» » Ərdoğanın partiyasından sensasion qələbə-

Ərdoğanın partiyasından sensasion qələbə- 316 mandat

Bölmə: BLOK XƏBƏR
Ərdoğanın partiyasından sensasion qələbə-

Türkiyədə noyabrın 1-də keçirilmiş parlament seçkisinin ilk nəticələri məlum olub.

Ölkə daxilində 54 milyon, xaricdə isə 3 milyon vətəndaşın səs verməyə haqqı olan seçkidə seçicilərin təxminən 84%-i iştirak edib. Səsvermənin rəsmi olmayan ilk nəticələrinə görə, Ədalət və İnkişaf Partiyası (AKP) legitim səslərin 49,4%-ni alaraq seçkidən birinci yerdə çıxıb.

Bu reytinq AKP-nin məclisdə 316 mandat qazanmasına səbəb olub ki, heç bir ictimai rəy sorğusu şirkəti AKP-nin bu qədər səs ala biləcəyini əvvəlcədən təxmin etməyib.

Seçkini 25,4% səslə ikinci yerdə tamamlayan Cümhuriyyət Xalq Partiyası (CHP) məclisdə 134 millət vəkili ilə təmsil edəcək. 7 iyundakı seçkidə də təxminən eyni dərəcədə səs almış CHP məclisdə 132 millət vəkili ilə təmsil edilirdi. 7 iyundakı seçki ilə müqayisədə 4% səs itirərək 12% səs alan Milliyyətçi Hərəkat Partiyası (MHP) məclisdə 41 kresloya sahib olacaq.

10%-lik ölkə baryerini xaricdən gələn səslərin hesabına 0.5% fərqlə keçə bilən kürd təmayüllü Halkların Demokratiya Partiyası (HDP) isə məclisə 59 millət vəkili ilə daxil olub. Bu nəticələrə görə, seçkinin qəti qalibi AKP, ən çox reytinq itirən siyasi qurumları isə MHP və HDP olublar. Faiz etibarı ilə HDP-dən daha yüksək reytinq alan MHP-nin daha az mandata sahib olması isə ölkənin seçki sistemindəki 10%-lik baryerdən irəli gəlib. Belə ki, ölkənin Cənubi-Şərq bölgələrindən daha çox səs alan HDP-nin reytinqi o bölgələrdən daha çox mandat qazanmasını şərtləndirsə də MHP-nin İstanbul kimi böyük şəhərlərdə qazandığı reytinq bu partiyanın daha çox mandat qazanmasına kifayət etməyib.

Seçkinin gedişini ana vətəni Konyada izləyən AKP lideri Əhməd Davudoğlu ilk qeyri-rəsmi nəticələrin açıqlanmasından sonra partiya üzvlərinə və tərəfdarlarına müraciət edərək onlara minnətdarlığını bildirib. 2019-cu ildəki seçkiyə qədər ölkəyə xidmətə davam edəcəklərini xatırladan AKP lideri Davudoğlu “İnşallah, Allah-Təala axirətdə də sizlərlə qonşu olmağı mənə qismət edər”- deyə sözlərini bitirərək Konyadakı Mövlana muzeyini ziyarətə gedib.

Qeyd edək ki, Türkiyənin parlamentar sistemində hökumətin məclisdən etimad ala bilməsi üçün 276 millət vəkilinin dəstəyinə ehtiyac var. 1 noyabrdakı nəticələrə görə, AKP 5 aydan sonra 316 mandatla yenidən təkbaşına hökumət qura biləcəkdir.

7 iyundakı seçkidə 258 mandat qazanmış AKP-nin nə təkbaşına, nə də koalisiya hökuməti qurması mümkün olub. Seçkinin nəticələrinin elan edilməsindən sonra müxalifət partiyalarında ciddi çalxantıların olması gözlənilir (APA).

* * *21:43

Türkiyədə keçirilən erkən parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyası (AKP) növbəti qələbəsini qazanaraq təkbaşına hökumət formalaşdırmaq hüququ əldə edib.

Səslərin 95%-i hesablandıqdan sonra AKP-nin 49,4% səs topladığı açıqlanıb. Cümhuriyyət Xalq Partiyası (CHP) 25,2%, Milliyyətçi Hərəkat Partiyası (MHP) 12%, Xalqların Demokratiya Partiyası (HDP) isə 10,3% səs alıb.

Bu nəticə ilə AKP parlamentdə 310-dan çox yer əldə edib. Hökumət formalaşdırmaq üçün minimum 276 səs tələb olunur.

Xatırladaq ki, 7 iyun, 2015-ci il seçkilərində AKP 40%, CHP 25%, MHP 16%, HDP isə 13% səs toplamışdı (APA).

* * *20:00

Türkiyədə başa çatan təkrar parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.

Virtualaz.org saytı türk KİV-lərinə istinadən xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyası (AKP) təkrar seçkilərdə seçicilərin 53,6 faizinin səsini qazanıb.

Müxalif partiyalardan CHP 20 faiz, MHP - 11 faiz, kürdyönümlü HDP isə 11,2 səs yığıb.

Türkiyə Yüksək Seçki Kurulunun (Mərkəzi Seçki Komissiyası) məlumatına görə, indiyə qədər səslərin 42 faizi sayılıb.

Virtualaz.org

* * *18:21

Türkiyədə bu gün keçirilən təkrar parlament seçkiləri artıq başa çatıb.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə Türkiyənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Qeyd edək ki, Türkiyədə siyasi partiyalara yerli vaxtla saat 22:00-dək seçkilərlə bağlı şərh vermək qadağan edilib.

Seçkilərdə 16 siyasi partiyanın nümayəndəəri iştirak edib. Yerli vaxtla saat 08:00-də başlayan təkrar seçkilər saat 17:00-da başa çatıb.

Xatırladaq ki, Türkiyənin 78 milyonluq əhalisinin 54 milyonu seçkilərdə səs vermək üçün qeydiyyatdan keçmişdi. Daha 2,9 milyon vətəndaş isə xarici ölkələrdə səs verib.

Səsvermə ölkə boyu 175 min seçki məntəqəsində Türkiyənin şərqində səhər saat 7-dən 4-ə qədər, qərb bölgələrdə isə səhər 8-dən axşam 5-ə qədər davam edib.

Türkiyədə exit-polların keçirilməsinə icazə verilmir və ilkin nəticələrin yerli vaxtla axşam saat 18:00-a qədər məlum olacağı gözlənilmir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler