» » Təhsil Nazirliyindən ciddi xəbərdarlıq

Təhsil Nazirliyindən ciddi xəbərdarlıq

Bölmə: BLOK XƏBƏR
Təhsil Nazirliyindən ciddi xəbərdarlıq
Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, xüsusilə də "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmədiyini və bu şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımadığını bir daha bəyan edib.


“Qafqazinfo” xəbər verir ki, Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, vətəndaşların nəzərinə bir daha çatdırılıb ki, xaricdə təhsil işi ilə məşğul olan şirkətlərinin xidmətlərindən istifadə edərkən daha diqqətli olsunlar.

“Bu şirkətlərin fəaliyyətindən irəli gələn çətinliklərin tələbə və gənclərimizin taleyi ilə birbaşa əlaqəli olduğunu nəzərə alaraq bildiririk ki, Təhsil Nazirliyinə bir şikayətin belə daxil olması bizi dərindən narahat edir. Bəzi vətəndaşlar sadəcə xaricdə təhsil xətrinə bu cür vasitələrdən istifadə etsələr də, onlar nəzərə almalıdırlar ki, təhsil hər zaman əldə edilmiş bilik və bacarıqlar əsasında qiymətləndirilir. Bu bilik və bacarıqlar gənclərimizin hərtərəfli inkişafında və gələcəkdə layiqli işlə təmin olunmalarında müstəsna rol oynayır. Təəssüf ki, bəzi şirkətlər tərəfindən reytinqi və təhsilinin keyfiyyəti qat-qat aşağı olan universitetlərə sadələşdirilmiş yollarla (attestatla) tələbə qəbulu təşkil edilir ki, burada yüksək təhsildən söhbət gedə bilməz. Nəticədə bu tələbələr həm zəmanənin, həm də əmək bazarının tələbləri ilə uyğunlaşmada ciddi çətinliklərlə üzləşmə təhlükəsi ilə qarşılaşa bilərlər”.

Nazirliyi narahat edən digər hal isə odur ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na müsabiqənin tam ödənişsiz qaydada həyata keçirilməsinə baxmayaraq, sənəd qəbulunda iştirak etmək məqsədilə şirkətlər tərəfindən vətəndaşlardan kifayət qədər xidmət haqqı tələb olunur: “Halbuki, müasir İKT bacarıqlarından yararlanan və təhsil almaq istədiyi ölkənin tədris dilini bilən gənc həm xarici ali məktəbə qəbul prosesini, həm də Dövlət Proqramına sadələşdirilmiş elektron ərizə üzrə müraciəti özü həyata keçirə bilər. Bundan əlavə, bəzi şirkətlər gənclərimizə Dövlət Proqramı ilə bağlı müxtəlif həqiqəti əks etdirməyən vədlər verir və beləliklə, qanunu ciddi qaydada pozmaqla yanaşı, onların valideynlərini böyük maddi çətinliklərlə üz-üzə qoyur. Belə hallarla rastlaşan tələbə və valideynlərdən diqqətli olmalarını, heç bir şəxs və şirkətlər tərəfindən verilən vədlərə inanmamalarını və Təhsil Nazirliyinin "Qaynar xətt” xidmətinə (146) məlumat vermələrini xahiş edirik”.

Hazırda Təhsil Nazirliyi Dövlət Proqramına sənəd qəbulu və seçim prosesinin sadələşdirilməsi istiqamətində işləri davam etdirir və Dövlət Proqramında iştirak etmək arzusunda olan tələbələrə birbaşa nazirliyə müraciət etmələrini tövsiyə edir.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler