» » “Qızlara su aldı, amma cibində pulu yox idi...”- Fövqəlnazirin gəncliyi

“Qızlara su aldı, amma cibində pulu yox idi...”- Fövqəlnazirin gəncliyi

Bölmə: BLOK XƏBƏR, MANŞET
“Qızlara su aldı, amma cibində pulu yox idi...”- Fövqəlnazirin gəncliyi
AzVision.az saytı Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun gənclik illərinə işıq salıb. Nazirin sinif rəhbəri və keçmiş iş yoldaşları onunla bağlı maraqlı xatirələrini bölüşüblər. "Qafqazinfo" həmin reportajı ixtisarla təqdim edir:


Naxçıvanda orta məktəbdə təhsil aldığı zaman Kəmaləddin Heydərovun sinif rəhbəri olmuş Sevil Əliyeva saytımıza onunla bağlı maraqlı xatirələrini danışıb:

- Kəmaləddingilə 6-10-cu siniflərdə rəhbərlik etmişəm. Məktəb illərində ona Kamal da deyirdik. Sinifin ən sevimli şagirdi idi. Təşkilatçılıq bacarığı yüksək idi. Məktəbin ilk Komsomol təşkilatının katibi olub. Musiqi bacarığı yüksək idi. Özfəaliyyət dərnəklərində iştirak edirdi. Həmişə dərslərə davamlı gəlirdi. Heç vaxt yubanmırdı. Ağıllı və dərrəkalı şagird idi. Tənəffüslərdə həmişə əlində kitab olardı. Ən çox dəqiq elmlərə maraq göstərirdi. Dünyagörüşü çox geniş idi. Mən onlara biologiya fənnini tədris edirdim.

Kamal daha çox xalq musiqilərilə maraqlanırdı. Gözəl səsi vardı. Sinif yoldaşlarının yanında həmişə yaxşı mahnılar ifa edirdi. O vaxtlar uzun saçları vardı. Həmişə yoldaşları ilə məzəli zarafatlar edərdi. Müəllimlərinə çox hörmət qoyurdu.

Başqa şagirdlərin qulaqlarından çəkdiyim olub, amma Kamala heç vaxt əl uzatmamışam. Yadımdadır, o sinfin uşaqları həmişə kolbasa-çörək alaraq, əllərində yeyə-yeyə sinfə gələrdilər. Çox sadə geyinirdilər, hətta “venetka”ya hamısı bir pencək geyərək çəkilmişdilər.



Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun orta məktəb illərində sinif yoldaşı olan Tofiq Ələsgərov da onunla bağlı xatirlərini bölüşdü:

- Deyib-gülən bir oğlan idi. Bacarığı və qabiliyyəti ilə seçilirdi. Yadımdadır, musiqiyə çox meyilli idi. Bir gitarası vardı, şənliklərimizin daha da maraqlı keçməsi üçün həmin gitarada gözəl mahnılar ifa edirdi. Oynaq və şən mahnılara üstünlük verərdi. Çox savadlı idi, bəzən müəllimlərlə dərin mövzuları müzakirə edirdi. Yaraşıqlı oğlan idi, qızlar onu çox istəyirdilər. İdmana da meyilli idi. Həmin vaxtlar biz hamımız “Neftçi” klubunu dəstəkləyirdik.

AzVision.az Fövqəladə hallar nazirinin ilk əmək fəaliyyətinə də nəzər salıb. Nazirin universiteti bitirdikdən sonra fəaliyyət göstərdiyi ilk iş yeri olan "Xəzərdənizneftqaz" kəşfiyyatı idarəsinə (İndiki Geologiya-Geofizika İdarəsi) baş çəkdik. Nazirin keçmiş iş yoldaşları ilə həmsöhbət olduq.

İlk müsahibimiz vaxtilə Kəmaləddin Heydərovla bir yerdə işləyən, indi Geologiya-Geofizika İdarəsində Sosial İnkişaf Şöbəsində mühəndis vəzifəsini tutan İntizar Əzimova oldu. O, keçmiş iş yoldaşının ilk əmək faəliyyətilə bağlı maraqlı məqamları açıqladı:

Kəmaləddin çox fəal oğlan idi. İdarənin rəhbərliyi həmişə ona etimad göstərib. O, Gömrükdə işləyəndə birdən mənə zəng gəldi ki, Kəmaləddin müəllim bizim idarəyə görüşə gəlir. Çox sevinmişdik. Görüş zamanı keçmişdəki iş yoldaşlarını qəbul etdi və bütün problemlərilə maraqlandı. Kəmaləddin bu gün Geofizika idarəsində işləməsə də buranın kadrlarının hamsını diqqətində saxlayır və kömək əlini uzadır.

O vaxt yataqxanalara Komsomolun və Həmkarlar təşkilatlarının üzvləri rəhbərlik edirdilər. Gənclərimizin böyük bir qismi isə həmin yataqxanalarada qalırdı. Kəmaləddin yataqxanada qalan gənclər arasında tərbiyəvi işlərin aparılmasına baxırdı. Həmin yataqxana Buzovnada yerləşirdi. İndi orada qaçqınlar məskublaşıblar.

O vaxtlar bizim idarədə texnik kimi çalışanda Kəmaləddinin maaşı da hər kəs kimi 105-115 manat olub. Bu, çox kiçik maaş idi.

Onun əynində hər zaman kostyum olub, heç vaxt idman formasında görməmişəm. Həmişə mühəndisə yaraşan geyim geyinərdi. Dostlarına qarşı çox həssas idi. Edilən yaxşlıqları heç vaxt unutmazdı. Müəyyən vaxt keçsə də, həmin yaxşlığın əvəzini çıxardı.

Kəmaləddin həmişə bizim keçmiş işçilərdən birilə rastlaşanda bu sualı verir: “Kim qalıb köhnələrdən? Orada vəziyyət necədir?”

O zamanlar Kəmaləddin balaca, dar bir otaqda otururdu. İndi həmin otağın yerləşdiyi bina sökülüb. Həmin otaqda 3 nəfər otururdu.

Mən 40 ilə yaxındır ki, bu idarədə çalışıram. Danışdıqca həmin günlər kino lenti kimi gözümün önündən keçir...



İntizar Əzimova keçmiş iş yoldaşı ilə bağlı heç yerdə demədiyi bir məqamı da bizimlə bölüşdü:

- O vaxt idarədə bağçılıq təsərrüfatına üzvlük var idi. Qanuna görə bağa iki il müddətində gedib-gəlməyən şəxsi oranın üzvlüyündən çıxarırdılar. O vaxt mən Həmkarlar Komitəsinin sədri işləyirdim. Bir gün müdir məni yanına çağırdı, dedi ki, işdən çıxan bütün şəxslərin adlarını bağçılıqla bağlı “uçot”dan çıxarım. Kəmaləddin də artıq neçə illər idi ki, bizim idarədə işləmirdi. Bu hadisədən sonra bir dəfə Kəmaləddin müəllimlə görüşdük. Onun yanına girən kimi mənə belə dedi: “Ay İntizar, mənim adımı niyə bağçılığa qeydiyyat siyahısından çıxardın?” İndi çox heyfsilənirəm ki, kaş, Kəmaləddinin adı o siyahıda qalaydı, bağçılıq da inkişaf edərdi. Bunun günahakarı mən olmasam da, Kəmaləddinin o sözü mənə dərs oldu. Özüm də çox pis oldum. Onun sözlərindən sonra bizim köhnə 36 işçimiz var idi, heç birinin adını bağçılıq təsərrüfatının qeydiyyat kitabından çıxarmadım. Həmin bağlar Dübəndidə yerləşir. Hazırda bağçılıqla bağlı bizdə yalnız bir ictimai sahə qalıb. Müdirlə razılaşıb, o sahəni Kəmaləddin müəllim üçün saxlayırıq. Nə vaxt görüşsək, ona deyəcəyəm ki, sənin Dübəndidə bağ sahən var. Kəmaləddin müəllim üçün saxladığımız bağ sahəsinin ərazisi 5 sotdur.



Hazırda həmin idarədə rəisi müavini vəzifəsində çalışan Ağazəki İsgəndərov da Kəmaləddin Heydərovla bağlı fikirlərini bölüşdü:

Mən o zaman gəmidə işləyirdim, Kəmaləddin müəllim isə idarədə çalışırdı. Mənim rəhmətlik atam Ağarza ilə onun münasibətləri çox yaxşı idi. O, yataqxanaya atamı görməyə gedirdi. Atam o zamanlar yataqxanda komendant idi. Kəmaləddin müəllim də tez-tez ora gəlirdi. Bizimlə münasibəti çox yaxşı idi. Rəhmətlik atam bizə danışardı ki, Kəmaləddin həmişə ona bir söz deyirmiş: “Mən böyük adam olacağam. Həm də musiqiçi olacağam`.



Geoloji şöbənin rəisi Lalə Əbülhəsənova da Kəmaləddin Heydərovun gəncliyi ilə bağlı xatirələrini bölüşüb:

- Bizim gəncliyimiz Kəmaləddinlə bir yerdə keçib. Çox gözəl dost olub. Vaxtilə mənə çoxlu məsəhətlər verib. İndi yüksək vəzifədə işləməsinə baxmayaraq, yenə də deyə bilərəm ki, Kəmaləddin çox səmimi bir insandır. Onun bir sözü vardı. Həmişə mənə deyirdi ki, öz ağlınla işlə, başqasının sözünə qulaq asma.

O vaxt Kəmaləddinin maşını yox idi, həmişə metro ilə işə gedib-gələrdi. `İnşaatçılar`da qalırdı. Atasının yüksək vəzifə tutmasına baxmayaraq, çox sadə bir insan idi. Onun anası elə bir gözəl və sadə qadın idi ki, heç deməzdin, katibin həyat yoldaşıdır. Kəmaləddinin valideynlərinə qarşı çox dərin hörməti vardı.

Mənim bir rəfiqəm var idi, adı Aybəniz. O, mənə danışırdı ki, bir gün Kamalın anası bərk xəstələnib. Onu Naxçıvandan Bakıya gətiblər. Taksi ilə xəstəxanaya gediblər. Yolda Aybəniz Kamalın anasının əllərinə baxıb və ondan soruşub: “Niyə əlləriniz qabardır? Katibin həyat yoldaşısınız, qulluqçunuz yoxdur?”. O isə gülərək belə cavab verib: “Qızım, mənim özüm qulluqçuyam. Başqasını neynirəm?”Bu söz Kamalın anasının əsil zəhmətkeş, ailəsini, övladlarını sevən bir Azərbaycan xanımı olduğunu göstərir.

O vaxtlar Komsomolun xəttilə diskotekalar təşkil edirdik. Gedib əylənirdik, rəqs edirdik. Bayramlarla əlaqədar şənliklər təşkil edirdik. Əsasən Yeni İldə belə diskotekalarımız olurdu. Kamal yaxşı rəqs edirdi. Bir dəfə Yeni İl şənliyində maraqlı bir hadisə baş verdi. Kamal dedi ki, şampanı o partladacaq. Şampanı əlinə aldı və qapağı açan zaman köpük oradakı qızların üzərinə dağıldı. Svetlana Stepakina adlı bir qızımızın paltarı bütün şampan olmuşdu. Kamal da çox pis oldu, qıza dedi ki, `gedim sənə yeni don alım`. Qız isə razı olmamışdı.

Kollektivimizdə ruslar çox idi. Biz ən çox “San-Remo” musiqisinə rəqs edirdik. İndi qızlarla bir yerə toplaşır, o günləri yada salırıq... Deyirik ki, indiki ağlımız olsaydı, elə o vaxtlar Kamalın başını `bişrərdik` (gülür) . Təbii ki, bu, bir zarafatdır. O, bizim iş yoldaşımız olub, heç vaxt bu barədə düşünməmişik.

Bir dəfə biz `Azneft` meydanında toplaşdıq və parada getdik. Paradda Kamal bayraq tuturdu. Qayıdanda qızlara su aldı, amma cibində pulu yox idi. Gəlib məndən pul istədi. Mən isə fikiləşdim ki, buna bax, həm su alır, həm də pulunu məndən istəyir. O suyun pulunun yarısını mən verdim. (gülür)
“Qızlara su aldı, amma cibində pulu yox idi...”- Fövqəlnazirin gəncliyi
“Qızlara su aldı, amma cibində pulu yox idi...”- Fövqəlnazirin gəncliyi
“Qızlara su aldı, amma cibində pulu yox idi...”- Fövqəlnazirin gəncliyi
“Qızlara su aldı, amma cibində pulu yox idi...”- Fövqəlnazirin gəncliyi
“Qızlara su aldı, amma cibində pulu yox idi...”- Fövqəlnazirin gəncliyi
“Qızlara su aldı, amma cibində pulu yox idi...”- Fövqəlnazirin gəncliyi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler