» » Televiziyaya bağlanmaq təhdidi var-

Televiziyaya bağlanmaq təhdidi var- ANS və Nuşirəvan davası

Bölmə: BLOK XƏBƏR
Televiziyaya bağlanmaq təhdidi var-

Nuşirəvan Məhərrəmlinin telekanalın ünvanına ağır sözlər deməsinin və onu təhdid etməsinin səbəbi nədir?; MTRŞ sədrindən təhlükəli anons: “Yeri gələrsə, bütövlükdə televiziya kanallarından xilas olacağıq”

Sentyabrın 30-da Milli Teleradio Şurasında keçirilən iclas Azərbaycan teleməkanı üçün ciddi proseslərin başlanğıc nöqtəsi oldu. Həmin iclasda ilk olaraq ANS televiziyası tərəfindən “Televiziya və radio yayımı haqqında” Qanunun tələblərinin pozulması faktı üzrə inzibati icraata baxıldı.

Nəticə etibarilə ANS televiziyasının efirində həftə ərzində şənbə və bazar günləri istisna olmaqla, 1-5-ci günlər (bazar ertəsi-cümə günləri), saat 16.20-dən 19.00-dək yayımlanan “Sən tək deyilsən” proqramının, hər həftənin bazar günü saat 21:30-dan 24:00-dək yayımlanan “Xoşqədəmlə axtarıram səni” proqramının yayımının 05 oktyabr 2015-ci il tarixdən etibarən 1 (bir) ay müddətinə dayandırılması barədə qərar qəbul edildi. Amma proses bununla da yekunlaşmadı. Oktyabrın 5-də MTRŞ-nin keçirdiyi iclas zamanı ANS televiziyası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı üzrə inzibati icraata və inzibati xətalara dair iş üzrə icraata baxıldı. Müzakirələrin nəticəsi olaraq ANS televiziyasının efirində həftə ərzində bazar günü istisna olmaqla, 1-5-ci günlər (bazar ertəsi-cümə günləri), saat 07:00-dan - 10:00-dək, şənbə günü 08:00-dan 10:00-dək yayımlanan “Salam, Azərbaycan” proqramının yayımının 06 oktyabr 2015-ci il tarixindən etibarən 10 (on) gün müddətinə dayandırılması barədə qərar qəbul edildi.

Telekanala eyni zamanda ciddi maddi zərbələr də vuruldu. Qurum “Reklam haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, telekanal barədə ümumilikdə 54 000 (əlli dörd min) AZN məbləğində cərimə cəzası tətbiq edilməsi barədə qərar qəbul edib.

Ciddi sanksiyaların və maliyyə zərbələrinin ardınca isə MTRŞ sədri Nuşirəvan Məhərrəmli APA-ya verdiyi müsahibə bir çox ciddi mətləblərin üstünü açdı. N.Məhərrəmli müsahibəsində bildirib ki, 5 il bundan qabaq da “Ümid var”, “Adam içində” tipli verilişlərə müəyyən tövsiyələr verilib, xəbərdarlıqlar edilib: “Amma çox təəssüf ki, onlar həmin verilişlərin adını dəyişdirib başqa ad altında fəaliyyət göstərdilər. Cəmiyyət isə bizdən bu tip verilişlərə, ümumiyyətlə, özəl telekanallarda yayımlanan bayağı verilişlərə qarşı mübarizə aparmağı tələb edir. Lakin MTRŞ-nin səlahiyyətləri o dərəcədə deyildi ki, həmin verilişləri bağlasın. ”Televiziya və radio yayımı haqqında" Qanuna bu ilin fevral ayında dəyişiklik oldu və həmin dəyişikliklə MTRŞ-yə “Televiziya və radio yayımı haqqında” Qanunun pozulmasına görə həm verilişlərin, həm kanalların fəaliyyətini dayandırmaq səlahiyyətləri verildi. Fevral ayında qəbul olunmuş dəyişikliklər hüquqi qüvvəsini sentyabr ayının 16-da MTRŞ haqqında Əsasnaməyə dəyişikliklər oldu və biz sentyabrın 16-dan sonra bu sahədə ciddi işə başladıq. Bundan qabaq isə televiziya kanallarının rəhbərləri ilə ciddi söhbətimiz oldu və biz efirdəki nöqsanların aradan qaldırılmasını onlardan tələb etdik. Bizim verdiyimiz qərar tək ANS telekanalına aid deyil. Bu bütün televiziya kanallarına aiddir".



ANS-dən cavab gecikmədi: “ANS-i barmaqla hədələyib “bağlayaram haa” demək, şükür Allaha, ondan asılı deyil”


N.Məhərrəmli müsahibəsində bildirib ki, hazırda Azərbaycanın özəl televiziya kanalları demək olar ki, cəmiyyət üçün ən aşağı növ verilişlər hazırlayır və bu sahədə bir-biri ilə rəqabətə girirlər. MTRŞ sədri bu məqamda ANS-i digər kanallardan fərqləndirərək, daha ağır sözlər səsləndirib: “Çox təəssüf ki, ANS kanalı digər kanallardan fərqli olaraq 90-cı illərin ab-havası ilə yaşayır. Sanki onların etdikləri hər şey doğrudur. Heç kim onlara bir söz deyə bilməz. Bilirsiniz, dünənə qədər etdiyin işə görə sağ ol. Amma bu gün gördüyün işə görə cavab ver. Bəli, 90-cı illərin əvvəllərində ANS yeganə özəl kanal idi. O vaxt başqa özəl kanal yox idi. Azərbaycan həqiqətləri ilə bağlı dövlət televiziyasına nisbətən alternativ fikirlər yayımlayırdı. O dövr bu kanal üçün böyük imkanlar yaratmışdı və o kanala yaranmış imkanlardan bu kanal böyüdü. Bəli, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında ANS kanalının xidmətləri var. Amma eyni zamanda ANS Azərbaycan efirinə ilk dəfə pornoqrafik film gətirən, ilk ən aşağı səviyyəli yumoristik verilişlər verən, efirində ən ədəbsiz ifadələr işlədilən, cinsi azlıqların həyat tərzini adi bir iş kimi göstərən bir kanaldır. Hər ikisi bunda var. Biz görülən işlərə ”sağ ol" deyirik, amma bu gün bu nöqsanlar varsa, o nöqsanlara görə cavab verməlisən".



Telekanala qarşı cərimələrin çoxluğuna gəlincə, N.Məhərrəmli bildirib ki, cərimələr əsasən sponsorla bağlı reklam tələblərinin pozulmasına görə verilib. Daha öncəki illər telekanaldakı verilişləri bağlatmaq səlahiyyəti olmayan MTRŞ-nin əlində hazırda bu imkanların olması isə qurumun gücünü artırıb: “MTRŞ indiyə qədər televiziya kanallarına böyük güzəşt edirdi. Amma bizim səlahiyyətlərimiz o verilişləri qapatmağa imkan vermirdi. Biz verilişləri bağlada bilmirdik. Bəli, indi isə şuraya bağlamaq səlahiyyəti verilib. Bilirsiniz, efir heç bir televiziya kanalının rəhbərinin şəxsi mülkiyyəti deyil. Efirin dövlət mülkiyyətində olmasını başa düşməlidirlər. Oranın binası, maşın və avadanlıqlar onların mülkiyyəti ola bilər, amma efir heç kəsin mülkiyyəti deyil. Oradan başqalarına qarşı qərəzli şəkildə xüsusi kampaniya aparılarsa, o zaman telekanala qarşı çox ağır şəkildə cəza tədbiri görüləcək”.

“ANS Azərbaycan efirinə ilk dəfə pornoqrafik film gətirən, ilk ən aşağı səviyyəli yumoristik verilişlər verən, efirində ən ədəbsiz ifadələr işlədilən, cinsi azlıqların həyat tərzini adi bir iş kimi göstərən bir kanaldır”


N.Məhərrəmli ANS-in vitse-prezidenti Mirşahin Ağayevin bu nöqsanlar qarşısında səsləndirdiyi arqumentlərə də toxunub: “Birinci iclasda bizim arqumentlərimizin bəziləri ilə razılaşdığı və razılaşmadığı məqamlar oldu. O, bunu televiziya işi ilə bağlayır, deyir ki, burda şou yaratmaq üçün bunlar lazımdır, bunlar olmasa şou olmaz. Bildirir ki, söz oynatmaq, saxta ssenarilər, ciddi məsələlərin qeyri-ciddiyə çevrilməsi, yumoristik səhnəciklər - bunların hamısı lazımdır. Amma çox təəssüf ki, buradan çıxanda başqa formada ifadələr işlədir və ona uyğun olaraq da bizim adekvat cavablarımız olur. Mirşahin şuranın sonuncu iclasında da dedi ki, mən lazım olanda muma dönürəm, lazım olanda aslana dönürəm. Bu onun öz sözüdür”.

MTRŞ sədri eyni zamanda baş verənlərin ANS-lə rəhbərlik etdiyi qurum arasında olan məsələ kimi qələmə verilməsinin də yanlış olduğunu dedi: “Bu onların stilidir. Hər hansı bir məsələni onlara qarşı kampaniya kimi qəbul edirlər. Burda hər hansı kampaniya yoxdur. Tam səmimiyyətlə deyirəm, burada hər hansı qərəzdən söhbət gedə bilməz. Sadəcə, Azərbaycan efirində küçə mədəniyyəti, küçə tərbiyəsi, küçə psixologiyasında verilişlərin verilməsi onlara haqq qazandırmır”.

Müsahibədə N.Məhərrəmli telekanalların gələcək fəaliyyəti ilə bağlı maraqlı siqnallar da verib: “Lazım gələcəksə, biz o tip verilişlərdən də xilas olacağıq. Hətta yeri gələrsə, bütövlükdə televiziya kanallarından xilas olacağıq. Azərbaycanda qoy 10 televiziya kanalı olmasın, 6 və ya 7 televiziya kanalı olsun. Amma televiziya kanallarında Azərbaycanı təmsil edən gözəl verilişlər olsun. Azərbaycan efirindəki verilişlərə görə biz hər gün uduzuruq”.



“Nuşirəvan Məhərrəmli nə deyibsə, hamısı yalandır. Nəyə görə? Prinsipcə baxanda ANS televiziyası birinci yerdə durur. Bilmirəm, Nuşirəvan buna baxır, ya baxmır. Ümumiyyətlə, o, jurnalist deyil, xüsusilə televiziya sahəsində. Prezident İlham Əliyev çıxışlarının birində dedi ki, ay məmurlar, camaatı incitməyin. Bu da təsadüfi adamdır. Mən onu jurnalist kimi saymıram. O, senzuraçı məmurdur. Mən onun yerində olsaydım, bir dəfə ANS-ə gəlib soruşardım, nə var, nə yox, nə işlə məşğulsunuz?!"

Bunu cebhe.info-ya açıqlamasında “ANS” Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin telekanal haqqında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Mais Məmmədovun sözlərinə görə, MTRŞ sədri bütün telekanalların bir-birinə bənzəməsini istəyir: “O, çox şey deyə bilər. Onun istəyi budur ki, bütün telekanallar bir-birinə oxşasın. Bu, düzgün deyil. Onun televiziyadan anlayışı yoxdur. Bunu əməkdar jurnalist Mais Məmmədov deyir. 78 yaşım var, jurnalistikanı əzbər bilirəm. O isə təsadüfi adamdır, gəlib nə istəyir deyir, nə istəyir əmr edir. Nuşirəvan Məhərrəmli Azərbaycan televiziyasına nə verəcək, mən bilmirəm. ANS nələr etməyib? Sözün əsl mənasında vuruşub. Ancaq Nuşirəvan nə edib? Əmr verib, bir də cərimə. ANS-i barmaqla hədələyib “bağlayaram haa” demək, şükür Allaha, ondan asılı deyil. Nuşirəvan Məhərrəmli Moskvada təhsil alanda, ANS-in rəhbəri cəbhədə vuruşurdu. Çoxu qayıtmadı cəbhədən. Oxuduğun vaxt bir semestr akademik məzuniyyət götürüb gəlib cəbhədə vuruşardı. Bunun üçün vətənpərvərlik lazımdır".

ANS Teleradio Şirkəti Milli Televiziya və Radio Şurasını (MTRŞ) məhkəməyə verib. Şirkət MTRŞ tərəfindən verilən qərarların qanunsuz hesab edilməsi barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmənin birinci iclası oktyabrın 9-na təyin edilib. İşə hakim Müseyib Bayramovun sədrliyi ilə baxılacaq.

Bütün hallarda N.Məhərrəmlinin məlum müsahibəsi və ANS-ə qarşı atılan addımlar ciddi mətləblərdən xəbər verir. 2018-ci ilə qədər ölkədə azad söz adına bütün pəncərələrin qapadılacağı planı da bu versiyalardan sadəcə biridir. Hazırda ANS-in aparıcı fiqurlarından İlqar Mikayıloğlu, Azər Axşam və Aytən Səfərovanın qısa fasilələrlə ANS-i tərk edərək ATV-yə transfer olunması da təsadüfi deyil. Bu, ANS-in daxildən parçalanması kimi də qiymətləndirilə bilər.

Amma kanalın hansı səbəbdən “nişangah”a gəlməsi sual doğuran məqamlardandır. Versiyalardan biri kimi ANS-in cəzalanmasını onun efirində Şirməmməd Hüseynovun “Heydər Əliyev dövlətin yox, hakimiyyətin banisidir”, deməsi də səslənir. Xatırladırıq ki, ANS rəhbərliyi dövlət başçısı ilə münasibətləri sıcaq tutmaq üçün bir neçə dəfə cəhdlər göstərib. Lakin ANS-çilərə qarşı bu münasibətin səbəbləri hələlik sual olaraq qalır.

musavat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler