarsa, heç şübhəsiz ki, əslində Azərbaycan beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəliklərin həm effektiv, eyni zamanda ölkədə seçkili orqanlar vasitəsilə vətəndaş cəmiyyəti institutlarının, partiyaların seçib-seçilmə imkanlarını hərəkətə gətirən bir amil olar”.

Qeyd edək ki, Milli Məclis 2001-ci ildə Yerli Özünüidarəetməyə dair Avropa Xartiyasını ratifikasiya edib. Ancaq indiyə qədər bələdiyyələr bu xartiyanın tələblərinə uyğunlaşdırılmayıb.

“Yeni Müsavat”

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler