» » 5 karatlıq brilyant şüşə qaşla əvəzlənib - MTN-də müdhiş cinayət

5 karatlıq brilyant şüşə qaşla əvəzlənib - MTN-də müdhiş cinayət

Bölmə: BLOK XƏBƏR, MANŞET
5 karatlıq brilyant şüşə qaşla əvəzlənib - MTN-də müdhiş cinayət

MTN-in soyduğu iş adamlarından biri Maqsud Mahmudov “Azəriqazbank”a 2009-cu ildə qızıl-brilyantları girov qoymaqla bankdan 1 milyon manata yaxın kredit götürüb.

“Xalqinfo” xəbər verir ki, iş adamı musavat.com-a açıqlamasında 2 illik kredit müddətinin bitməsinə bir neçə ay qalmış “Azəriqazbank”a çağırıldığını bildirib:

“Pulu vaxtında ödəyirdim, gecikmə olmurdu. Mən sizin qəzetin saytında bankın zərgər-qiymətləndiricisinə qulaq asdım. O, düz deyir. 2011-ci ildə mənə xəbər verirlər ki, sizin malları (banka girov qoyulmuş qızıl-brilyantları nəzərdə tutur- E.M) baş ofisə aparıblar. Səbəbini mənə izah etmirlər. Dedilər ki, MTN apardı. Bankın işçisi mənə zəng edir, deyir ki, malları ora aparıblar. Bir müddət sonra məni bankın zərgəri yığdı. Dedi ki, orada malları açıblar. Mənim nümayəndəm İlham Əsədov ora gedəndə artıq malları açıb töküblər ortalığa. Ona görə orada iştirakdan imtina edir. Arif Piriyev bankın zərgəridir. O, görür ki, malları açırlar, yaxın durmur. Arifi aparırlar MTN-ə. Ona deyirlər ki, de ki, bu qaşlar şüşədir. O da deyir ki, mən necə deyə bilərəm ki, o qaşlar şüşədir? Arif bunu demir. Sürücümü MTN-ə aparıb döyürlər. Mən bankın baş ofisinə gedib məsələni aydınlaşdırmaq istədim. Oradan çıxandan sonra tutub MTN-ə apardılar. Orada Fizuli adlı işçi deyir ki, ticarətçisən. Məni soyub buraxırlar”.

M.Mahmudov deyir ki, 2009-cu ildə banka girov kimi təqdim etdiyi brilyantlar şüşə ilə əvəzlənərək ona qaytarılıb. Özünə isə hədə-qorxu gəlinib. Buna görə də Eldar Mahmudov vəzifədə olduğu illərdə şikayət etməyib.

Bu il noyabrın 13-də “Azəriqazbank”ın idarə heyətinin sədrinə teleqram vurub və ona şüşə ilə əvəzlənən brilyantların geri qaytarılmasını tələb edib:

“Zərgər Arif Piriyev də dediklərimi təsdiqləyir. Hamı bilir ki, Çingiz Əsədullayev Eldar Mahmudovla şərikdir. Tək mən deyiləm, mənim kimi yüzlərlə adam var. Mənim itirəcəyim bir şey qalmayıb, hər şeyim əlimdən gedib. “Azəriqazbank”dan Rizvan adlı şəxs zəng edib deyir ki, qaşların qiyməti nə qədərdir. Dedim, mənə pul lazım deyil. Mənim brilyant qaşlarım niyə Eldar Mahmudovun balonundan çıxmalıdır? Mətbuatda gedir ki, Eldar Mahmudovun evindən balonlarla brilyant çıxıb. Həmin o daş-qaşlar, mənim kimilərin əlindən alınan insanlarınkıdır. Şər atırıq? 2012-ci ildə Çingiz Əsədullayevə müraciət etmişəm. Teleqram vurmuşam. İndinin söhbəti deyil. Mən haqqımı tələb edirəm”.

Qeyd edək ki, 1 ay əvvəl vəzifəsindən uzaqlaşdırılan milli təhlükəsizlik naziri Eldar Mahmudovun ölkəyə idxal olunan digər mallarla yanaşı, qızıl və brilyantın inhisarçısı olması haqda illərdir ki, məlumatlar dolaşırdı. O, tutduğu postdan uzaqlaşdırılandan sonra mətbuatda bu məlumatları təsdiqləyən ifadələr yayıldı. Qızıl və brilyant biznesi ilə məşğul olan iş adamları Milli Təhlükəsizlik Nazirliyinə aparılaraq başlarına açılan oyunları dilə gətirməyə başladılar. Məlum oldu ki, nazirin razılığı ilə qaş-daş sektoruna bu və ya digər formada aidiyyatı olan hər kəs “mahmudovçu”ların diqqət mərkəzində olub. İş adamları ən müxtəlif adlar altında MTN-ə aparılıb, onlardan şantaj yolu ilə böyük məbləğdə pullar alınıb. Belə şəxslərdən biri də iş adamı Maqsud Mahmudov olub. MTN-ə dəvət edilən iş adamından “mahmudovçu”lar şantaj yolu ilə 250 min dollar aldıqları haqda məlumat vermişdik. İndi məlum olur ki, M.Mahmudovdan alınan təkcə bu məbləğ olmayıb. Onu Eldar Mahmudovun yaxını Çingiz Əsədullayevə məxsus “Azəriqazbank”a girov qoyduğu qızıl-zinət əşyalarına görə də MTN-ə aparıb başına oyun açıblar. M.Mahmudovun banka girov kimi qoyduğu 5 karatlıq brilyant qaş şüşə qaşla əvəzlənib. Bu əməldən şikayətçi olan iş adamı “mahmudovçu”lar tərəfindən saxlanıb, ondan 30 min manat alıblar, özünü də şikayətçi olmamasını “tövsiyə” etməklə azad buraxıblar.


Xatırladaq ki, “Azəriqazbank”ın qiymətləndirici-zərgəri Arif Piriyev “Yeni Müsavat”a müsahibəsində M.Mahmudovun girov qoyduğu brilyantların həqiqi olduğunu söyləyib. O, bankda baş verənlərdən sonra oradan uzaqlaşdığını da videomüsahibəsində deyib.





Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler