» » ABŞ Fətullah Güləni Türkiyəyə verəcəkmi?

ABŞ Fətullah Güləni Türkiyəyə verəcəkmi?

Bölmə: BLOK XƏBƏR, MANŞET
ABŞ Fətullah Güləni Türkiyəyə verəcəkmi?
Türkiyə gündəminin ən əsas sualı dünya mediasının diqqətindədir; “Ərdoğanın son aylarda yürütdüyü siyasət Türkiyəni beynəlxalq dəstəkdən tamamilə məhrum etməyə yönəlib”
Bir neçə gündür Türkiyə “ABŞ Güləni Türkiyəyə verəcəkmi” sualının cavabını axtarır. Baş nazir Rəcəb Tayyib Ərdoğan aprelin 29-da ABŞ-ın PBS telekanalına müsahibəsində bu istəyini ifadə etmişdi. Ərdoğan bildirmişdi ki, Vaşinqton Güləni Türkiyəyə təhvil verməli, verməsə belə, ən azı onu ölkədən deportasiya etməlidir. Baş nazir Amerikalı müxbirin suallarını cavablandırarkən bu istəyini tələb şəklində ifadə etmişdi: “Türkiyə ərazisində ABŞ-ın milli təhlükəsizliyini təhdid edən qüvvə ilə bağlı biz hansı tədbiri görəriksə, Vaşinqton da eyni addımı atmalı, Güləni Türkiyəyə təhvil verməlidir”.
Yada salaq ki, Ərdoğan Fətullah Güləni dəfələrlə Türkiyəyə dəvət edib. F.Gülənin “biz imanlı insanlarıq, siyasətlə məşğul olmuruq” fikrinə qarşılıq olaraq baş nazir “siyasətlə məşğul deyilsənsə, ölkəyə gəl” demişdi.


"Bu gün Türkiyədə Fətullah Gülənlə bağlı heç bir istintaq, məhkəmə yoxdur. Belə olan halda onun Türkiyəyə təslim edilmə tələbi yalnız siyasi bir tələb olaraq gündəmə gətirilib"


AKP lideri ötən gün partiyanın parlament qrupunun toplantısından sonra yerli mediaya da bu haqda danışıb. Qəzetçilərin sualına konkret cavab verən Ərdoğan qısa zamanda Gülənin Türkiyəyə gətirilməsi ilə bağlı hüquqi sürəc başlayacağının deyib.

Əslində baş nazir 30 mart bələdiyyə seçkilərdən sonra əsas rəqibini sıradan çıxaracağını anons etmişdi. R.T.Ərdoğan təbliğat kampaniyası dönəmindəki çoxsaylı çıxışlarında açıqca bildirirdi ki, seçki bitən kimi Gülən “camaatı”na qarşı xüsusi əməliyyat başlanacaq. Yerli analitiklərin fikrincə, 30 martda bələdiyyələrin çoxunu almasına baxmayaraq, ötən seçkilərlə müqayisədə 6 faiz səs itirən AKP xaricdə havadarlar axtarır. Baş nazirin aprelin 23-də ermənilərin qondarma soyqırım iddialarının ildönümü ərəfəsində I Dünya Savaşı dönəmində Anadoluda ölən ermənilərin nəvələrinə başsağlığı verməsi də bu kontekstdən şərh olunur. Türkiyə analitikləri deyir ki, Qərblə yetərincə problemləri olan AKP hakimiyyəti erməni məsələsində yumşaqlıq göstərməklə xristian Qərbin, xüsusən ABŞ-ın rəğbətini qazanmağa çalışır.

Ancaq AKP-nin çalışmalarına baxmayaraq Qərbin Türkiyəyə münasibəti nəinki dəyişmir, əksinə bir qədər də sərtləşir. Həftənin ilk günlərində Türkiyədə səfərdə olan Almaniya prezidenti Yoahim Qaukun AKP hakimiyyətini ölkədə söz azadlığının məhdudlaşdırılmasına, məhkəmə sisteminə basqılara görə sərt tənqid etməsi, Avropa Birliyi ölkələrinin bu tənqidi dəstəkləməsi belə düşünməyə əsas verir. Almaniya prezidentinin çıxışından sonra bəzi alman siyasətçilər Türkiyənin Avropa Birliyinə qəbulu ilə bağlı məsələnin “soyuducunun buzluğu”na qoyulmasını təklif edib. Onların fikrincə, AKP hakimiyyətinin avtoritarizmə sürüklədiyi Türkiyə heç bir halda qanunun aliliyinə dayanan Avropa Birliyinə üzv ola bilməz. Almaniyanın Avropa Birliyinin əsas sütunlarından biri olduğunu düşünsək, yaxın zamanlarda Türkiyə ilə Qərb arasında buzların əriməyəcəyini proqnozlaşdırmaq mümkündür.

Bu durumda ABŞ-ın Fətullah Güləni Türkiyəyə təslim edəcəyi də real görünmür.


“Ərdoğanın ciddi cəhdlərinə baxmayaraq onun dünyanın 140 ölkəsində məktəblər açan Gülən hərəkatına qarşı basqı kampaniyasına beynəlxalq dəstək gəlmədi. Təkcə aprel ayında ABŞ-ın 40-dan çox konqresmeni Gülən hərəkatının Vaşinqtonda düzənlədiyi tədbirlərə qatılmaqla öz dəstəklərini ifadə edib"


Türkiyənin siyasi analitikəri ilə yanaşı köşə yazarları da məsələyə münasibətlərini açıqlayır. Ölkənin ünlü köşə yazarı Emil Çolaşan yazır: “Fətullah olayı illərdir gözümüzün qarşısındadır. Hər gün –xüsusən son aylarda – Fətullahla yatıb, Fətullahla oyanırıq. Türkiyə bir gün də olsun Fətullah məsələsini dincə qoymur. İndi də məsələni ABŞ qəzetçiləri ilə müzakirəyə başlamışıq. Sözlərə bir baxın – “strateji ortağımız olan ABŞ onu ya deportasiya etməli, ya da bizə təslim etməlidir ki, biz də bildiyimizi eləyək. ABŞ-ı təhdid edənlərin adı bizə bəlli olduğunda biz onları yaxalayıb təslim edirik. Bu günə qədər mən 10-dan çox adamı ABŞ-a vermişəm (yenə də “mən”, “mən”). İndi həmin davranışı strateji tərəfdaşımızdan gözləyirik. Ərdoğan deyir ki, baş nazir olandan sonra Fətullah Gülənlə görüşməyib, ancaq telefonla danışıb. Telefonla nə danışıb, görəsən? “Sayğıyla əllərinizdən öpürəm”, - deyib, deməyib? Hə, başqa bir məsələ var. O, hökumət adamlarını Gülənin yanına niyə göndərirdi ki? Baş nazirin müavin Bülənt Arınç gedib, Milli İstihbarat Təşkilatının zabiti gedib. İndi Amerikadan iki istəyi varmış – birinci, Gülənin Türkiyəyə verilməsi, ikincisi onun ABŞ-dan çıxarılması. Gülənin Türkiyəyə təslim edilməsi üçün hansı səbəb göstəriləcək? Türkiyədə Fətullah haqqında açılmış bir istintaq, davam edən məhkəmə, məhkəmə qərarı varmı? Yox. O zaman bunu necə edəcəksən? ABŞ sən istəyirsən deyə, Güləni ölkədən çıxararmı? Adına beynəlxalq hüquq deyilən bir anlayış var. Hansı ölkə sən istəyirsən deyə o qanun çeynəyib özünü dünyadan təcrid edər? Təsəvvür edək ki, ABŞ səndən qorxub (!!!) Fətullahı təslim etdi. Nə edəcəksən, onu həbsə atacaqsan? ...Tayyib yenə boşluğa düşdü, üstəlik ölkəmizi xarici dünyada bir daha biabır etdi”.

Yada salaq ki, Emil Çolaşanla Fətullah Gülən arasında münasibətlər uzun illərdir gərgindir. Gülən Çolaşanı ona qarşı sərt tənqidlərinə görə dəfələrlə məhkəməyə verib. İndi də Gülənin Çolaşana qarşı bir neçə təzminat tələbli məhkəməsi davam edir.

Məsələ ABŞ və Qərb mediasının da diqqətindədir. “New York Times” “Wall Street Journal” İngiltərənin “ Financial Times” qəzetləri son 3 gündə bu məsələ ilə bağlı üst-üstə 7 məqalə dərc edib.

“NEW YORK TİMES yazır ki, Türkiyə baş nazirinin Vaşinqtondan Güləni istəməsi bir sıra hüquqi çətinliklər yaradacaq: “Fətullah Gülənin Türkiyəyə təslim edilməsi məsələsi baş nazirlə Gülənin münasibətlərinin kəskin şəkildə pozulmasından sonra ortaya çıxıb. Bu tələbin səbəblərindən biri də Türkiyədə 2013-cü il dekabrın 17-də həyata keçirilən böyük rüşvət əməliyyatıdır. Həmin əməliyyat zamanı baş nazirin oğlu da daxil olmaqla, bir neçə nazir oğlunun korrupsiya və rüşvət əməlləri ilə bağlı çoxsaylı faktlar açıqlanmışdı. Rəyini soruşduğumuz ABŞ hüquqçuları bildirir ki, Gülənin Türkiyəyə təhvil verilməsi ciddi hüquqi problemlər yarada bilər. Çünki bu tələbdə hüququn yox, siyasətin tələbləri üstünlükdədir. Bu gün Türkiyədə Fətullah Gülənlə bağlı heç bir istintaq, məhkəmə yoxdur. Belə olan halda onun Türkiyəyə təslim edilmə tələbi yalnız siyasi bir tələb olaraq gündəmə gətirilib. Geniş mənada ABŞ-ın praktikasında bir sıra şəxslərin öz ölkələrinə təslim edilməsi məsələsi baş verib. Ancaq bu, məhkəmədə sübut edilən suçlarla bağlı çıxarılan hökmlər əsasında baş verib. Türkiyənin bu gün səsləndirdiyi tələbi isə heç bir məhkəmə qərarı müşayiət eləmir”.


“WALL STREET JOURNAL” isə Gülənin təslimi ilə bağlı məqaləsinə “Xarici güclər və günah keçisi”strategiyası” başlığını seçib. Bu məqalədə də əsas diqqət Türkiyənin tələbinin hüquqi deyil siyasi ağırlıqlı olmasına yönəldilib: “Türkiyə ilə ABŞ arasında haqqında məhkəmə hökmü olan şəxslərin qarşılıqlı təslimi haqqında hüquqi saziş var. Ancaq bu gün Türkiyədə Gülənlə bağlı heç bir məhkəmə prosesi getmir. Baş nazirin Güləni ABŞ-dan istəməsindən sonra başlanacaq hər hansı məhkəmə prosesinin qərarının nə qədər ədalətli olacağı mübahisəli məsələdir. Baş nazirin bu yanaşması analitiklərin fikrincə, daha çox ölkə içində xarici gücləri “suç keçisi” kimi təqdim etmədən yaranan problemdir. ABŞ Xarici siyasət idarəsinin eksperti Stiven Kuk bildirir ki, Ərdoğan seçkilərdən sonra vətəndaşlara ölkədəki köklü problemlərə görə xarici dövlətlərin günahkar olduğunu sübut eləməyə çalışır”.

İngiltərənin “FİNANCİAL TİMES”ı isə yazır ki, Ərdoğan Gülən faktorundan çıxış edərək ABŞ-a təzyiq göstərir: “Son zamanlar baş nazir Ərdoğanın təkcə xarici deyil, daxili siyasətlə bağlı atdığı addımlar da beynəlxalq birliyin müzakirəsinə çıxarılır. Çünki Ərdoğanın bir sıra addımları hüquqa deyil, qrup maraqlarına əsaslanır”.

Qəzet yazır ki, Ərdoğanın ciddi cəhdlərinə baxmayaraq onun dünyanın 140 ölkəsində məktəblər açan Gülən hərəkatına qarşı basqı kampaniyasına beynəlxalq dəstək gəlmədi. Təkcə aprel ayında ABŞ-ın 40-dan çox konqresmeni Gülən hərəkatının Vaşinqtonda düzənlədiyi tədbirlərə qatılmaqla öz dəstəklərini ifadə edib. Qəzet yazır ki, Ərdoğanın son aylarda yürütdüyü siyasət Türkiyəni beynəlxalq dəstəkdən tamamilə məhrum etməyə yönəlib.
Musavat.com

Şərh Yaz
ŞƏRH(1)

eli 1 may 2014 23:46
Abs vermeyecek
Çit          1

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler