» » “140 ilin jurnalistləri”: Hacı Zeynalabidin Tağıyevin “gizli” planı-

“140 ilin jurnalistləri”: Hacı Zeynalabidin Tağıyevin “gizli” planı- Tarix

Bölmə: BLOK XƏBƏR
“140 ilin jurnalistləri”: Hacı Zeynalabidin Tağıyevin “gizli” planı-
XIX əsrin sonlarında Rusiyanın Şərq və Qafqaz siyasətində belə bir fikir yarandı: müsəlmanlara mətbuat- qəzet, jurnal verəndə hədlərini aşırlar. Ona görə “Kəşkül” bağlandıqdan sonra 10 il müddətində Azərbaycanda heç bir qəzet nəşr olunmadı. Milyonçu Hacı Zeynalabdin Tağıyev bu boşluğu doldurmaq üçün “Kaspi” qəzetini satın aldı.

Jurnalistika tarixi üzrə araşdırmaçı Tahir Aydınoğlu bu barədə qeyd edir: “O zaman (yəni, 1881-red.) Əlimərdan bəy Topçubaşov təzəcə Həsən bəy Zərdabinin kürəkəni olmuşdu. Qızı Pəri xanımla ailə qurmuşdu. Hacı Zeynalabdin Tağıyev bir güllə ilə 2 quş vurmuşdu. Həm Zərdabinin Zərdabdan çıxıb Bakıya gəlməsini təmin etdi, həm də Əlimərdan bəy Topçubaşov kimi ziyalının jurnalistikaya gəlməsinə şərait yaratdı”.

Modern.az saytı Azərbaycan mətbuatının 140-cı ildönümü münasibətilə silsilə yazıların növbəti buraxılışını 3 əsrin qəzeti sayılan, “Əkinçi”dən sonrakı boşluğu doldurmağa cəhd edən “Kaspi”yə həsr edib.
Yazıda qəzetin baş redaktoru, ictimai-siyasi xadim Əlimərdan bəy Topçubaşov, məhsuldar fəaliyyətinə baxmayaraq adı o qədər də hallanmayan Mahmudbəy Mahmudbəyovdan danışılacaq:

Azərbaycanın ən uzunömürlü qəzeti olan “Kaspi” 1881-ci ildən rus dilində çapdan çıxıb. O zaman qəzetin redaktoru Viktor Kuzmin olub. Qəzetin 1881-ci ildən 1919-cu ilədək müddətdə 10 min 65 nömrəsi çıxıb.

Viktor Kuzmindən sonra 10 il ərzində qəzetin bir neçə qeyri millətdən olan baş redaktorları bir-birini əvəzlədi. Məhəmməd ağa Şahtaxtlının 1891-ci ildə gəlişi də çox qısamüddətli oldu.

1897-ci ildə N.Sokolinskinin ölümündən sonra “Kaspi” qəzeti redaksiyasında bəzi dəyişikliklər baş verdi. Qəzetin naşirliyini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürdü, redaktorluq vəzifəsi Əlimərdan bəy Topçubaşova tapşırıldı. Topçubaşov qəzeti 24 iyun 1898-ci ildən 1907-ci ilin oktyabrınadək redaktə edib. Ondan sonra qısa bir müddətdə qəzetin redaktorluğuna Əlibəy Hüseynzadə təyin olunub.

“Kaspi”nin əsas və kənar müəllifləri: H.Zərdabi, N.Nərimanov, S.M.Qənizadə, M.A.Şahtaxtlı, Mahmud bəy Mahmudbəyov, Firudin bəy Köçərli, M.Sidqi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Teymur bəy Bayraməlibəyov və s.

Jurnalist, “Kaspi” qəzetinin sabiq baş redaktoru Natiq Məmmədli qəzetin tarixi barəsində bunları qeyd edir:

“Həsən bəy yazılarını Zərdabdan məhz bu qəzet üçün göndərirdi. Məhəmməd ağa Şaxtaxtlı , Əhməd bəy Ağayev, Əlibəy Hüseynzadə, Nəriman Nərimanov, Ceyhun Hacıbəyli bu qəzetdə çıxış ediblər. Şaxtaxtlı bir müddət qəzetə redaktorluq da edib. Əhməd bəy Ağayev isə qəzetin ədəbiyyat və mədəniyyət şöbəsinin redaktoru idi. 1897-cı ilin sonlarında Hacı Zeynalabdinin Tağıyev 57 min rubla qəzeti mətbəəsiylə birgə alıb. Tağıyev istəyirdi ki, həm Zaqafqaziya, həm Rusiya müsəlmanlarının ziyalılarının toplaşdığı bir mətbu orqan olsun, səsləri hər tərəfdən gəlsin. O, ziyalıları bir beyin mərkəzi ətrafında birləşdirmək üçün Həsən bəy Zərdabini Bakıya gətirmək istəyirdi. “Əkinçi” bağlandıqdan sonra Həsən bəy mətbuatdan kənar düşmüşdü, 10 ildən çox idi ki, əyalətdə yaşayırdı və aqrar məsələlərlə bağlı müxtəlif məqalələr yazırdı. Tağıyev də “Kaspi” qəzetini məhz Zərdabiyə görə almışdı. 1907-ci ilə qədər “Kaspi”nin de-fakto baş redaktoru Həsən bəy Zərdabi olub. Zərdabinin nəfəsi bu qəzetdə duyulan kimi o, Topçubaşovu qəzetə dəvət edib. Topçubaşov mətbuat işini bilməsə də, həm Həsən bəyin yaxın silahdaşı idi, həm də qohumu idi. 1897-ci ildə qəzet alınanda 6 ay Karyaginin imzası ilə nəşr olunub. Mətbuat işini mənimsədikdən sonra Topçubaşov özünü baş redaktor, publisist kimi göstərə bildi. Elə onun bu fəaliyyətinə görə, qəzetə “müsəlman Kaspisi” deyirdilər. Qəzetdə müsəlmanları maarifləndirən, onların hüquqlarını müdafiə edən yazılara geniş yer verilirdi. O dövrün tərəqqipərvər insanları “Kaspi”nin ətrafında cəmləşmişdilər. Onlar xüsusi şəkildə qeyd edirdilər ki, müsəlmanları oyatmaq, maarifləndirmək, onların hüquqlarını müdafiə etmək üçün rusdilli mətbuatın gücündən istifadə etmək lazımdır. “Kaspi” qəzeti milli maraqlardan çıxış edən rusdilli mətbuat orqanlarından biri idi.

Burada Topçubaşovun şəxsiyyətinin rolunu xüsusi qeyd etmək lazımdır. O, tək jurnalist yox, Dövlət Dumasına seçilməzdən əvvəl də, sonra da Rusiya müsəlman ziyalılarının qabaqcıllarından idi. Qəzet Rusiya müsəlmanlarının tribunasına çevrilmişdi. Topçubaşovdan sonra da, qəzet bir müddət istiqamətini dəyişmədi. 1918-ci ildə ermənilər mart qırğınları zamanı müsəlmanlar arasında informasiya qıtlığı yaratmaq üçün qəzetin indiki Sabir heykəlinin yanında yerləşən mətbəəsini yandırdılar. Bu mətbəədə digər qəzetlər, həm də “Açıq söz” nəşr olunurdu. Lakin qəzet fəaliyyətini bərpa etdi və 1919-cu ilə qədər nəşr olunur. Ümumilikdə 38 illik çap fəaliyyəti dövründə “Kaspi”nin 10 mindən çox nömrəsi işıq üzü görüb. O dövrdə nəşr olunan “Kaspi”nin tirajı da indikindən iki dəfə çox idi – gündəlik 10 min tirajla işıq üzü görürdü. “Kaspi”ni yaşatmaq bir neçə amilə görə vacibdir. Birincisi, “Əkinçi” qəzetindən sonra «Kaspi»nin təxminən 300-dən çox sayı məhz Zərdabinin imzasıyla işıq üzü görüb, yəni bu, onun mətbuat irsinin bir növ davamıdır. Digər tərəfdən “Kaspi” Azərbaycan tarixini öyrənmək üçün əsas mənbələrdən biridir. XX əsrin əvvəllərində Azərbaycan neft sənayesinin inkişafı, ilk dəmir yolunun çəkilişi, 1905-ci il erməni-müsəlman qarşıdurması, 1918-ci il mart qırğınları ilə faktlar “Kaspi”nin səhifələrində əksini tapıb”.

Əlimərdan bəy Topçubaçov: Bu şəxsin maarifçi və ictimai xadim kimi fəaliyyətindən danışdıqca bitməz. Yuxarıda da bir neçə cümlə səslənsə də, burada onun sırf “Kaspi”dəki fəaliyyətinə toxunulacaq. Əsas məsələ onda idi ki, Topçubaşov qəzetdə yeni bir mərhələnin əsasını qoymalı, onun ideoloji xəttini dəyişdirməli idi. Çox böyük çətinliklərə rəğmən o, bunu bacardı. O, 1897-ci ildən 1917-ci ilin axırlarına kimi qəzetin yaradıcılarından və redaktorlarından biri oldu. Bu illərdə onun yüzlərlə məqalələri dərc edildi. Həmin məqalələrdə Ə.Topçubaşov Azərbaycanın bir neçə şair, yazıçı, dramaturq, görkəmli ziyalıları və şəxsləri haqqında elmi əhəmiyyətli, nəzəri, Rusiyada yaşayan müsəlmanların vəziyyəti, çarizmin ayrı-seçkilik siyasətini pisləyən publisistik məqalələrlə çıxış etdi. Bu çıxışlar əslində yeni deyildi. O, çar Dumasında müsəlmanları təmsil edən tək-tük deputatlardan biri olanda da bu cür çıxışlarla yadda qalırdı. Əlimərdan bəy ömrünü mühacirətdə sona çatdıran, Azərbaycan ictimai-siyasi fikir tarixində bənzərsiz xidmətləri olan və buna görə də həmişə məşəqqətlərlə üzləşən bir şəxs olub. O, AXC-nin parlament sədri olanda belə, maddi sıxıntıdan əziyyət çəkib.

Amma dövrün bütün ziyalıları məhz onu özlərinin ağsaqqalları bilir, ondan kömək umurdular.

Cümhuriyyətin süqutundan sonra da mühacir hökumət nümayəndələri və Avropaya göndərilən tələbələr gözünü ona dikmişdi: hamı – dünya dövlətlərinin siyasi və hərbi dəstəyini məhz Topçubaşovun qazanacağına ümid еdirdi. Hamı – ondan pul gözləyirdi, hamı təhsilini, siyasi fəaliyyətini, görüşlərini, səfərlərini Topçubaşovun maliyələşdirməsini istəyirdi.

Topçubaşov еtiraz еtmirdi, onların hamısını başa düşürdü. Ancaq kimsə AХC parlamеntinin ilk sədri olan Əlimərdan bəy Topçubaşovu anlamaq istəmirdi, kimsə onun maddi vəziyyətinin ağır olduğunu qəbul еtmirdi, bəlkə də edə bilmirdi…

Aşağıda göstərəcəyimiz bir nümunə Əlimərdan bəyin nə dərəcədə çətin bir mübarizə şəraitində çarpışdığına əyani sübutdur:

Əlimərdan bəyin imtina məktubları nadir hallarda yazılırdı: “Sizin maddi yardım barədə məktubunuzu aldım. Nə şəхsən məndə, nə də nümayəndəliyin хəzinəsində pul var” (Cеyhun Hacıbəyliyə məktubu. 30 iyul 1928).

Mahmudbəy Mahmudbəyov: Bu mətbuat xadiminin qədri isə çox da bilinmədi. Baxmayaraq ki, bütün ömrünü maarifçilik hərəkatına həsr edən tək-tük ziyalılardan biri idi.

Mahmud bəy Polad bəy oğlu1863-cü ildə Şamaxı şəhərində anadan olub. 1879-cu ildə öz dövrünün akademiyası sayılan Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının hazırlıq sinifinə daxil olub, 1883-cü ildə isə oranı bitirib.

1883-cü ildə Qori seminariyasını bitirdikdən sonra bir neçə il müxtəlif bölgələrdə müəllimlik edib, 1890-cı ildə Bakıya köçüb. Ömrünün sonunadək (1923) burada müəllimlik edib. M. Mahmudbəyov da Sultan Məcid kimi bütün ömrünü maarif və mətbuata həsr edib. Amma təbii ki, onun fəaliyyətinin ön cərgəsində maarif məsələləri dayanırdı. Bu məqsədlə də “Yeni əlifba" kitabını hazırlayıb.

Mahmud bəy Mahmudbəyov həm də “Rəhbər” jurnalının redaktoru idi. Bu jurnalın ilk nömrəsi 1906-cı il sentyabrın 24-də çıxıb.
Elmin və maarifin inkişafı məsələlərinə xüsusi əhəmiyyət verən jurnal yazırdı ki, müntəzəm məktəbi, milli ədəbiyyatı, müəyyən məsləkdə ictimai məişəti və hər cür iqtisadi mücadiləyə hazırlığı olmayan millət məişət mücadiləsində tez-gec məhv olacaq.
“Bir vaxt var idi ki, qüvvəli bir millət müsəlləh olub qol gücü ilə o biri zəif milləti özünə qul... edirdi. Lakin indi bir millətin o birisinə... ağa olması qol gücü ilə deyil, məktəb, ədəbiyyat, elm, ictimaiyyət və bunlar kimi mənəvi qüvvələr ilədir”.musavat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler