» » Bakıda daha bir qrup dindar həbs olundu –

Bakıda daha bir qrup dindar həbs olundu – yeni bilgilər

Bölmə: BLOK XƏBƏR
Bakıda daha bir qrup dindar həbs olundu –
Həbs olunan ruhanilərdən Mübariz Qarayevin adı bir il əvvəl radikalizmi təbliğ etməkdə hallanıb, hökumət qurumları həbslə bağlı susur
Dini hüquqlar üzrə ixtisaslaşmış “Forum 18” təşkilatı Azərbaycanda din sahəsində son zamanlar baş verən həbslər barədə məlumat yayıb. Açıqlamada ötən həftə həbs olunmuş ilahiyyatçı, “Təkamül” Tərcümə Mərkəzinin direktoru Ceyhun Cəfərovun MTN əməkdaşları tərəfindən həbs olunması, barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilməsi, “Yehova Şahidləri” icmasının iki üzvü - İrina Zaxarçenko və Validə Cəbrayılova barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçildiyi qeyd olunur.

Təşkilatın bəyanatında 2 həftə öncə daha 5 dindarın saxlanıldığı qeyd olunur. Onların içində İçərişəhərdə yerləşən Aşurbəy – “Ləzgi” məscidinin imamı Mübariz Qarayevin də adı keçir. Təşkilat bu həbsləri vicdan azadlığının pozulması faktı kimi qeyd edir.

Qeyd edək ki, son zamanlar hökumət strukturları müxtəlif dini qruplardan olan şəxsləri həbs edib. Bunların arasında sonuncu dəfə Tərtərdə Suriyaya döyüşçü göndərmək və radikal dini fikirləri yaymaq ittihamı ilə 4 nəfər saxlanmışdı. Ancaq Mübariz Qarayevin həbs olunması ilk dəfədir ki, üzə çıxır. Maraqlıdır ki, MTN İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev M.Qarayevin və digərlərinin həbsi barədə məlumatı Turan-a təsdiqləməyib. O, DİN-ə müraciət etməyi tövsiyə edib.

Eyni zamanda internetdə M.Qarayevin həbs olunması haqda hər hansı məlumat yoxdur. Mövzu ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən açıqlama almağa çalışdıq. Ancaq DQİDK mətbuat xidmətindən bu mövzuda hər hansı açıqlamanın verilməyəcyini bildirdilər.

Qeyd edək ki, İçərişəhər “Ləzgi” məscidi ilə bağlı məsələ 2014-cü ilin yanvarında gündəmə gəlib. Yanvarın 28-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən toplantıda İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxay Məmmədli “Ləzgi” məscidində radikalizmin təbliğ olunduğunu iddia etmişdi. “Ölkə daxilində stabilliyi pozmağa çalışan xüsusi radikal qruplar var. Bunlar sələfilik, vəhhabilik, təkfirçilik, xəvariclikdir” – deyə S.Məmmədli qeyd etmişdi.

Maraqlıdır ki, bu hadisədən təxminən iki həftə qabaq, yanvarın 13-də “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanov və onu dəstəkləyən bir qrup adından yayılan bəyanatda Əlixan Musayev və Mübariz Qarayev ad-soyadlı şəxslərin Suriyada radikal dini qruplaşmalar arasında gedən döyüşlərə dəstək nümayiş etdirdiyi qeyd olunurdu.

Mədinə Şəhəri Beynəlxalq İslam Universitetinin məzunlarının adından imzalanan bəyanatda Əlixan Musayev və Mübariz Qarayev təkfirçilərlə əlaqədə ittiham olunur, onların gəncləri təkfirçiliyə yönəltmə və təkfirçilərə dəstək verməklə sələf mənhəcinə müxalif olduğu qeyd olunur. Sitat: “Çox sayda yalanlar danışdığına və ondan tələb edilən məsələlərdə açıqlama verməkdən boyun qaçırdığına görə Mədinə tələbələri Əlixan Musayev və Mübariz Qarayev mənhəclərini bəyan edənə qədər bizim sıralarımızdan tərk edilsinlər”.

Q.Süleymanov APA-ya bildirmişdi ki, Ə. Musayevin son zamanlar nümayiş etdirdiyi fəaliyyət “xəvariclər”ə daha yaxındır: “Əməllərindən açıq şəkildə hiss olunur ki, o, bizdən fərqli olaraq Suriyaya gedərək vuruşan qardaşlara dəstək verir və bizə qarşı müxalif mövqedədir”.



Lakin həmin vaxt Ə.Musayev bu iddiaları rədd edərək radikal qruplarla əlaqəsinin olmadığını bildirmişdi. Bu hadisələr həm sələfi qrupları daxilində münaqişənin olmasını üzə çıxarmaqla yanaşı, radikal fikirləri yayanlarla bağlı hökumətin hansısa tədbirlər hazırladığını da göstərirdi. Belə ki, ötən ilin əvvəlində radikalizmin təbliğ olunduğu bir neçə məscidə imamlar dəyişdirildi, icmalar yenidən formalaşdırıldı. Lakin hakimiyyət təklif olunduğu kimi, “Ləzgi” məscidini bağlamadı.

Həmin vaxt mətbuatda polisin “Ləzgi” məscidində əməliyyat keçirdiyi və bir neçə nəfərin həbs olunduğu barədə xəbərlər yayılmışdı. Ancaq məscid rəhbərliyi, icma fəalları bu ittihamları təkzib edib və məsciddə Suriyada savaşa təşviq edilmədiyini bildirdilər.

Virtualaz.org saytı isə “Forum 18” təşkilatına istinadən Mübariz Qarayev də daxil olmaqla, bir neçə nəfərin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin vəzifəli şəxslərinin Bakıda dini kitablar satan “Burhan” mağazasında keçirdiyi reydlərdən sonra həbs edildiyini yazıb. Məqalədə “Ləzgi” məscidinin imamı M.Qarayevin həmin kitab mağazasında da işlədiyi və birinci dəfə MTN-ə yanvar ayında, cümə günlərinin birində çağırıldığı qeyd olunur. M.Qarayev və digər vəhhabilər - Həbibulla Ömərov, Səlim (familiyası məlum deyil) və Eyvaz (familiyası məlum deyil) fevralın 24-də yenidən MTN-ə çağırılıblar. Orada onları saxlayıblar və iki gün sonra məhkəməyə çıxarıblar. Fevralın 26-da Səbayel rayon məhkəməsi saxlanılanların barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Hazırda onlar MTN-in təcridxanasında saxlanılır. Daha bir radikal dindar - Azad Qafarov isə fevralın 26-da MTN-ə çağırılıb. Fevralın 28-də Səbayel rayon məhkəməsi onun da barəsində həbs qətimkan tədbiri seçib.

Saxlanılanlardan Ömərov və Qafarov Cinayət Məcəlləsinin 167-2.2.1 maddəsi (qadağan olunmuş dini ədəbiyyat yaymaq), M.Qarayev, Səlim və Eyvaz isə 167-2.1 maddəsi ilə ittiham olunurlar. Göründüyü kimi, həbs maddəsi radikal qrupların döyüşlərə cəlb olunması deyil, qanunsuz ədəbiyyatın yayılmasıdır.

Bu arada redaksiyamıza son həbslərlə bağlı məlumat göndərilib. Məlumatda qeyd olunur ki, “Burhan” kitab mağazası Əlixan Musayevə məxsus olub, ancaq hüquq-mühafizə orqanları onu deyil, xalası oğlu Mübariz Qarayevi həbs edib. Məlumatda o da bildirilir ki, Ə.Musayevi məsuliyyətdən yayındıran DQİDK sədrinin müavini Siyavuş Heydərov olub. Daha əvvəl MTN-də çalışmış Siyavuş Heydərovun Allahşükür Paşazadənin köməyi ilə DQİDK-ə 3-cü müavin təyin edildiyi də məlumatda öz əksini tapıb.
Musavat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler