» » Deputatın tutdurduğu qarovulçuya 12 il cəza verildi

Deputatın tutdurduğu qarovulçuya 12 il cəza verildi

Bölmə: BLOK XƏBƏR, MANŞET
Deputatın tutdurduğu qarovulçuya 12 il cəza verildi
Xalqinfo.az xəbər verir ki, Məhkəmədə Əsabil Qasımovun zavodundan Ermənistana un daşındığı açıqlandı; Rövşən Hacızadə: "Əsabil Qasımov öz qumarbaz ətrafını, yaxınlarını müdafiə etmək üçün məni həbs etdirdi"


Avqustun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə dələduzluqda ittiham olunan Rövşən Hacızadə və Qərib Əmiraslanovun cinayət işi üzrə məhkəmə sona çatıb. Dövlət ittihamçısı R.Hacızadənin 12, Q.Əmiraslanovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Hakimin elan etdiyi hökmdə R.Hacızadəyə heç bir güzəşt olmayıb, onun Qarabağ döyüşçüsü olması belə nəzərə alınmayıb. Onu dövlət ittihamçısının istədiyi cəza müddətinə həbsə məhkum edən hakim Q.Əmiraslanova münasibətdə loyallıq nümayiş etdirib və 3 il şərti cəza verməklə məhkəmə adlı proses sona çatıb. Beləliklə, deputat Əsabil Qasımovun xalası oğlu olan Q.Əmiraslanov məhkəmə zalından evinə, R.Hacızadə isə cəza evinə aparılıb.

R.Hacızadə deputat Əsabil Qasımovun yaratdığı, hazırda oğlunun idarə etdiyi “Karat” MTK-da çalışıb. Faktiki qarovulçu olsa da, rəsmi sənədlərdə adı MTK-nın icraçı direktoru kimi qeyd olunub. Buna görə də ittiham aktında da adı “Karat” MTK-nın icraçı direktoru kimi keçir və məhkəmə qarşısına da bu vəzifənin daşıyıcısı kimi çıxarılıb. İttiham aktında yazılıb ki, Rövşən Hacızadə tanışı Qərib Əmiraslanovla qabaqcadan əlbir olub tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər. Onlar MTK-nın Bakı şəhərində inşa etdiyi çoxmərtəbəli yaşayış binasında əvvəllər ayrı-ayrı şəxslərə satılmış 5 mənzili və 4 avtodayanacaq yerlərini təkrarən başqa şəxslərə satmaqla 1 milyon 112 min manat məbləğində pulu mənimsəyiblər. Buna görə də Rövşən Hacızadə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı), Qərib Əmiraslanova isə 178.3.2-ci maddəsi ilə ittiham elan olunub.

Məhkəmə prosesləri zamanı R.Hacızadə günahsız olduğunu dəfələrlə hakimin diqqətinə çatdırıb. Deyib ki, deputat Əsabil Qasımov böyük biznes şəbəkəsində çalışan qohumlarını ona məxsus gəlirlərdən, əmlaklardan özbaşına istifadədən çəkindirmək üçün onu həbs etdirib. Bununla yaxınlarına dərs vermək niyyəti güdüb. R.Hacızadə məhkəmədəki son sözündə isə deyib ki, Əsabil Qasımovun sifarişi ilə tutulduğundan məhkəmədən ədalət gözləmir, ona cəza veriləcəyinə də şübhəsi yoxdur: “Burada mən yox, həmin əmlakları satıb pulunu mənimsəyən əsl iştirakçılar oturmalı idi. Çox təəssüf ki, Əsabil Qasımov öz qumarbaz ətrafını, yaxınlarını müdafiə etmək üçün məni həbs etdirdi. Mən Qarabağ döyüşçüsü olmuşam. Vətənim üçün canımdan keçmişəm. Marneulidə Əsabil Qasımovun taxıl zavodunda istehsal etdiyi un isə Ermənistana gedir. Mən həyatımı düşmənlə mübarizəyə sərf etmişəm. Bu adam isə milyonlarla vergidən yayınıb, özünə Bakıda biznes qurub. Bu gün onun şəriki olan ”Azimport"un rəhbəri Rəşad Məmmədov həbsdədir. Bir gün Əsabil Qasımovun da etdiklərini araşdıran olacaq və o da şərikinin aqibətini yaşayacaq".

R.Hacızadə deyib ki, onun MTK-ya məxsus mənzilləri satması haqda ittiham aktında yazılanlar cəfəngiyyatdır: “Əsabil Qasımov gecə yarısı tikinti yerinə gəlib armaturları sayan adamdır. Necə ola bilər ki, mən binadan mənzil satım, onun xəbəri olmasın? Həmin mənzilin alt və üst mərtəbələrində Əsabil Qasımovun qaynı və qardaşı yaşayır. Mənzil 1 il təmir olunub. 1 il ərzində onun xəbəri olmadan binadakı mənzildə kimsə təmir apara bilərdi?”

R.Hacızadənin vəkili Ceyhun Yusifov bildirdi ki, məhkəmə dövründə ittiham öz təsdiqini tapmadı: “Faktiki olaraq Rövşən Hacızadənin dediyi təsdiqləndi. İttiham aktı və hökm hüququn aliliyinə istinad etmir. İşdən göründüyü kimi, Əsabil Qasımov Taleh Qasımov, Elçin Qasımov və Şamama Qasımovanın adına mövcud olan, bazar qiyməti 10 milyonlarla ölçülən əmlaklara dair Rövşən Hacızadəyə etibarnamə verib. Niyə o həmin əmlakları deyil, dəyəri dəfələrlə aşağı olan əmlakları müxtəlif şəxslərə satıb. Bu nə dərəcədə inandırıcıdır? Başqa bir məqam - məhkəmədə Rövşən Hacızadədən şikayətçi olmadı. Çoxsaylı vəsatətlərimiz təmin olunmadı. Rövşən Hacızadəyə 308.2 - vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və 313-cü vəzifə saxtakarlığı ittihamlarının qarovulçuya verilməsi də hüquqla tərs mütənasibdir. Məhkəmə saxta itthamın bu hissəsində də mövqeyini göstərmədi”.
C.Yusifov hökmdən apelyasiya şikayəti veriləcəyini də söylədi.

Musavat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler