» » Dini problemə cərrahi müdaxilə-

Dini problemə cərrahi müdaxilə- İranda bakirəlik məsələsi

Bölmə: BLOK XƏBƏR
Dini problemə cərrahi müdaxilə-
Xalqinfo.az xəbər verir ki,İranda gənc qadının bakirəliyi böyük ictimai və mədəni əhəmiyyət kəsb edən məsələdir.


“qafqazinfo”nun BBC-ə istinadən məlumatına görə, bu, o qədər böyük məsələdir ki, qadınlar zifaf gecəsinin ərəfəsində bakirəliyin cərrahi yolla bərpasına əl atırlar.

‘Mən xəstəxanaya düşmüşdüm. Qəza keçirmişdim və çanaq sümüyüm sınmışdı. Dəhşətli ağrı içindəydim. Elə bu vaxt anam həkimlərdən mənim bakirəliyimin yerində olub-olmadığını soruşdu”.

Mahnaz İranın şimalında qəzaya düşəndə 21 yaşı olub. Həmin qəzada onun qardaşı və qardaşı arvadı həlak olublar. İran hakimiyyət orqanlarının gəldiyi nəticəyə inanılsa, Mahnaz bu qəzada həm də bakirəliyini itirib.



O deyir: “Anamın onlardan bakirəliyimi yoxlamağı xahiş etdiyi elə həmin gün İranın hüquqi tibb təşkilatından bir ekspert gəldi. Müayinədən sonra onlar bizə arayış verdilər ki, mən bakirəliyimi avtomobil qəzasında itirmişəm”.

Cəmiyyətdəki dəyişikliklərə baxmayaraq, İranda bir çoxları üçün bakirəlik çox mühüm məsələ olaraq qalır. Dini və mədəni adətlərə uyğun olaraq bir çox ailələr oğlanlarını evləndirdikləri qızın bakirə olmasını tələb edirlər.

İran İslam Respublikasında nikaha qədər cinsi əlaqə sadəcə tabu deyil, məhkəmələrdə baxılan cinayət əməlidir.

Əli Xamenei İranın ali rəhbəri və baş şiə ruhanisidir. O öz çıxışlarında tez-tez paklığın bir islami dəyər kimi mühümlüyündən söz açır və bakirəliyi “təmizliyin rəmzi” kimi müdafiə edir.

Bakirəlik İranda təkcə dini məsələ deyil. Onun mühümlüyü həm də mədəniyyət və ənənədən qaynaqlanır. Məsələn, bakirə qız atasının razılığı olmadan ərə gedə bilməz.

İranda qızın bakirə sayılması üçün onun qızlıq pərdəsinin toxunulmamış olması zəruridir və hüquqi tibb komissiyasından olan həkimlər də elə bu pərdənin tamlığını yoxlayırlar.



İranda bakirəliyin yoxlama prosedurlarının say statistikası aparılmayıb, lakin bu, qadın haqlarının müdafiəçiləri və sosial şərhçilər üçün mühüm məqamdır.

Belə bir müayinə-yoxlama bəzi ölkələrdə qadağan edilib. Lakin İranda bunu qadağan edən qanun yoxdur. Odur ki, İran məhkəmələri zorlamaları araşdırarkən və ya ər arvadının zifaf gecəsində bakirə çıxmadığını iddia edərsə, bakirəlik yoxlaması keçirə bilər.

Bəzi hallarda gəlinin ailəsinin özü belə bir müayinənin keçirilməsini istəyir.

Bu müayinədən sonra qızın ailəsi bəyin ailəsinə övladlarının bakirə olduğunu təsdiq edən həkim arayışı da verə bilər.

Belə bir arayış qızın ərə getməzdən əvvəl bakirə olduğunu təsdiq edir. Əgər sonradan münasibətlər pozulsa, bəyin ailəsi qızı günahlandırmaq üçün heç bir bəhanə tapa bilmir.

Sima nikahdan əvvəl bakirəlik yoxlanışından keçib. O deyir: “Mən bunu heç vaxt etmək istəməmişəm. Amma ailəm məni belə bir yoxlamaya məcbur edib. Anam hər gün ağlayır, atam əsəbiləşirdi. Axırda bezib razılıq verdim. Anam həkimdən aldığımız arayışı bəyin adamlarına verib dedi ki, narahat olmasınlar, qız bakirədir”.

Lakin bəzi İran qızları başqa yol tapıblar. Onlar nikahdan əvvəl sekslə məşğul olurlar, lakin sonradan kiməsə ərə getməyi qərara alanda və ya gələcək ərlərini onlar üçün ailələri seçəndə, qızlıq pərdəsinin bərpası üçün cərrahiyyə əməliyyatına müraciət edirlər.

Qızlıq pərdəsinin bərpası cərrahiyyəsi və ya elmi dildə himenoplastika çox sadə və risksiz bir əməliyyatdır. Qızlıq pərdəsinin toxumalarını yerli narkoz altında tikib bağlamaq yarım saat çəkir.



Doktor Elmi Tehranda işləyən ginekoloqdur. O deyir: “Biz kiminsə bakirəliyin bərpası əməliyyatından keçdiyini müəyyən edə bilirik. Lakin mən heç vaxt belə şeylərin üstünü vurmuram, çünki bəzi ailələr üçün bu çox mühüm məsələdir”.

Sənaz bu əməliyyatı üç il əvvəl keçirib. O deyir: “Mənim ailəm dindardır. Mən isə azad yaşamaq və öz bədənimin sahibi olmaq istəyirəm. Lakin belə bir şey mənim ailəmdə qadağandır. Mən sevdiyim oğlanla yatırdım, lakin biz evlənə bilməzdik. Odur ki, sevdiyim oğlan mənim üçün bir cərrah tapdı və mən əməliyyat olundum. Mən bu əməliyyatdan bir il sonra başqa bir adama ərə getdim və o, elə bilirdi ki, məni bakirə alıb”.

Səmayə də bu əməliyyatdan keçib. O deyir: “Kişi ilə qadının fərqi bundadır ki, oğlanlar istədikləri qədər sekslə məşğul olub, axırda bakirə qız tapmağa çalışa bilərlər. Biz də nikahdan əvvəl seks istəyirik. Bax, bu cərrahiyyə əməliyyatı bizə də belə bir imkan verir. İstədiyin qədər sekslə məşğul ol, sonra da bakirəliyini bərpa et. Əgər bu onlar üçün bu qədər mühümdürsə…”


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler