» » “Çiçək” Mərkəzində kütləvi “su çiçəyi”nə yoluxma-

“Çiçək” Mərkəzində kütləvi “su çiçəyi”nə yoluxma- Reportaj

Bölmə: BLOK XƏBƏR
“Çiçək” Mərkəzində kütləvi “su çiçəyi”nə yoluxma-
Özəl uşaq bağçalarında pediatrın olmaması uşaqların sağlamlığını təhlükədə qoyur


Ölkədə uşaq bağçası məsələsinin həll olunmamış çox tərəfi var. Belə problemlərin içində bağça uşaqlarının sağlam qidalanmaması, bəzi hallarda hər hansı xəstəlikyə, infeksiyaya asanlıqla yoluxmasıdır. Dövlət bağçalarında uşaq həkimi-pediatr statı azdan-çoxdan var. Bəzən stat cədvəlində adı gedən, özü olmayan həkimlər də movcuddur. Bəs bahalı qiymətlə fəaliyyət göstərən özəl bağçalarda? Təəssüf ki, özəl bağçalarda pediatr məsələsi vacib sayılmır. Çoxluqla belə bağçalarda oraya həvalə edilən uşaqlara həkim nəzarəti yoxdur. Nəticədə bir xəstə uşağın ucbatından digər usaqlarda yoluxma bas verir. Elə bu dəfəki mövzu da özəl bağçalardan birindən edilən narazılığa həsr olunub. “Qafqazinfo” üçün məsələylə bağlı kiçik araşdırma aparmışam. Mövzunu qabartmaqda məqsəd kiminsə fəaliyyətinə kölgə salmaq deyil, uşaq bağçası kimi vacib obyektdə tələb olunanları nəzərə çatdırmaqdır. Pul qazananda da vicdan və məsuliyyəti unutmaq olmaz.

“Çiçək” Uşaq İnkişaf və Tədris Mərkəzində “su çiçəyi”nə yoluxan uşaqlar....

Ən əvvəl onu qeyd edim ki, adı çəkilən təhsil müəsisəsindən narazışılıq edən valideynlərin əksəriyyəti iş adamlarıdır. Bu xanımlar işlədiyi üçün məcburiyyət qarşısında uşaqlarını həmin yerə əmanət edirlər. Fikir bildirən anaların bir neçəsi hazırda uşaqları “su çiçəyi”nə yoluxduğundan evdə qalmalı(iki həftədən çox bir müddətdə) olublar, işə çıxa bilmirlər. Həmin valideynlərdən birinin sözlərinə görə, ilk yoluxan uşaq Rəhman adlı balaca olub. Daha sonra digər uşaqlar sıra ilə yoluxublar. Bağçanın həkimi olmadığından, vəziyyət nəzarətdən çıxdığından yoluxma prosesi sürətlə gedib. Nəticədə qruplardan birində bütün uşaqlar su çiçəyinə tutulub. Daha sonra kiçik yaşlı uşaqlardan çoxu xəstələniblər. Övladı həmin bağçaya gedən, İxtisasca həkim olan ana isə təhsil müəsisəsinin işindən hər hansı şikayəti( pisləyə də bilməz) olmadığını, amma orada pediatrın mütləq işləməsini vacib saydığını dedi. Məsələ ondadır ki, yoluxan uşaqlardan İsgəndər adlı balaca təkcə özü yox, məktəbli bacısını, qardaşını, dayısı usaqlarını da yoluxdurub. Zəncirvari yoluxmada sözsüz, bağçanın rolu az deyil.

Onu da qeyd etmək istəyirəm ki, valideynlərdən bağçaya qəbulun necə aparılması haqqında sorusanda , onlar belə dedilər. “Bizdən uşağın hər hansı sağlamlıq haqqında sənədi tələb olunmadı, heç yoxlanılmadı da.”

Bu arada sual oluna bilər ki, “xoslarına gəlmir uşaqlarını qoymasınlar”. Amma burada məsələ tamam başqadır. Valideynlər bağça qıtlığı zamanında kiməsə etibar edib, pulundan keçir və uşağını ora əmanət edirsə, deməli, aidiyyatlı müəsisə cavabdehdir və hər bir uşaq üçün ayrılıqda məsuliyyət daşımalıdır. Nəticədə qaldırılan məsələ digər valideynləri də məlumatlandırmalıdır. Valideynlər bilməlidirlər ki, həvalə olunan uşağın saatlarla qaldığı məkanda aqubəti necə olacaq.

Müdirə “həkim var” deyir, müəllimələr “yoxdur”...

Əvvəl onu deyim ki, hazırda Bakıda özəl bağça işlətmək kimi yeni dəb meydana çıxıb. Bir az pulu olan həyət evi və ya villanı icarəyə götürür və fəaliyyətə başladır. Adı çəkilən “Çiçək”Uşaq inkişaf və Tədris Mərkəzi (UİTM)də Atatürk prospektində (Gənclikdə) yerləşən villalardan birindədir. Vaxtiylə bura Pakistan Səfirliyinin yerləşdiyi ərazi olub.

“Çiçək” UİTM-ni tapmaq bir qədər çətin oldu. Çünki tədris müəsisəsinin qapısının üzərində nə hər hansı tablo vardı, nə də ona yaxın evlərdən buranın bağça olduğunu bilənlər oldu. Bunun vergidən yayınmaq, digər “pul istəyənlərdən” gizlənmək üçün edildiyi bəlli idi. Nəhayət, yerini tapandan sonra bağçaya uşaq qoyan valideyn kimi daxil ola bildim. O, da var ki, çoxdandı, elə yaxınım üçün bağça axtarırdım. Tədris Mərkəzi deyilən evə daxil olanda məni müdirə Nara xanım qarşıladı. Kiçik və yaşıllıqsız həyəti olan villa üç mərtəbədən ibarətdi. Müdirənin müşayəti ilə mərtəbələri gəzdim. Belə qənaətə gəldim ki, bu ev təlim-tərbiyə müəsisəsi kimi doğru yer seçilməyib. Çünki mərtəbələrdə ayrı-ayrı uşaq otaqları əvəzinə ümumi zallar var. Başqa sözlə, xəstəliyə yoluxma üçün yaxşı şəraət mövcuddur. Müdirə ilə söhbətdən məlum oldu ki, orada uşaqlara daha çox dərs keçilir, tədris məsələsi öndədir. Uşaqların sağlamlığı məsələsinə müəsisə qarışmır. Güya pediatr var, amma həftədə bir dəfə gəlir. Belə həkim görəsən kimə lazımdır? Bir də onu başa düşmədim ki, müdirə sağlamlıq haqqında danışanda “biz uşaqları peyvənd etmirik “dedi. Yəni, uşaqların sağlamlıq məsələsini düşünmək, tək peyvənddənmi ibarətdir? Çox qəribədir.

Evi gəzəndə birinci mərtəbədə bu mənzərə ilə qarşılaşdım. Məktəb yaşında uşaqlar divana sərilmişdi, biri müəllimənin telefonunu qurcalayırdı, bir qədər balacalar stol ətrafında yorgun oturmuşdular. Lap kiçik qrup dediyimiz bir neçə uşaq isə dar otaqda yatmışdı. Bir sözlə, aləm bir-birinə qarışmışdı. Bu onu göstərirdi ki, bura həm uşaq bağçası, həm də uşağını valideyn məşğul olanda qoymaq üçün sığınacaq yer rolunu oynayırdı. Baxmayaraq ki, obyektin adı adamı çaşdırır. Hər halda bu yerdəki nizam-intizamsızlıq, qaydasızlıq belə deməyə əsas verirdi.

Həkim məsələsinə qayıtdıqda isə, müdirə olduğunu desə də, müəllimələr və valideynlər israrla “həkimimiz yoxdur”, deyirlər. Əslində isə qayda-qanuna görə, dövlət və özəl bağçaya götürülən uşağı müdirə həkimin birgə rəyi ilə qəbul etməlidir. Hər uşağın sağlamlığı haqqında sənədi qeydiyyata alınmalıdır. Sağlamlıq haqqında vərəqi almaq da çətin deyil. 10-15 manata bir neçə dəqiqə içərisində sahə həkimi bunu həll edə bilər.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi nə deyir?

Ümumi mənzərədən belə məlum oldu ki, çoxu üçün uşaqların sağlamlıq vəziyyəti heç maraqlı deyil. Konkret “Çiçək “ tədris müəsisəsində çox məsələ qulaqardına vurulur. Ən əvvəl uşaq bağçası kimi qeydiyyata alınmayan müəsisəsədə uşaqlara verilən qidanın tərkibi məlum deyil.

Valideynlər hər yerdə verilən makaron, vermişelin adını çəkirlər. Bəs işin doğrusu?

Məsələylə bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyyədin Kazımov öz fikrini belə bildirdi. “ Əgər oradakı uşaqlar həm də qidalanırlarsa, həmin ərzağa mütləq nəzarət olmalıdır. Uşaqlar günün yarısından çoxunu orada keçirirlərsə, tibb işçisinin statda olması mütləqdir. Kütləvi şəkildə “su çiçəyi”nə yoluxma varsa, təcili karantin elan edilməli, ərazi təmizlənməlidir. Həmin müəsisə barədə cəza tədbirinin görülməsi yalnız araşdırmadan sonra dəqiqləşə bilər”.

Mütəxəsisin təmsil etdiyi aidiyyatlı orqan araşdırmaya başlayana qədər yəqin ki, “su çiçəyi” olmuş uşaqlar sağalacaq, səpgiləri yoxa çıxacaq, tələb olunan həkim də işə başlayacaqdır.

Yeri gəlmişkən qeyd edim ki, “su çiçəyi” xəstəliyi çoxu üçün sadə yoluxma görünə bilər.

Xəstəliyə yoluxduqdan sonra iki həftə ərzində əlamətlər özünü göstərir. Həkimlər valideynləri diqqətli olmağa, tibb işçisinin göstərişinə əməl etməyə çağırırlar. Bütün bədəndə səpgilər, qaşınma, yüksək hərarətlə müşayət olunan “su çiçəyi” hətta ağır fəsadlara(uşaq insultu kimi) gətirib çıxara bilər. Hər halda mütəxəsislər belə deyirlər.

Uşaqlarımızı xəstəlikdən və məsuliyyətsiz insanlardan qoruyaq!
Qafqazinfo

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler