» » “Azərbaycanın hələ istifadə olunmayan silahı var”-

“Azərbaycanın hələ istifadə olunmayan silahı var”- Zakir Həsənov+Video

Bölmə: BLOK XƏBƏR
“Azərbaycanın hələ istifadə olunmayan silahı var”-
Sentyabrın 6-dan 13-dək davam edən Komanda Qərargah Hərbi Oyunlarında şəxsən iştirak edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov ANS-in vitse-prezidenti Mirşahin Ağayevə eksklüziv müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

-Cənab nazir, bu təlimlərin məqsədi nədir və miqyası necədir? Bu məqsəd Ali Baş Komandan tərəfindən necə müəyyənləşdirilib?

-Ali Baş Komandanın tapşırığı ilə Silahlı Qüvvələrin müharibə hazırlığı yoxlanılır. Onun əmri ilə qəflətən Silahlı Qüvvələrin bütün növləri - Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə Qüvvələri, Hərbi Donanma, artilleriya və raket qoşunları, quru qoşunlar həyəcan siqnalı ilə müəyyən rayonlara çıxarılır. Bu təlimlərin əsas məqsədi Silahlı Qüvvələrin təlim hazırlığının yoxlanılmasıdır. İlk növbədə biz idarəçiliyi yoxlayacağıq. Əmrlə bütün idarə məntəqələri - əsas, ehtiyat, qoşun növlərinin idarə məntəqələri - lazımi sahələrə çıxarılıb və hazır vəziyyətə gətirilib. Hazırda onların təchizatı və vəzifələri yerinə yetirmə səviyyəsi yoxlanılır.

Bildiyiniz kimi, qoşunların idarə olunması əsas vəzifələrdən biridir. İlk növbədə Son bir neçə ildə Silahlı Qüvvələrin təcrübəsi xeyli artıb. Bu da çox önəmlidir. Silahlı Qüvvələrinin I hazırlıq mərhələsi artıq yekunlaşır. Tam məsuliyyətlə deyirəm ki, I mərhələdə Silahlı Qüvvələr qarşıda duran bütün vəzifələri yüksək səviyyədə yerinə yetirib. Bütün normativlərə uyğun hərəkət ediblər.

Bu gün mən raket və artilleriya qoşunlarının tutduğu mövqelərdə oldum. Onların hazırlığını yoxladım və məruzələri dinlədim. Demək olar ki, Silahlı Qüvvələrimiz gündən-günə öz döyüş hazırlığını yüksəldir və qarşıda duran müqəddəs vəzifəsini yerinə yetirməyə tam hazırdır.

Xüsusi qeyd etmək istəyirəm ki, son illər qoşunlarımızın təchizatında böyük irəliləyiş olub. Belə ki, ən müasir silahlar qəbul etmişik. Hərbi hissələrimizdə 300 km-lik marşlar həyata keçirilib. Marş zamanı heç bir zirehli maşın geriyə qalmadan əmri layiqincə həyata keçirərək öz yerlərini tutub. Bundan əlavə, hərəkət vaxtı bütün döyüş növləri üzrə vəzifələrini yerinə yetiriblər.

-Silahlı Qüvvələrimizin təxminən neçə faizi hərbi təlimlərə cəlb olunub?

-Biz elan etdik ki, təxminən 65 minə yaxın şəxs təlimlərdə iştirak edir. Bu, Silahlı Qüvvələrimizin tarixində ən irimiqyaslı bir təlimdir.

-İndiyədək belə təlim olmayıb?

-Bu qədər geniş təlim indiyə qədər olmayıb. Ən əsası isə Silahlı Qüvvələrin əksər hissəsi bu təlimlərdə iştirak edir. Təbii ki, qoşunları tam şəkildə cəlb edə bilmirik. Bilirsiz ki, təmas xəttində vəziyyət necədir. Onların da bir qismi təlimlərə cəlb olunacaq. Bu təlimlərdə helikopter və təyyarələrdən də istifadə olunur.

-Bildiyimə görə, Ermənistan tərəfi provokasiya edib. Bir neçə təyyarə qaldırıb. Sonra nə baş verib ki, onlar öz təyyarələrini geri qaytarıblar?

-Biz təlimlər keçirdən vaxt onlar provokasiyaya əl atdılar. Belə ki, öz təyyarələrini havaya qaldırdılar. Azərbaycan sərhədinə istiqamətləndirdilər. Ancaq biz dərhal onların hərəkətini qeydə aldıq. Bizim Hərbi Hava Qüvvələrimiz daima döyüş vəziyyətindədir. Dərhal öz təyyarələrimizi havaya qaldırdıq, onlar isə öz sərhədlərindən 30 km ayrılmamış geri çəkilməyə məcbur oldu. Mən göstəriş verdim ki, əgər onlar 1 santimetr bizim sərhədi keçsəydilər, məhv ediləcəkdilər.

-Ermənistan prezidenti Sərkisyan Kremldə şikayət edirdi ki, Ermənistan-Azərbaycan sərhədində vəziyyət son iki həftədə daha gərgin olub. Hətta Azərbaycan tərəfi artıq artilleriyadan istifadə edir. Doğrudan biz artilleriyadan istifadə edirik?

-Ermənistan işğalçıdır. Ermənistan bizim torpaqları işğal edib. Bütün böyük problemlərin kökündə də elə bu məsələ dayanır. Ermənistan nə deyir desin, beynəlxaql qurumlar hamısı da bilir ki, Ermənistan işğalçıdır. Biz öz işğal olunmuş torpaqlarımızı azad etməliyik. Biz separatizmə terrorizm kimi baxmışıq. Separatizm dövlət səviyyəsində olan terrorizmdir. Dünyada heç kim terrorçularla söhbət aparmır. O ki qaldı cəbhə bölgəsindəki vəziyyətə, bildiyiniz kimi, biz Ermənistanı xəbərdarlıq etmişdik ki, əgər təxribat törətsələr, cavablarını layiqincə alacaqlar. Onların hər bir atəşinə mənim göstərişim var: “Onqat cavab verilməlidir”.

Əgər bizim mülki ailəyə atəş açsalar, göstərişimlə onların mövqelərinə, həm də onların yaşayış məskənlərinə layiqincə cavab veriləcək. Çünki ayrı yol yoxdur. Onlar bilərək, dəfələrlə edilmiş xəbərdarlığa baxmayaraq bizim mülki əhaliyə atəş açıblar. Xatırlayırsınızsa, onlar hətta bu yaxınlarda toy mərasimini atəşə tutdular. Amma bu atəşdən öncə mən ermənilərə xəbərdarlıq etmişdim. Cavab onqat iriçaplı silahlardan verilməlidir.

-Deməli, Azərbaycan artilleriyadan istifadə edir və Sərkisyanın dedikləri doğrudur?

-Azərbaycan onların atəşinə bütün imkanları ilə cavab verir. Əgər onlar çirkin niyyətlərindən əl çəkməsələr, daha sarsıdıcı zərbə vurulacaq.

-Bizim bu hərbi təlimlərdə elə silah varmı ki, indiyədək istifadə olunmayıb və Azərbaycan silahlarının tacıdır?

-Var! Biz bu silahı o təlimlərə cəlb etmişik. Mən şəxsən o silahın yerləşdiyi mövqedə olmuşam. Onun döyüşə hazırlıq vəziyyəti ilə yaxından tanış olmuşam. Şəxsi heyət qısa bir müddətdə bu silahın sirlərini mənimsəyib və yaxşı nəticələr göstərdiyini sübut edib.

-Hərbi təlimlərin gedişində özünüz dediyiniz kimi, müxtəlif qoşun növləri iştirak edir. Bu qoşun növləri arasında rabitə, uzlaşma hansı səviyyədədir? Hər şey qaydasındadırmı? Elə bir çatışmazlıq varmı ki, bu üzə çıxdı və siz bunu nəzərə alacaqsınız?

-Bizim keçirdiyimiz bu təlimlərin əsas məqsədi - qarşılıqlı fəaliyyət və iştirak, idarəçilikdə bütün qoşun növlərinin birgə fəaliyyətini təşkil etmək, məntəqələrin bütün idarəçilik imkanlarından istifadə etməkdir. Yəni bütün qoşun növlərindən qarşılıqlı istifadə edərək düşməni darmadağın etməkdir. Bildiyiniz kimi, biz bütün KİV-lərə məlumat vermişdik ki, əsas məqsəd qoşunların idarəçiliyi və əks-hücumun dəf olunması, düşməni mühasirəyə alıb darmadağın etmək olub.

Qeyd edim ki, təlimlər zamanı yaranan nöqsanlar artıq aradan qaldırılıb. Cənab prezidentin diqqət və qayğısı nəticəsində əldə etdiyimiz avadanlıq bizə imkan verir ki, idarəçiliyi daha yüksək səviyyədə təşkil edək. Hətta burada avtomatlaşdırılmış sistemlər, yeni proqramlar tətbiq olunur. Bu avadanlıqlar bizə şərait yaradır ki, hadisələri qısa bir müddətdə təhlil edək və düzgün qərar qəbul edək.

-Cənab nazir, “Shant-2015” yəqin məlumatınız var? Ermənilərin də belə təlimləri keçirlib. Amma onlar çadırlar qururlar, mülki əhalini guya evakuasiya edirlər, yaralıları atəş zonasından çıxarırlar. Ümumiyyətlə, onların təlimlərinə münasibətiniz necədir? Bəs biz təlimlər zamanı niyə çadırlar qurmuruq, mülki əhalini çıxarmırıq, simulyasiya etmir?

-Bilirsiniz, əgər təlimlərin mahiyyətinə baxsaq, bilmək olar ki, onlar nəyə hazırlaşır, biz nəyə hazırlaşırıq. Buradan görmək olar ki, vəziyyət necə olacaq. Hər kəs öz imkanlarına və niyyətlərinə uyğun təlimləri təşkil edir. Bu gün tam əminliklə deyə bilərəm ki, Ali Baş Komandanın tapşırığı nəticəsində Silahlı Qüvvələrin döyüş qabiliyyəti, hazırlığı o səviyyədədir ki, biz işğal olunmuş ərazilərimizi istənilən vaxt azad etməyə tam hazırıq. Ona görə də mən istərdim ki, düşmən son anda başa düşsün ki, bu, onlar üçün faciə ilə nəticələnə bilər. Hələ ki, gec deyil, bizim torpaqlarımızı azad etsin!

-Təlimlərin növbəti mərhələsində hansı proseslər öyrəniləcək və Azərbaycan Silahlı Qüvvələrinin daha hansı bölmələri bu proseslərə cəlb olunacaq?

-Təlimlərin növbəti mərhələsində bütün qoşun növlərinin praktiki tətbiqi keçiriləcək. Tank, raket, artilleriya, Hərbi Hava Qüvvələrinin taktiki manevrləri həyata keçirəcək. Bura raket və artilleriya zərbələri, hava hücumları daxildir. Sonrakı təlimlərdə də helikopterlər, təyyarələr yenə də iştirak edəcək.

Bundan başqa, təlimlərə Silahlı Qüvvələrin digər növləri - istehkamçılar, kəşfiyyatçılar, xüsusi təyinatlı qoşunlar da cəlb olunacaq. Deyə bilərəm ki, Silahlı Qüvvələrin döyüş vaxtı tətbiqini bu təlimlərdə sınaqdan çıxardıq. Bir daha vurğulayıram ki, Ali Baş Komandanın da tapşırığı bundan ibarətdir ki, biz qoşunların döyüş qabiliyyətini təhlil və məruzə edək.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler