» » Rektorun qızının döyülməsi barədə sensasion iddialar -

Rektorun qızının döyülməsi barədə sensasion iddialar - son məlumatlar

Bölmə: BLOK XƏBƏR
Rektorun qızının döyülməsi barədə sensasion iddialar -



İki qardaş gənc qadını gecəyarı küçədə sürüdü; Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının övladı ilə bağlı baş verənlər ölkə gündəminə bomba kimi düşdü; Ülkər İsayeva kriminal avtoritetin oğlu olan sevgilisi tərəfindən sərt formada cəzalandırılmasını niyə gizlədib; prokurorluq protest versə də, məhkəmə Zaur və Elin qardaşlarını ikinci dəfə də həbs edə bilmədi, amma...

Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsaxanlının döyülməsi videosu aranı qatıb. Azərbaycanın reytinqinə görə 1 saylı universitetinin sahibinin qızı ilə bağlı baş verən bu hadisə martın 8-dən 9-na keçən gecə, səhərə yaxın Bakının mərkəzində baş verib.

Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində yerləşən restoranın qarşısında Ülkər İsaxanlı Zaur və Elin Məmmədov qardaşları tərəfindən vəhşicəsinə döyülüb. Döyülmə səhnəsi “Təhlükəsiz Şəhər” Xidmətinin kameralarına anbaan düşüb. Video yayılandan sonra bəlli olub ki, Zaur və Elin qardaşları hüquq mühafizə orqanları tərəfindən saxlanılıb və həbs edilmələri üçün məhkəməyə təqdimat verilib. Amma...

Olayla bağlı hansı addımlar atılıb?

Məlum olur ki, olaydan sonra, martın 9-da fakta görə Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin xüsusi ilə mühüm işlər üzrə baş müstəntiqi polis polkovnik-leytenantı Yasin Mikayıllının 14 mart 2015-ci il tarixli vəsatəti əsasında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhər prokurorluğunun müavini, baş ədliyyə müşaviri Azər Əsgərov eyni tarixli təqdimatla məhkəməyə müraciət edərək 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Məmmədov Zaur Muxtar oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edib.

Daxil olan məlumata əsasən bildirilir ki, Məmmədov Zaur Muxtar oğlu 9 mart 2015-ci ildə, 04:25 radələrində qardaşı Elin Məmmədovla bir qrup şəxs halında sərxoş vəziyyətdə ictimai yerdə, Səbail rayonu, Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində heç bir səbəb olmadan tanışları İsayeva Ülkər Hamlet qızını idarə etdikləri Az 90 KU 050 dövlət nömrə nişanlı “Bentley” markalı avtomobildən zorla çəkib çıxarmaqla yerlə sürüyərək, əl və ayaqla zərbələr endiriblər. Hadisəni görən vətəndaşların müdaxiləsindən sonra Ülkər İsayeva taksiyə əyləşərək hadisə yerindən uzaqlaşmaq istəyən zaman, ona imkan verməyərək zorla taksi maşınından düşürdülərək yerlə sürüdülüb, təkrarən əl və ayaqla zərbələr yetiriblər. Bu zaman vətəndaşların müdaxiləsindən sonra Ü.İsayevaya təkrar təzyiq göstərilərək “Bentley” markalı minik avtomobilinə otuzdurularaq fiziki təzyiqə məruz qalıb.



Hüquq mühafizə orqanları Z.Məmmədovu CM-nın 221.2.1 (xuliqanlıq - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən hərəkətlər etmə) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə suçlu bilərək. martın 12-də şübhəli şəxs qismində saxlayıblar. Martın 14-də ona CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilib. Həmin gün Bakı Şəhər Prokurorluğu onun və qardaşı Elin Məmmədovun barəsində həbs qəti-imkan tədbiri seçilməsi üçün Xətai rayon Məhkəməsinə təqdimat verib.
Hakim Məmmədov qardaşlarını niyə azad edib?

Amma gözlənilənlərin əksinə olaraq Xətai Rayon Məhkəməsinin hakimi Raziyə Ataşova şəhərin mərkəzində, küçənin ortasında qadına əl qaldıran qardaşların məhkəməyədək azadlıqda qalması haqda qərar verib. Hakim arqument.az saytına açıqlamasında qərarını belə əsaslandırmağa çalışıb: “Mən sadəcə iddianın təmini tədbiri barədə məsələyə münasibət bildirmişəm”. R.Ataşova bildirib ki, istintaq hələ yekunlaşmayıb: “Fakt varsa, cinayət sübuta yetiriləcək. Hazırda Bakı Apelyasiya Məhkəməsində işə baxılır, nəticəni gözləsəniz daha yaxşı olar. O ki qaldı Ülkər İsayevaya, onu dindirmişəm və heç bir şikayəti olmayıb. O bildirib ki, döyülməmişəm, sadəcə müqavimət göstərdim, onlar da məni sakitləşdirib evə aparıblar. Yəni o, döyülmək faktını qəbul etmir. Biz də tərəfləri dindirib məhkəmə başlayana qədər onları sərbəst buraxmaq barədə qərar qəbul etmişik”.



Aranı qatan videonu kim yayıb?

Ülkər İsayevanın döyüldüyü anın görüntülərinin mətbuata sızdırılması haqda da bəzi versiyalar var. Bildirildiyinə görə, videonu mətbuata Ülkər İsayevanın keçmiş həyat yoldaşının hüquq-mühafizə orqanlarında işləyən qohumu ötürüb. Həmin görüntülər küçədəki müşahidə kamerası tərəfindən qeydə alınıb. Ülkər İsayeva ərindən 2014-cü ilin yayında Nəsimi rayon Məhkəməsinin qərarı ilə boşanıb. Qərara əsasən bu izdivacdan dünyaya gələn qız övladı anası ilə birgə qalıb. A.Əhmədzadə ilə Ü.İsayeva arasında mülk davasının da olduğu vurğulanır. Həmin mülk davasına görə məhkəmə qaydasında A.Əhmədzadənin ölkədən çıxışına yasaq qoyulması xəbəri də var.

Ülkər İsayeva şikayətçi olmasa da, indi qərar dəyişib!

Video yayılana qədər Ü.İsayeva susmağa üstünlük verib, qardaşlardan şikayətçi olmayıb. Görünür Ü.İsayevanın susması üçün ciddi əsasları olub. Amma məsələ ictimailəşəndən sonra qərarını dəyişib. Bunu hafta.az-a Ü.İsayevanın yaxın rəfiqəsi bildirib. Adının çəkilməsini istəməyən xanım maraqlı faktlar açıqlayıb: “Həmin gün Ulya (Ülkər İsayeva nəzərdı tutulur-E.M.) 8 martı sevgilisi Zaur Məmmədovla qeyd edirdi. Gecə klubunda başqaları da var idi. Eyni zamanda Elin. Əvvəlcə hər şey çox yaxşı idi. Səhərə qədər əylənmək istəyirdilər. Amma sonra vəziyyət dəyişdi. Mən bildiyimə görə, Ülkər ilə başqa bir oğlan barəsində xəbər çıxıb. Lakin özü bunu boynuna almır. Onlar Zaurla uzun müddətdir sevgilidirlər. Və Zaurgilin necə əsəbi, “özündən tez çıxan” olduğunu bilənlər çoxdu. Onların kimin oğlu olmasını da hamı yaxşı bilir. Muxtar Şirinoviçin adı Bakıda çox məşhurdur. Zaurgil imkanlı adamlardı. Bakının bütün gecə klublarında onları yaxşı tanıyırlar. Ülkər onunla münasibətdə olduğunu heç kimdən gizlətmirdi onsuz da. Gecələr şəkillər çəkdirib rahatca instagrama qoyurdu. Onlarla birlikdə olduğunu hamıya nümayiş etdirmək istəyirdi. Çünki çoxlarının Zaur və Elindən necə qorxduğunu yaxşı bilirdi. İndi isə instagram səhifəsini bağlayıb”.

Ü.İsayevanın rəfiqəsi onu da bildirir ki, indi vəziyyət bir qədər dəyişib. Belə ki, döyülən qız əvvəlcə Zaur və Elin Məmmədovlardan şikayətçi olmasa da, hazırda atasının təzyiqi ilə qərarını dəyişməli olub:



“Mən Ülkərlə danışdım. Bu gün vəziyyət tam dəyişə bilər. Evdən ona təzyiq edirlər ki, şikayətçi olsun. Çünki bu məsələnin üstü artıq açılıb. Çox istəyirdilər ki, bu xəbəri heç kim bilməsin və sakitcə həll edilsin. Lakin gizli kamera çəkilişinin olmasından məlumatsız idilər. Ülkərə hər iki tərəfdən ciddi təzyiqlər var. Amma artıq gecdir, yəqin ki, şikayətçi olacaq. Onu da deyim ki, hər adamın “duxu” çatmaz Zaurgildən şikayətçi olmağa. Bakıda onların qarşısına hər oğul çıxa bilmir. Çox əliaçıqdırlar, cəsarətlidirlər, lakin onların bir qadın döyməsi məni də şoka saldı”.

Rektorun qızını döyənlər “Zolotoy” Muxtarın uşaqlarıdır

Ü.İsayevanı döyən qardaşlar kriminal aləmdə “Zolotoy” Muxtar adı ilə tanınan Muxtar Məmmədovun oğullarıdır. Kriminal aləmdə kifayət qədər tanınmış simalardan sayılan “Zolotoy” Muxtarın Bakıda, Moskvada və digər şəhərlərdə geniş biznes şəbəkəsinə sahib olduğu bildirilir. Zaur və Elin Məmmədov qardaşları əkizdirlər. Ataları Rusiyada yaşayır.
Anaları Gülnarə Əlayi (qızlıq soyadı) 1992-93-cü illərdə AZ.Tv-də işləyib. Həmçinin Moskva Dövlət Televiziyasının Bakı bürosunda çalışıb. Deyilənə görə, Muxtar Məmmədov onun ikinci həyat yoldaşıdır. Elin və Zaur onun birinci nikahından dünyaya gəliblər. M.Məmmədov əvvəllər Sərhəd Xidmətində çalışıb. Qardaşlar Rusiyada ali təhsil aldıqdan sonra Bakıya qayıdıblar və turizm biznesi qurublar. Onların restoran biznesi ilə məşğul olduqları da bildirilir.

Muxtar Məmmədov Əli Ansuxskinin şəriki olub

M.Məmmədovun 1996-cı ildə paytaxtın 28 May küçəsində yaşadığı evin qarşısında odlu silahla qətlə yetirilən, əslən balakənli Əli Ansuxskinin şəriki olması xəbəri də var. Deyilənə görə, Muxtar Məmmədovla Əli Ansuxskinin qohumluq əlaqələri də mövcuddur. Onun hazırda Rusiyada böyük metal biznesinin olduğu da söylənir. M.Məmmədovun oğullarının hansı səbəbdən universitet müəlliminə qarşı belə hərəkət etməsi məlum olmasa da, onların arasında daha əvvəldən isti münasibətlərin olduğu məlumdur.

Belə məlumatlar da var ki, övladlarının saxlanılmasından dərhal sonra Muxtar Məmmədov Azərbaycandakı əlaqələrini işə salıb. Cinayət faktının gizlətmək mümkün olmasa da, M.Məmmədov əlaqələrinin hesabına övladlarını istintaq dövründə həbsdən qurtara bilib. Xətai Rayon Məhkəməsinin hakimi Raziyə Ataşovanın verdiyi qərarla M.Məmmədovun övladları məhkəmə zalında azad ediliblər. Qeyd etdiyimiz kimi qərardan protest verilib.

Adları mətbuatın gündəminə gəldi, 11 min 600 manat cəriməni ödədilər

Ülkər İsayevanı döyən qardaşlar cinayətkar aləmə çox yaxındırlar. Bu xəbəri isə aznews.az yayıb. Onların iştirakı ilə bir neçə cinayət hadisəsinin baş verdiyi də iddia edilir. Məlumata görə, bu yaxınlarda qardaşların yaxın bir dostu adam bıçaqladığından həbs olunub. Bildirilir ki, qardaşların Bakıda “ad çıxarması” təkcə özlərinin qoçaqlığı ilə bağlı deyil. Onların atası Muxtar Şirinoviç kriminal aləmin məşhur simalarındandır. Əsasən Dağıstanda yaşayan Şirinoviç istənilən “söhbəti” anındaca həll etmək gücündədir.

Onun bu nüfuzu isə oğlanlarının “işlərini” daha da asanlaşdırıb. Qardaşlar Bakıda mübahisəli söhbətlərə baş qoşur və bundan xeyli pullar əldə edirlər. Araşdırma zamanı məlum olur ki, bir müddət əvvəl Bakıda qardaşlara 2 qapılı bahalı “BMW” markalı avtomobil hədiyyə ediblər. Rektorun qızının döyülərək aparıldığı “Bentley”in üzərindəki Az 90 KU 050 dövlət nömrə nişanı da həmin “BMW”də olub. Sonradan qardaşlar nömrə nişanını saxlamaqla “BMW”ni satıblar. Amma onların avtomobili satmağı o qədər də asan olmayıb. Çünki “BMW”nin cəriməsi ödəniləməyən 280 radarı olub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədovun sözlərinə görə, sürücü Elin Məmmədov idarə etdiyi “Bentley” markalı, Az 90 KU 050 dövlət nömrə nişanlı avtomobillə müxtəlif qayda pozuntuları törətdiyi üçün onun barəsində müvafiq tədbir görülüb. Belə ki, E.Məmmədov barəsində 94 Mərkəzi Müşahidə Xidmətinin qeydə aldığı radarı olub. Bununla bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsində hər bir qayda pozuntusu üzrə qərar qəbul edilib. Bunun nəticəsində sürücü Elin Məmmədov 11 min 600 manat cəriməni dövlətə ödəyib. Bundan əlavə, 2014-cü ilin avqust ayında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin qəbul etdiyi qərarla Elin Məmmədovun sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılıb.

Xətai Məhkəməsinin çıxardığı qərarı Bakı Apelyasiya Məhkəməsində dəyişdilər!

Dünən, martın 17-də saat 17:00-da Bakı Apelyasiya Məhkəməsində Elin və Zaur Məmmədov qardaşlarının məhkəməsi keçirilib. Məhkəmə önünə yığışan jurnalistlərə açıqlama verən Məmmədov qardaşlarının anaları Gülnarə Məmmədova deyib ki, övladlarının belə bir hadisə törədə biləcəyinə şübhə ilə yanaşır: “Həmin görüntülərdə heç kimin üzü görünmür. Həmçinin maşının nömrəsi də düşməyib. Mən Ülkər İsayeva adlı qadın tanımıram. Oğlanlarımın da həmin qadınla münasibətlərinin olması barədə xəbərim yoxdur. Mətbuatda bizim bahalı avtomobilimizin olması barədə məlumatlar yayılıb. Qeyd edirəm ki, həmin avtomobil bahalı deyil”.

Bakı Apelyasiya Məhkəməsindən əməkdaşımız Məhəmməd Türkmən bildirib ki, proses martın 18-nə təxirə salınıb. Bunu Məmmədov qardaşlarının anaları Gülnarə Məmmədova da jurnalistlərə təsdiqləyib.

Hüquq-mühafizə orqanlarından musavat.com-a daxil olmuş məlumata görə siyasi rəhbərlik qərar vermədiyi üçün Elin və Zaur Məmmədovlarla bağlı məhkəmə qərar verə bilməyib.
Mövzunu diqqətdə saxlayacağıq. musavat.com
Rektorun qızının döyülməsi barədə sensasion iddialar -
Rektorun qızının döyülməsi barədə sensasion iddialar -
Rektorun qızının döyülməsi barədə sensasion iddialar -
Rektorun qızının döyülməsi barədə sensasion iddialar -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler