» » “Avrasiya Hərəkatı”na qoşulanların şübhəli susqunluğu

“Avrasiya Hərəkatı”na qoşulanların şübhəli susqunluğu

Bölmə: BLOK XƏBƏR
“Avrasiya Hərəkatı”na qoşulanların şübhəli susqunluğu
Surət Hüseynovla Abbas Abbasovun yeni təşkilatdan gözləntiləri var

Ötən saylarımızın birində manşetdən dərc etdiyimiz “İmranov-Abbasov-Hüseynov” triosu Azərbaycana qarşı təhlükəli oyunda" sərlövhəli yazı dərc etmişdik. Söhbət keçmiş milli təhlükəsizlik naziri Nəriman İmranovun və Rusiya Ədliyyə Nazirliyinin keçmiş əməkdaşı, ikinci dərəcəli dövlət müşaviri İlqar Qasımovun Azərbaycanda “Avrasiya Hərəkatı” yaratmalarından, bu quruma daha çox siyasi-hərbi keçmişi olan şəxsləri toplamasından gedirdi.

Azərbaycan mətbuatı bu hərəkatı birmənalı olaraq Rusiyanın ölkəmizə qarşı növbəti provokasiyası kimi təqdim edir. Xatırladaq ki, 2013-cü ildə Moskvada Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqı (RATİ) adlı təşkilat yaradılmışdı. Bu təşkilatın Kremlin iradəsi ilə yaradıldığı haqda iddialar sonrakı proseslərdə özünü tam doğrultdu.



Sonradan mətbuatın “Milyarderlər İttifaqı” adı verdiyi təşkilat prezident seçkisində öz namizədi ilə iştirak edib hakimiyyəti götürməyi planlaşdırırdı. Artıq Rusiyanın bu plandan əl çəkdiyi və daha təhlükəli bir planın icrası yönündə addımlar atıldığı göz önündədir. Rusiyanın Azərbaycanda keçirilən hər seçki öncəsi rəsmi Bakı ətrafında gərginlik yaratmaq kursu illərdir ki, davam edir. Parlament seçkiləri öncəsi “Avrasiya Hərəkatı”nın elan olunması da təsadüfi deyil. “Milyarderlər İttifaqı” da prezident seçkiləri öncəsi yaradılmışdı.

Maraqlı olan odur ki, “Avrasiya Hərəkatı”nın elan etdiyi Rusiyaya yaxınlaşma prinsiplərini hərbçilərin çiynində, onların vasitəsi ilə gerçəkləşdirmək istəyir. Və bunu Azərbaycan mətbuatı yazarkən fikir bildirməyə, əksini sübut etməyə belə cəhd etmirlər. Qiyamçı eks baş nazir Surət Hüseynovun, baş nazirin sabiq 1-ci müavini Abbas Abbasovun da yeni hərəkata qoşulması haqda yazılanlara reaksiya verməmələri də sual doğurur.

Görünür, S.Hüseynov və A.Abbasov susmaqla yazılanlarla razı olduqlarını cəmiyyətə çatdırmaq istəyirlər. Yeni hərəkatdan gözləntiləri var. Təkzib etməməklə gözləntilərinin gerçəkləşəcəyi günü gözləyirlər. Alınmayacaqsa, çıxıb heç nə olmamış kimi təkzib verəcəklər. Hələliksə susurlar...



Qeyd edək ki, vaxtilə Abbas Abbasovun kuratoru olmuş N.İmranovun bu gün də Surət Hüseynovla əlaqələrinin olması haqda məlumatlar var. Sabiq milli təhlükəsizlik naziri Nəriman İmranov ömrünü Rusiya Dövlət Təhlükəsizlik Komitəsinin (DTK-KQB) divarları arasında keçirib. 1992-ci ilin yazında, fəxri təqaüdə çıxmasına 6 ay qalmış doğma DTK divarları onu sıxmağa başlayıb. 24 il 6 aylıq xidmətdən sonra N.İmranov istefa verib və Azərbaycana gəlib.



N.İmranovun bu hərəkətinin vətənpərvərlik hisslərindən qaynaqlandığını deyənlər az keçmədi ki, yanıldıqlarını başa düşdülər. Hərbi xidmətdə olanlar səbirsizliklə sakit və qayğısız həyatlara başlamalarını gözləyirlər. Belə bir imkan isə 25 illik xidmətdən sonra verilir. N.İmranov Azərbaycana xidmətinin bitməsinə 6 ay qalmış qayıdıb, üstəlik, istefa verməklə, özünü təqaüddən məhrum etməklə. Ölkədə siyasi gərginliyin olduğu bir vaxtda N.İmranovun dönüşü haqda o dövrün siyasi hakimiyyəti,



AXC iqtidarı da məlumatlı olub. Bu dönüşün heç də yaxşı nəticələr verməyəcəyini təxmin etsələr də, lazımi addım atmağa tələsməyiblər. Hakimiyyətdəkilər qərar qəbul etməyə tələsmədikləri bir vaxtda N.İmranov gözlənilənlərin əksinə olaraq Gəncəyə yollanıb. Milli hakimiyyət devrildikdən sonra məlum olur ki, N.İmranov qiyamçı polkovnik Surət Hüseynovun əsas məsləhətçilərindən olub. Yeri gəlmişkən, S.Hüseynovla N.İmranovun qohumluq əlaqələrinin olması haqda da məlumatlar var.

Nəriman İmranovun gözlənilmədən ictimai-siyasi fəaliyyətə başlaması yeni və daha təcrübəli kadrların Azərbaycan uğrunda mübarizəyə qoşulması kimi də qiymətləndirilir. Görünən odur ki, Rusiya siyasi dairələri Azərbaycanı öz nüfuz dairəsinə qaytarmaq üçün yeni oyuna başlayıblar. Bu oyunun harada və hansı sonluqla bitəcəyi Azərbaycan hakimiyyətinin səriştəsindən, xalqın öz müqəddəratını həll etmək kimi ağır bir sınaqdan necə çıxacağından asılı olacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler