» » Cahangir Hacıyevə qarşı

Cahangir Hacıyevə qarşı “Qara kəmər” əməliyyatı

Bölmə: BLOK XƏBƏR
Cahangir Hacıyevə qarşı
Bank sektorunun "boz kardinal"ının qəfil istefasının şok səbəbləri; Beynəlxalq Bankın səhmlərinin satışa çıxarılacağına sayılı günlər qalmış İdarə Heyəti sədrinin “səhhəti ilə bağlı istefası” müəmmaları daha da artırır; onun son 14 illik fəaliyyətinin ciddi araşdırılacağı və “cəriməni” artıqlaması ilə ödəyəcəyi iddia olunur; ölkənin ən varlı oliqarxlarından birini nə gözləyir?

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Cahangir Hacıyevin martın 18-də axşam istefaya getməsinin səbəbləri mediada ciddi müzakirə mövzusuna çevrilib. Bəzi ekspertlər bunu indi də Cahangir Hacıyevə qarşı “Qara kəmər əməliyyatı” hesab edirlər ki, bu bənzətmə də təsadüfi deyil. Çünki 2005-ci ilin martında C.Hacıyevin həyat yoldaşının oğurlanması səbəbindən MTN ölkəni silkələyən “Qara kəmər” əməliyyatı keçirmişdi və Hacı Məmmədovun bandasını ifşa etmişdi.

H.Məmmədov məhkəmədə etiraf etmişdi ki, ölkənin ən varlı adamlarından olan Cahangir Hacıyevdən arvadını azad etmək müqabilində 15 milyona yaxın avro tələb etmək istəyiblər. “Biz Cahangir Hacıyevdən həmin məbləği ala bilmədik, əvəzində isə məni tutub MTN-ə apardılar və Zamirə Hacıyevanı azad etdilər” deyə, məşhur qanqster məhkəmədə söyləmişdi. C.Hacıyevin 10 il sonra, məhz yenə də mart ayında mətbuatın gündəminə gəlməsi, onun əsl səbəbləri açıqlanmayan istefası, elə hələ də bir çox gizlinləri özündə saxlayan “Qara kəmər” əməliyyatını yada salması təbiidir...
***
Martın 18-də axşam Beynəlxalq Bankın İdarə Heyətinin toplantısında “səhhəti ilə bağlı istefası qəbul edilən” C.Hacıyevin başı üzərində “qara buludlar” son vaxtlar daha da sıxlaşmışdı.



C.Hacıyev Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan Beynəlxalq Banka 2001-ci ildən rəhbərlik edirdi. C.Hacıyev üzün illərdir ki, ölkənin bank sektorunun önəmli simalarından biri və bəlkə də birincisi olub. O, Beynəlxalq Bankla yanaşı, oliqarxlarla birgə (məsələn, Hafiz Məmmədovla (“Hafka”) bir sıra bankları da (məsələn,“Banktechnique”, keçmiş “Texnikabank”)) ya qeyri-rəsmi idarə edib, ya da şərik olub. Onun Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmova da ciddi təsir gücünün olduğu deyilir. C.Hacıyevi hətta bank sektorunun “boz kardinal”ı hesab edənlər də var.

Məşhur “Forbes” jurnalında vaxtilə “dünyanın bank qurumları Cahangir Hacıyev və ABB-yə güvənirlər” deyə, yazı dərc etmiş, onu “etimad göstərilən və islahatlar üzrə lider” də adlandırılmışdı. C.Hacıyevin müəmmalı istefasının bankın səhmlərinin satışa çıxarılacağına sayılı günlər qalmış baş verməsi bu məsələdə müəmmaları daha da artırır.



Qeyd edək ki, martın 29-dan etibarən Bakı Fond Birjasında (BFB) “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmlərinin satışına başlanılacaq. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bu ilin martın 11-də qeydə aldığı səhm emissiyasına görə, emissiyanın məbləği 100 milyon 17 manat, qiymətli kağızın miqdarı 370 milyon 370 min 371 ədəd, səhmlərin nominal dəyəri isə 27 manatdır. Emissiya baş tutsa, bankın nizamnamə kapitalı 17% və yaxud 100 milyon manat artaraq, indiki 590 milyon manatdan 690 milyon manata çatacaq.

Məlumat üçün bildirək ki, Beynəlxalq Bank ölkənin ən kapitallaşdırılmış bankıdır. Bank bazar payına və əmanətlərin həcminə görə Azərbaycanda ən böyük bank sayılır. Bankın nizamnamə fondunun 50,2 faizi dövlət müəssisələrinin, 3,27 faizi qeyri-dövlət müəssisələrinin, 38,63 faizi fiziki şəxslərin, 7,9 faizi xarici təsisçilərin payına düşür. Bankın dövlətə aid səhmləri Maliyyə Nazirliyi tərəfindən idarə olunur.

İddialara görə, C. Hacıyevin hazırkı həssas dövrdə qəfil istefası dövlətə məxsus olan səhmlərin özəlləşdirilməsi və bankın yenidən strukturlaşması ilə əlaqədar ola bilər. Ölkənin bank sektorunun ağır bir dövrə qədəm qoyduğu hazırkı şəraitdə 1 milyona qədər müştərisi olan Beynəlxalq Bankın İdarə Heyəti sədrinin istefası əlbəttə ki, C.Hacıyevin səhhətinə bağlı məsələ deyil.

***
Beynəlxalq Bankın hələ 1998-ci ildən özəlləşdiriləcəyi barədə məlumatlar vardı. Lakin o vaxtdan indiyə kimi özəlləşdirmə istiqamətində hər hansı ciddi addım atılmamışdı. İndi gözlənilir ki, hökumət neftin qiymətinin kəskin düşməsi səbəbindən bankın özəlləşdirməsi prosesini sürətləndirməyə qərar verib və bu səbəbdən “yeni dövr” üçün C.Hacıyev lazımsız kadra çevrilib.

C.Hacıyevin müəmmalı istefasının səbəbləri sırasında bankın ciddi borclanması və bankirə yaxın olan müxtəlif şəxslərin ona (əslində dövlətə) külli miqdarda “atması” da var. Xəbərlər var ki, Beynəlxalq Bank naməlum səbəblərdən 2013-2014-cü illərdə büdcəyə divident ödənişini dayandırıb. Bugünlərdə isə məlum olub ki, bank 2015-ci ildə də ciddi problemlərlə üzləşən dövlət büdcəsinə yenə də divident ödəmək gücündə deyil. (“Dividentlər” dövlətin payı olan müəssisələrdən alınan gəlirə deyilir).



Rəsmi rəqəmlərə görə, 2013-cü ilə qədər büdcəyə pul verən müəssisələr sırasında Beynəlxalq Bank da vardı. 2008-2012-ci illərdə bank hər il dövlət büdcəsinə 3-5 milyon manat divident ödəyirdi. 35 filialı (bunların bir neçəsi ölkə xaricindədir) və 42 şöbəsi olan bankın son üç ildə külli miqdarda dividentlərin dövlət büdcəsindən yayındırılması ilə bağlı ciddi şübhələr vardı. Az qala bank aktivlərinin 40 faizi, kreditlərin və əmanətlərin üçdə birini əlində cəmləyən Beynəlxalq Bankın buna rəğmən büdcəyə 1 manat da ödəməməsi həqiqətən də göz yumulası fakt deyildi. Məlumatlara görə, hakimiyyətin C.Hacıyevə qəzəbi ciddidir və onun hətta “ortaq ödənək”dən də xeyli pul yayındırdığına dair şübhələr var. Hakimiyyət adətən bu cür halları heç kimə bağışlamır və həmin adamlar ciddi cəzalandırılır. Böyük ehtimalla C.Hacıyev təkcə “səhhəti ilə bağlı” istefası ilə hakimiyyətlə üzülüşə bilməyəcək, onun son 14 illik fəaliyyəti ciddi araşdırılacaq və “cəriməsi” artıqlaması ilə ödədiləcək.



Qeyd edək ki, banka rəhbərlik etdiyi dövrdə C.Hacıyev ölkənin ən varlı oliqarxlarından birinə çevrilib. O, xüsusilə paytaxt Bakıda elit yaşayış binalarının tikintisinin şəriksiz sahibidir. 2002-ci ildə o, “Yeni Həyat” şirkətlər qrupunu təsis edib. Şirkətlər qrupu Bakının mərkəzində və mərkəzə yaxın ərazilərdə eyni adlı yaşayış massivləri inşa edib. Hazırda “Yeni Həyat” şirkətlər qrupu Bakıda nəhəng “Azure Park” yaşayış kompleksinin tikintisini həyata keçirir. Tikintini C.Hacıyevin idarəetməsində olan “Banktechnique” (keçmiş “Texnikabank”) maliyyələşdirir. Bundan başqa, keçmiş bankir bir neçə istehsal müəssisəsi (məsələn, Binəqədidə ayaqqabı fabriki), cücə-toyuq fermasının da daxil olduğu ASC-lərin sahibidir.

Qeyd edək ki, Cahangir Hacıyev “İnter”in fəxri prezidenti olmaqla yanaşı, həm də AFFA İcraiyyə Komitəsinin üzvüdür. C.Hacıyevin istefasından sonra Beynəlxalq Bankın himayəsində olan “İnter”in taleyinin necə olacağı sual altındadır. Belə ki, yeni sədrin kluba himayədarlıq etməkdən imtina edəcəyi halda “bankirlər” də sponsorsuz klublar sırasına qoşulacaq.

Bankın İdarə Heyətinə müvəqqəti rəhbərlik Emil Mustafayevə həvalə olunub. O, bankın İdarə Heyətinə cəmi iki il əvvəl gətirilib. O, hakimiyyətdəki ikinci məşhur soyadın kadrı kimi də tanınır. Belə ehtimallar var ki, C.Hacıyevin səhmlərin satışa çıxarıldığı bir vaxtda istefaya göndərilməsi ilə bank sektorunun bütövlükdə həmin soyadın nəzarətinə keçməsi prosesi tam yekunlaşıb.

E.Mustafayevdən başqa bankın rəhbərliyinə daha üç şəxs daxildir: Vaqif Əkbərov, Qubad Hüseynov və Rəşad Hacıyev. Hazırda Beynəlxalq Bankın üç əsas rəhbər orqanından ikisinə isə Maliyyə Nazirliyinin nümayəndələri rəhbərlik edir: nazir müavini Azər Bayramov Müşahidə Şurasının sədri, nazirliyin şöbə rəisi Ziyəddin Allahverdiyev isə bankın Auditor Komitəsinin rəhbəridir.

Bundan əlavə, səhmdarların ümumi yığıncağında istənilən mühüm məsələyə dair qərarın qəbulunda həlledici söz bankın 50,2 faiz səhminə sahib olan dövlətə məxsusdur.
C.Hacıyevin Novruz bayramı ərəfəsi, medianın da istirahətə göndərildiyi ərəfədə istefası da qarışıq suallar doğurub. Hər halda, yaxın günlərdə C.Hacıyevin taleyinə aydınlıq gələcəyi gözlənilir...

“Yeni Müsavat”

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler