» » Heydər Əliyevin gizli Qarabağ danışıqları –

Heydər Əliyevin gizli Qarabağ danışıqları – İlk dəfə

Bölmə: BLOK XƏBƏR
Heydər Əliyevin gizli Qarabağ danışıqları –
“Çox təəssüf ki, Heydər Əliyevin Qarabağ ətrafında danışıqları çox sirli gedib və heç bir sənəddə qeydə alınmayıb”.

Bu sözləri “Axar.az”a açıqlamasında politoloq Vəfa Quluzadə deyib.

O, atəşkəs müqaviləsinin sülh müqaviləsi olmadığını bildirib:

“Atəşkəs müqaviləsi sülh müqaviləsi deyil. Ona görə də hər gün cəbhə xəttində atəşkəs pozulur. Müharibəni hər dəqiqə başlamaq olar. Bilirsiniz, “müharibəni başlamaq haqqına sahibik” demək çox gülüncdür. Müharibə başlamaq haqqı yoxdur. Bütün müharibələri müxtəlif rejimlər heç kim tərəfindən icazə istənilmədən başlayıblar. Məsələn, İkinci Dünya Müharibəsində görün nə qədər hücumlar olub. Onu xırdalasaq, görərik ki, İkinci Dünya Müharibəsi çərçivəsində 10-15 savaş olub. Sovet İttifaqı Polşaya hücum edib, Hitler Almaniyası Avstriyanı özünə birləşdirib. Yəni bunların hamısı icazə istəmədən olub. Ona görə də o adamlar deyəndə ki, Azərbaycanın hüququ var müharibəyə başlasın, bu, çox gülünc alınır. Bu adamların dünyada işlərin necə getdiyindən xəbərləri yoxdur. İndi başa düşmək lazımdır ki, niyə bizim 20% torpağımız işğal olunub və niyə sülh mümkün deyil? Ona görə mümkün deyil ki, Rusiya işğal edib. Onların məqsədi odur ki, iki xalqı, iki ölkəni özündən asılı etsin.

Rusiya imperiyadır. Onun özünün geosiyasi, geostrateji maraqları var. Bu iki ölkəni müharibə vəziyyətində saxlamaq Rusiyanın geostrateji maraqlarına uyğun, bizim və erməni xalqının maraqlarına isə uyğun deyil. Ona görə də Azərbaycan və Ermənistan hər dəfə sülhə addım atanda Rusiya bu sülhü pozur”.

Atəşkəs müqaviləsi 20 illik imzalanmayıb

Politoloq atəşkəs müqaviləsinin 20 il müddətinə imzalanmadığını deyib:

“Atəşkəsin 20 illiyini deyən adamlar anlamırlar ki, bu 20 illiyə hesablanmamışdı. Atəşkəs imzalananda belə bir formula ilə imzalanmışdı ki, sülh əldə olunana qədər davam edəcəkdir. O atəşkəs razılaşması imzalananda bizim də, ermənilərin də arzusu ondan ibarət idi ki, tezliklə sülhə nail olaq. Amma 20 il keçib və biz sülhə nail ola bilməmişik. Ona görə nail ola bilməmişik ki, Rusiya buna icazə vermir. Mən bunu dəfələrlə mətbuatda demişəm. 1996-cı ildə sülh ərəfəsində Levon Ter-Petrosyan vəzifəsindən istefaya göndərildi, 1999-cu ildə isə erməni parlamenti gülləbaran edildi”.

Vəfa Quluzadə Bişkek protokolunun o zaman Rusiya tərəfindən hazırlandığını söyləyib:

“Məsələ ondan ibarətdir ki, atəşkəs Rusiyaya lazım idi. Rusiya bu atəşkəsi öz istədiyi kimi əldə etmək istəyirdi. Bişkek protokoluna nəzər yetirsək, görərsiniz ki, bu, tamamilə Rusiya tərəfindən hazırlanmışdı. Bu protokolda belə bir söz işlətdilər ki, Azərbaycan, Ermənistan və Qarabağ erməniləri imza atır. Bu şəkildə təqdim etdilər. Lakin biz o vəsiqəyə Moskva tərəfindən təklif olunmadığı halda öz əlimizlə Qarabağ icmasının o zamanki rəhbəri Nizami Bəhmənovun imzasını qoyduq. Ona görə bu atəşkəs o zaman Bişkekin əsasında olmadı. Atəşkəsin formasını sonralar Kazimirov tərtib etdi. Kazimirovun təklifi ondan ibarət idi ki, atəşkəs üç aya bağlanılır. Həqiqətən o zamanlar elə qanlı döyüşlər gedirdi ki, tərəflər buna razı ola bilərdilər. Bax, o zaman biz Rusiyadan gizli Paris vasitəsilə bu atəşkəsi hazırladıq. Jirayr Lipardyan Levon Ter-Petrosyanla bir otaqda, mən isə Heydər Əliyevlə bir yerdəydim. Onda biz belə formula işlədik ki, atəşkəs sülh əldə olunana qədər davam edəcəkdir. Bu formulun özü yaxşı idi. O, imkan verir ki, iki xalq bir-biriylə sülh əldə olunana qədər müharibəni başlamasın”.

Qarabağda sülhə ən böyük zərbə nə oldu?

O, Ermənistan Parlamentinin gülləbaran edilməsinin Qarabağ ətrafındakı sülh prosesinə vurulmuş ən ağır zərbə olduğunu qeyd edib:

“Əgər iş Azərbaycanla Ermənistana qalsaydı, biz burada həqiqətən böyük nailiyyətlər əldə etmişdik. Məsələn, 1999-cu ildə Heydər Əliyevlə Köçəryanın arasında danışıqlar oldu. Bu danışıqların pərdə arxasında Ermənistanın güclü şəxsiyyətləri Vazgen Sərkisyan, Karen Dəmirçiyan dayanmışdı. Biz o razılığa gəlmişdik ki, Rusiyadan soruşmadan bu sülhü əldə edək. Müqaviləni İstanbul sammitində imzalayacaqdıq. Ozü də onlar bizə zəmanət vermişdilər ki, biz bütün qoşunları bir əmrlə eyni anda bütün 7 işğal olunmuş rayondan çəkirik. Heç bir müşahidəçi və sülhməramlı qoşunu ora yeridilməməli idi. Yəni ermənilər bizim sözümüzə inanıb bura sülhməramlı qoşun yeridilməməsinə razılıq vermişdilər. Yəni biz bir-birimizə inanırdıq. Qarabağ məsələsi isə başqa idi. Biz ermənilərə Qarabağda güzəştə gedirdik. Sülh 1999-cu ildə əldə olunacaqdı. Parlamentdə Ermənistanın iki ən güclü şəxsiyyəti, özləri də Rusiyanın adamları olan Karen Dəmirçiyanla Vazgen Sərkisyan gülləndi. Onları güllələməklə Moskva Ermənistanın sülh məsələsində mövqeyinə zərbə vurdu. Çünki onlar olanda Ermənistan müstəqil siyasət yürütməyi bacarırdı, yəni müstəqil qərar verə bilirdi”.

Politoloq parlamentin gülləbaran edilməsindən sonra Ermənistanın müstəqil siyasət yürüdə bilməyəcəyini anladığını bildirib:

“Vazgen Sərkisyan, Karen Dəmirçiyan və Ermənistan prezidenti buna imza qoyanda etibar edə bilirdilər ki, Moskva bununla hesablaşacaq. Gülləbaran olandan sonra ermənilərin sülhə inamı sındı. Ermənilər başa düşdülər ki, onlar Moskvadan ayrı müstəqil sürətdə addım ata bilməzlər. Bu hadisələri ört-basdır edirlər. Bu hadisələr haqqında məndən başqa heç kim danışmır. Ermənistanda da bunun ardınca düşmürlər. Soruşmurlar ki, niyə parlamentdə seçmə adamları güllələyiblər? Hamı bilir bunun arxasında kim dayanıb, amma danışmır. Çünki qorxurlar. Başqaları da sakit durur. Çünki hesab edirlər ki, onu eşələməklə Rusiyanı qıcıqlandırarlar”.

Rus sülhməramlılar Qarabağda yerləşdiriləcəkmi?

Vəfa Quluzadə nədənsə sülhməramlıların regiona hansı yolla gətiriləcəyi haqqında heç kimin danışmadığını deyib:

“Heç kəs bilmir ki, sülhməramlıları regiona hansı qərar əsasında gətirə bilərlər. 1994-cü ildə Budapeşt sammiti oldu. Burada belə bir qərar qəbul olundu ki, regiona gətiriləcək sülhməramlı qüvvələr Rusiyadan ibarət ola bilməz. Budapeşt sammitində Rusiya tələb etdi ki, BMT ona mandat versin və Rusiya BMT-nin mavi dəbilqələrini geyinib bu regiona girsin. O zaman buna biz də etiraz etdik. ABŞ-ın o zamankı dövlət katibi Kristofer burada böyük iş gördü. Qərar belə oldu ki, sülhməramlı qüvvələrin tərkibində Rusiyanın sayı 30%-dən artıq olmasın. Bunların qalanları isə amerikalılar, avropalılar, hətta türklərdən ibarət olmalıdır. Çox təəssüf ki, bunu heç kim bilmir. Bu qərar böyük nailiyyət oldu. Rusiya və ermənilər bu qərarın adını çəkmir. Mən bilmirəm ki, niyə bizimkilər bu qərar haqqında danışmırlar? Mən buna bir daha işarə edirəm. Mən hamısının iştirakçısı olduğuma görə bunu bilirəm”.

O, Heydər Əliyevin Qarabağ ətrafında apardığı danışıqların gizli qaldığını və heç yerdə qeydə alınmadığını söyləyib:

“Çox təəssüf ki, Heydər Əliyevin Qarabağ ətrafında danışıqları çox sirli gedib və heç bir sənəddə qeydə alınmayıb. Bu sənəd də öz əksini İstanbul sammitində tapacaqdı. Orada qəbul olunacaqdı ki, Azərbaycan və Ermənistan sülhə imza atmağa hazırdır. O zaman bu danışıqların hamısı qüvvəyə minəcəkdi. Ancaq təəssüf ki, bunların hamısı söz olubdur. Bu sirli danışıqlardan yeganə adam mənəm ki, ondan tam sürətdə xəbərim var. Köçəryanla Heydər Əliyevin Cenevrədə gizli danışığını çıxan kimi Heydər Əliyev təkcə mənimlə bölüşmüşdü. O, təkbətək görüşürdü. Ona görə də bizim xəbərimiz olmalıdır ki, sülhməramlılar bura necə gələcəklər. Biz tələb etməliyik ki, bura Türkiyə və hər hansı Qərb ölkələrinin ordusunun sülhməramlıları gəlsin”.

Sülhə az qalıb

Politoloq artıq Qarabağ konfliktinin sülhə yaxın olduğunu qeyd edib:

“Bilirsiniz, artıq sülh müqaviləsinin qoxusu gəlir. Çünki Rusiya Ukraynadan sonra gizli sürətdə uduzur. Onlar zəifləyəcəklər. Ona görə də Qərblə Rusiya arasında danışıqlar başlayandan sonra ABŞ ondan tələb edə bilər ki, Qarabağ və Moldovadakı münaqişəyə son qoysun. Rusiya da buna razılıq verə bilər. Azərbaycan və Ermənistan çoxdan sülhə hazırdır, amma bizə buna nail olmağa imkan vermirlər. Ukraynada onsuz da Rusiya Krım boyda payını götürdü. Hər bir münaqişə danışıqlarla yekunlaşır. Ukrayna məğlubiyyətindən sonra Qərblə Rusiya arasında danışıqlar olacaq. Mən hər hansı bir sülhü alqışlayıram. Çünki sülh böyük şey olacaq. Mən bir şeyi qeyd etmək istəyirəm ki, Azərbaycanın mövqeləri həmişə şərəfli və güclü olub. Siz təsəvvür edin ki, bizim 7 rayonumuz 1999-cu ildə işğaldan azad olunsaydı, nə qədər irəli düşərdik. Onsuz da indi Uorlikin təklifində Qarabağın müstəqilliyindən söhbət getmir. Təklifdə məsələ budur ki, bizim yeddi rayonumuz geri qaytarılsın, Qarabağın status məsələsi qalsın gələcəyə. Bunu yazıq Levon Ter-Petrosyan 1996-cı ildə demişdi. Biz də buna razılıq vermişdik”.
- See more at: http://axar.az/

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler