» » Ukrayna, yoxsa Suriya: –

Ukrayna, yoxsa Suriya: – Təhlil

Bölmə: BLOK XƏBƏR, MANŞET
Ukrayna, yoxsa Suriya: –
ABŞ prezidenti Barak Obama Suriya inqilabi və müxalifət qüvvələrinin milli koalisiyasının rəhbəri Əhməd Carba ilə görüşəcək.

Publika.az xəbər verir ki, bu barədə İspaniyanın EFE agentliyi məlumatlı mənbəyə istinadən bildirib.

Görüşün yaxın günlərdə baş tutacağı deyilir. “Biz gözləyirik ki, prezident Suriya inqilabi və müxalifət qüvvələrinin milli koalisiyasının rəhbəri Əhməd Carba ilə görüşəcək”, - mənbə deyib.

Qeyd edək ki, Ə.Carbanın ABŞ-a səfəri bu həftə başlayır. O, 14 May tarixinə kimi ABŞ-da görüşlər keçirəcək.

Səfərin Ukraynada vəziyyətin gərgin olduğu bir vaxtda həyata keçirilməsi isə təsadüfi hesab edilmir. Ekspertlər hesab edir ki, Vaşinqton Qərbin Ukraynadakı bütün maraqlarını tapdalamaqda israrlı olan Rusiyanı məhz Suriyada cəzalandırmaq istəyir. ABŞ ötən il Suriyanın əlindəki kimyəvi silah arsenalının ölkədən çıxarılaraq məhv edilməsi ilə bağlı Moskvanın planını qəbul etməklə bir növ Rusiya qarşısında geri çəkildi. Halbuki, kimyəvi silahdan istifadənin minlərlə insanın ölümünə səbəb olmasından sonra ABŞ-ın Suriyaya hərbi müdaxiləsinə günlər qaldığı deyilirdi. Amma ABŞ Rusiya ilə razılaşmaqla Moskvanın Suriyadakı maraqlarını nəzərə almış oldu.

Moskvanın Ukraynada oyun qaydalarını tamamilə pozduğunu iddia edən Vaşinqton bunun əvəzinə Suriyada çıxmaq niyyətindədir. İndiki situasiyada keçən illə müqayisədə Vaşinqton üçün daha əlverişlidir.

Birincisi, Rusiyanın başı Ukraynaya qarışıb. Buna görə də Rusiyanın əvvəlki illərdə olduğu kimi Suriya məsələsinə diqqət yetirəcəyi və Qərblə bir neçə cəbhədə vuruşacağı inandırı görünmür. Bundan başqa. Ukraynanın Rusiya üçün Suriyadan daha önəmli olduğunu hər kəs bilir.

İkincisi, Qərb üçün situasiyanı daha əlverişli edən digər bir amil İranla normallaşan münasibətlərdir. İran Qərblə yekun razılaşma əldə edərək sanksiyalar yükünü üzərindən atmaq niyyətindədir. Suriya məsələsində birmənalı olaraq Rusiyanın yanında yer alaraq Qərbə qarşı çıxan Tehranın bundan sonra eyni qayda ilə Qərbi qəzəbləndirə biləcəyi ağlabatan deyil.

Bu günlərdə isə ABŞ başda olmaqla NATO-ya üzv olan ölkələrin Bəşər Əsədin devrilməsi məqsədilə Suriya ərazisinə iri miqyaslı hücumu planlaşdırdığı barədə iddialar səsləndi. İddialara görə, NATO hərbçiləri Suriya ərazisinə iri miqyaslı hücum etmək üçün artıq döyüş planını da tərtib edib.

Plana görə, Bəşər Əsədin devrilməsi üçün artıq Avropa ölkələrinin xüsusi xidmət orqanları əsasən, postsovet dövlətlərindən Avropaya gəlmiş və daimi yaşayış statusu ala bilməyən, eləcə də müəyyən hərbi hazırlığa malik olan şəxslərdən ibarət muzdlu döyüşçülər seçirlər. Birinci mərhələdə seçilmiş muzdlu döyüşçülər Hollandiyanın Utrext şəhərində yerləşən təlim düşərgəsinə toplanılır və onların hansı istiqamətdə istifadə olunacağı barədə qərar qəbul olunur. İkinci mərhələdə muzdlular NATO-nun Belçikadakı hərbi təlim bazasına gətirilərək, qrup halına salınır, onlara partlayıcı maddələrlə iş və döyüş taktikasına dair biliklər aşılanır.

Üçüncü mərhələdə isə qrup halına salınmış muzdlular Türkiyə-Suriya sərhədindən keçərək, döyüş bölgələrinə daxil olur və Türkiyənin “İncirlik” bazasından, eləcə də döyüş bölgələrində yaradılmış mobil mərkəzlərdən onlara tapşırıqlar verilir.

İddialar hər nə qədər qeyri-rəsmi olsa da və mətbuat səhifələrində səsləndirilsə də ABŞ-ın Suriya siyasətinin Ukrayna hadisələrindən sonra dəyişdiyi şübhəsizdir.

Başqa bir faktı da qeyd edək. Son günlər ABŞ, Fransa və Böyük Britaniyanın xüsusi xidmət orqanlarının Suriya rejimində məxfi kimyəvi silah arsenalının olması barədə iddiaları artmağa başlayıb. Ekspertlər isə sözügedən iddiaları İraq işğalı öncəsi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) irəli sürdüyü iddialara oxşar olduğunu bildirirlər. Xatırladaq ki, MKİ həmin vaxt bir hesabatında İraq rəhbərliyinin kütləvi qırğın silahlarına malik olduğunu bildirmiş və bu İraqın işğalı üçün əsas olmuşdu. Məlum olduğu kimi, İraq işğalından sonra bu ölkədə heç bir kütləvi qırğın silahı tapılmadı.

Suriya müxalifəti əlindəki silahlar da artıq əvvəlki kimi adi silahlar deyil. Suriya müxalifətinin silahlandırılması ilə bağlı bir çox qadağaların olmasına baxmayaraq, bir müddət əvvəl internetdə onların ən yeni silahlarla təhciz edildiyini göstərən görüntülər yayılmışdı. Belə ki, Türkiyənin də dəstəklədiyi Suriya Azad Ordusunun yüksək rütbəli liderlərindən olan Salim İdrisə yaxınlığı ilə tanınan “Hazm” hərəkatı ABŞ istehsalı olan tankvuran “TOW” raketləri əldə edə bilib.

Sözügedən silahların “Hazm” hərəkatının əlinə keçməsini göstərən görüntülər “YouTube” vasitəsilə yayılıb. Raketlərin müxalifətin əlinə necə keçdiyi məlum deyil. Amma daha çox Səudiyyə Ərəbistanı üzərində dayanılır. ABŞ-ın istehsal etdiyi tankvuran raketlərin alıcıları arasında Türkiyə və Səudiyyə Ərəbistanı ilə yanaşı təxminən 40 ölkə var. Raketlərin başqa bir ölkəyə satılması da qadağa edilib.

Salin İdrisə bağlı olan Ali Hərbi Şura ABŞ Konqresinin qərarına uyğun olaraq bu ölkədən silah alan yeganə müxalif qrup statusundadır. “TOW” raketlərini üçüncü bir ölkəyə çatdırılmasına icazə verməyən ABŞ-ın bu silahların Suriya müxalifətinə verilməsindən xəbərsiz olduğu da güman edilmir.

İddialara görə, ABŞ prezidenti Barak Obama mart ayının sonunda Səudiyyə Ərəbistanına etdiyi səfərində Suriya müxalifətinə tankvuran raketlərin çatdırılması ilə bağlı Kral Abdullahla razılıq əldə edib. Raketlərin “Hazm” hərəkatının əlinə keçməsini göstərən videolar bu görüşdən dörd gün sonra internetə yüklənilib.

Səudiyyə Ərəbistanı ötən ilin dekabrında 15 min “TOW” raketi almaq üçün ABŞ-la razılaşma əldə edib.
“TOW” raketləri “tank qatili” olaraq tanınır. Bu silahların müxalifətin əlinə keçməsindən sonra müxalifət-rejim qarşıdurmasında az da olsa tarazlıq yaranacağı proqnozlaşdırılır.

Sonda əlavə edək ki, Ə.Carba ABŞ prezidenti ilə görüşməklə bir ilkə imza atacaq. İndiyə kimi Suriya müxalifətinin liderləri ən yaxşı halda dövlət katibi Con Kerri ilə görüşə bilmişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler