» » Vahid Mustafayev: “Azad Rəhimov dostumdur

Vahid Mustafayev: “Azad Rəhimov dostumdur

Bölmə: BLOK XƏBƏR
Vahid Mustafayev: “Azad Rəhimov dostumdur
Bu gün yerli mətbuat ANS telekanalının gənclər və idman naziri Azad Rəhimova həsr etdiyi tənqidi süjetlərə müxtəlif yönlərdən şərh verib.

Bəlli olduğu kimi, bir çox KİV-lər, o cümlədən virtualaz.org saytı Hesablama Palatasının bir çox dövlət qurumlarında, o cümlədən Gənclər və İdman Nazirliyində apardığı yoxlamaların nəticəsi barədəki məlumatları dərc etmişdi. Həmin məlumatlarda deyilirdi ki, bu qurumların fəaliyyətində korrupsiya faktları və çatışmazlıqlar var. Digər KİV-lər kimi ANS də bu mövzuya toxunmuşdu.

Amma bu gün bəzi mətbuat orqanları, o cümlədən “Yeni Müsavat” qəzeti telekanalın nazirin ünvanına tənqidi fikirlərini fərqli rakursdan qiymətləndiriblər. Öz mənbələrinə istinad edən bu nəşrlər bildirir ki, bu tənqidlərin əsl səbəbi ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayevlə gənclər və idman naziri Azad Rəhimovun biznes maraqlarının toqquşmasında gizlənir. Xəbərə görə, nazirin çoxsaylı mağazaları var, gənclər və idman naziri əvvəllər V.Mustafayevin VMF şirkətinin məşğul olduğu və öz nəzarətində saxladığı biznes sahəsinə - elit qol saatlarının satışı bazarına girib.

Bəs bu iddialar həqiqətə nə dərəcədə uyğundur?

Virtualaz.org saytının müxbiri bu sualı Vahid Mustafayevin özünə ünvanlayıb.

-Vahid bəy, son zamanlar müstəqil medianin təmsilçilərinə kobud münasibətin şahidi oluruq. Bu kobudluğu həm hökumət, həm də qeyri-hökumət nümayəndələri edirlər. Sizcə, bu aqressivləşmə nə ilə bağlıdır?

-Ümumiyyətlə, kobudluq və qısqanclıq mənəvi kasıblığın əlamətləridir. İnkişafda olan Azərbaycanda bu tip yoxsulların sayı azalmaqdadır və görünür, elə bu səbəbdən son vaxtlar onlar daha da kobud və qısqanc olurlar. Biznesin inkişafı, xarici investisiyalar və cəmiyyətdəki sağlam sindikasiya meylləri Azərbaycanı artıq yüngül pul qazananlar üçün əlverişsiz bir ölkəyə çevirir. 2014-cü ilin ikinci yarısından sonra pul qazanmaq üçün ən azı onun real bazasını yaratmaq gərəkdir. Daha ağıllı, mobil və zəhmətkeş olmaq lazım olacaq. Digər tərəfdən, ASAN Xidmət tipli təşkilatlar, prezidentin korrupsiya ilə mübarizəsi və bunun tərkib hissəsi olaraq son kadr dəyişiklikləri təkhüceyrəli məmur-biznesmenləri və onların əlaltılarını daha da kobud və qısqanc edir. Buna el arasında mənəvi kasıblıq da deyirlər. Yoxsa bunu anlamaq çətin olmaz ki, onların öz qaba və kobud münasibətə məruz qoyduğu jurnalistlər öz peşə borcunu yerinə yetirirlər. Bizim üçün məmur da, müxalifətçi də, vətənpərvər də, satqın da ilk növbədə məlumat ünvanıdır. Ümumiyyətlə, qəzəb zəiflərin silahıdır və onlar əslində jurnalistlərə yox, özlərinə, öz bacarıqsızlığına və bivecliyinə əsəbiləşirlər. Ən əsası isə onlar anlamalıdır ki, jurnalistlər onlarla vuruşmur. Onların düşməni zamandır, yüksək sürətlə onları tapdalayıb keçən və həyatın kəndarına atan zaman...

-ANS-in əməkdaşlarını bir sıra hallarda qərəzli olmaqda günahlandırırlar. ANS-in bu şirkətlər qrupuna daxil olan biznes qurumların maraqları uğrunda ayrı-ayrı nazirlərlə döyüşə girdiyini iddia edirlər. Məsələn, gənclər və idman naziri Azad Rəhimov...

-Maraqlıdır (gülür)... Bəs 1992-ci ildə Xocalı faciəsi haqqında videonu Milli Məclisdə göstərməklə Ayaz Mütəllibovu tənqid edəndə onunla hansı biznes maraqlarımız toqquşurdu? Və ya Şuşanın işğal edilməsi faktını elan edəndə Rəhim Qazıyevlə də heç bir biznes rəqabətimiz yox idi. 1993-cü ilin iyununda da Gəncə hadisələri haqqında yalnız biz xalqa xəbər gətirəndə Surət Hüseynov bizə Yevlax Yun Zavodunun səhmlərindən pay verməmişdı... Yadımdadır, bir neçə il bundan əvvəl Azərbaycan əsgərinin müdafiəsinə qalxanda yerli qəzetlərdən biri bizim bu hərəkətimizi onunla izah etmişdi ki, guya bizim “Dadlılar” fabrikimiz Müdafiə Nazirliyinə makaron satır (gülür). Amma biz onları məhkəməyə verdik və onlar həqiqəti bilib bizdən üzr istədilər. Sözsüz ki, biz onları bağışladıq. Biz ümumiyyətlə azərbaycanlılarla savaşmırıq, Azərbaycanlılar uğrunda savaşırıq! Bəs bu yaxınlarda Bakı Metropoliteni rəhbərliyinin fəaliyyətini araşdıranda Tağı müəllimlə hansı biznes uğrunda vuruşurduq? İndi qəribədir, motosikletim varsa, deməli, ANS yol polisini tənqid etməməlidir? Baxmayaraq ki, Nuşirəvan müəllimlə gözəl münasibətlərimiz var. Ümumiyyətlə, mən bilən axı nazir və ya digər dövlət məmuru bizneslə məşğul olmamalıdır. Belə olan halda ümumiyyətlə bütün bu cızma-qaralar öz əhəmiyyətini itirir. Yeri gəlmişkən, mənim gənclər və idman naziri olan Azad müəllimlə də səmimi dostluq münasibətlərim var. Onu prinsipial bir adam kimi tanıyıram. İnanıram ki, onu nazir ola-ola biznes fəaliyyəti ilə məşğul olmaqda ittiham edənləri məhkəməyə verəcək və ləyaqətli məmur imicini qoruyacaq. Xatırlayırsınızsa, biz sadəcə digər dövlət strukturu olan Hesablama Palatasının hesabatına arxalanaraq nazirlikdə olan çatışmazlıqlardan söhbət açmışdıq. Burada doğrudan da bəzi neqativ hallar var və onlar bizim jurnalistlər tərəfindən araşdırılır. ANS-də olduğu kimi - çox obyektiv, vicdanlı və qərəzsiz. Yeri gəlmişkən, bütün həmkarlarımıza bu prinsiplərə əməl etməyi arzulayıram.

-Bəs Azad Rəhimovun saat biznesinin sizin saat biznesinizə ciddi rəqabəti və sizdə olan bəzi saat brendlərini ələ keçirməsi fikirləri ilə bağlı nə deyə bilərsiniz?

-Heç nə deyə bilmərəm. Mən saat biznesi səviyyəsindən çoxdan çıxmışam. Zaman keçir. Bununla artıq son 10 ildir mənim gənc və fərasətli əmim oğlu məşğul olur. Bildiyimə görə, evlənməyə hazırlaşır, deməli, işləri yaxşı gedir. O ki qaldı “brend ələ keçirmək” məsələsinə, yuxarıda dediyim kimi, Azad Rəhimov mənim dostumdur, rəqibim deyil - nə istəsə, qurbandır! Mənə gəlincə isə yeni filmin ssenarisini qurtarıram, bu il çəkib tamaşaçılara təqdim etmək istəyirəm. Qabaqda isə 20 yanvarın 25 illiyi, 1918-ci ildə Azərbaycan igidlərinin erməni işğalçılardan Bakı və bütün ölkəni xilas etməsi və digər vacib layihələr var. İş çoxdur, vaxt yoxdur.


-Bəlkə sizi bu yolla ciddi, araşdırmaçı jurnalistikadan yayındırmaq istəyirlər?

-Bilirsiniz, 1990-cı ilin 20 yanvarında həbsxana da görmüşük, 1991-ci ildə mühasirəyə də düşmüşük, 1992, 1993-də yaralanmışıq da. Sonralar ən müxtəlif səviyyələrdə təzyiqlərə də məruz qalmışıq. Əgər bu günə qədər Azərbaycan xalqı və Azərbaycan dövləti bizi qoruyub saxlayıbsa, demək, biz bu xalqa və bu dövlətə lazımıq! Yaşımız da az deyil və bundan sonra bizi dəyişmək olmaz. Bu, heç mümkün də deyil.
Anspress

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler